İribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndlənməsinə başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) tərəfindən ölkə ərazisində iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndlənməsinə start verilib.

Bu barədə Trend-ə Xidmətdən məlumat verilib.

Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində bruselyoz xəstəliyi əleyhinə 400 min doza miqdarında “S-19 “ peyvənd vasitəsi alınaraq iribuynuzlu heyvanlar arasında tətbiqinə başlanılıb. Bu peyvənd vasitəsi iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyini törədən “Brusella abortusa” qarşı immunitet yaradır.

Peyvəndlənmə DBNX-nin sahə baytar həkimləri tərəfindən göz-damcı üsulu ilə 3-8 aylıq dişi danalar arasında aparılır. Alimlərin son tədqiqatlarına əsasən, ştamm “S-19” peyvənd vasitəsinin iribuynuzlu heyvanlarda rast gəlinən “Brusella mellitenzisə”də qarşı əsasən uzunmüddətli immunitet yaradır.

Dövlət Xidmətinin mütəxəssisləri rayonlara ezam olunaraq, həkimlərə vaksinin istifadəsi və biotəhlükəsizlik qaydaları barədə təlim keçiblər. Peyvəndə cəlb edilən heyvanlar həkimlər tərəfindən qeydiyyata alınır və gulaqlarında xüsusi kəsik aparılmaqla nişanlanır.

Ötən il xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı “tam sürü” prinsipi ilə “Rev-1” göz-damcı üsulu ilə peyvəndlənməsi aparılıb və hazırda paralel olaraq bu tədbirlər davam etdirilir.

Qeyd edək ki, bruselyoz uzun müddət müalicə tələb edən, oynaq sisteminə təsir göstərən, çox zaman ağırlaşmalar və əlilliyə gətirən xroniki, təhlükəli xəstəlikdir. İnsanlar bu xəstəliyə heyvan mənşəli çiy qidalar – xüsusilə, çiy süd, duza qoyulmamış yeni hazırlanmış pendir və süd məhsullarının istifadəsi ilə, xəstə heyvanlarla təmasda olan, doğuş və sağım zamanı yoluxa bilərlər.

  "Yaşıl çay"