Torpaqdan daha səmərəli istifadə mərhələsi başlanır

Qadir Bayramlı: “Aqroparkların yaradılması yüksək məhsuldarlığa nail olmaq üçün yeni imkanların ortaya çıxması baxımından mühüm önəm kəsb edəcək”

2017-ci ilin ilk 6 ayı ərzində 32 müraciət üzrə 95 min hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilib. Bundan 81 min 739 hektar torpaq sahəsində 19 Aqroparkın yaradılması və 13 min 680 hektar torpaq sahəsində isə 4 iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulub. Bu fonda aqrar sahədə daha böyük həcmdə məhsul istehsalını gözləmək olarmı?

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, aqroparkların və iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə aqrar sektorda məhsul istehsalının artımına nail olmaq olar. Amma həmsöhbətimizə görə, təkcə bu addımların atılması ilə sözügedən məqsədə tam çatmaq mümkün deyil: “Azərbaycanda aqrar sahə məhsullarının istənilən həcmdə artımına nail olmaq üçün aqroparkların və bir neçə iri taxılçılıq təsərrüfatının yaradılması yetərli deyil. Məsələyə kökündən yanaşmaq lazımdır. Bütün respublika üzrə atılan addımlar fonunda aqroparkların sayı 40-ı keçməyəcək. Belədə istehsal və ixracat üçün təkcə onların olması yetərli deyil. 
Ölkədə məhsul istehsalının artırılması üçün həm aqroparkların, həm də böyük taxılçılıq təsərrüfatlarının yaradılması bu istiqamətdə atılan ilk müsbət önəmli addım kimi dəyərləndirilə bilər. Ölkədə kənd təsərrüfatını inkişaf etdirmək, məhsul istehsalını artırmaq, ixracat imkanlarını genişləndirmək üçün aqrar sahə üzrə yol xəritəsi də hazırlanıb. Burada da həm hədəflər, həm də prioritetlər müəyyənləşib. Önəmli olan onların yerlərdə necə həyata keçirilməsi məsələsidir. Bu tədbirlər lazımı şəkildə həyata keçirilərsə, hədəflərimizə nail ola bilərik. Ölkədə kənd təsərrüfatı məhsulları üzrə istehsalı və ixracatı artırmaq üçün bölgələrdəki aqrar sahə sahələrinin düzgün qiymətləndirilməsi, invertarizasiya edilməsi önəmlidir. Məsələyə məhz buradan başlamaq lazımdır. Həmçinin, bölgələrin coğrafi şəraiti də burada önəmli yer tutur. Yəni, məsələnin real həllinə nail olmaq üçün bölgələr üzrə coğrafi şərait də düzgün qiymətləndirilməlidir. Məhsul istehsalının artımına, aqrar sahənin inkişafına nail olmaq üçün ilk növbədə məhz torpaq sahəsi düzgün qiymətləndirilməlidir.     
On minlərlə hektar torpaq sahəsi var ki, həm erroziyaya uğrayıb, həm də şoranlaşıb. Həmin sahələrin böyük hissəsini dekorativ tədbirlərlə yaxşılaşdırıb yenidən kənd təsərrüfatına qazandırmaq olar. Bilirsiniz ki, sənayedən fərqli olaraq kənd təsərrüfatı iqlim şəraitinə daha çox bağlıdır.  Bu asılılığı azaltmaq yolunda atılacaq ən önəmli addım kənd təsərrüfatında istifadə olunan suvarma suyunun təminatının yaxşılaşdırılmasıdır. Onun üçün də sovet dövründə qurulan bir çox köhnəlmiş suvarma şəbəkələri dəyişdirilməlidir. Çünki, köhnəlmiş suvarma şəbəkələrində həddən çox miqdarda su itkiyə gedir. Onun qarşısını almaq üçün suvarma şəbəkələri yenilənməlidir. Həmçinin, aqroparklarla taxılçılıq təsərrüfatlarının daha müvəfəqiyyətlə çalışmaları üçün fermerlərə olan diqqət artırılmalıdır. Fermerləri güzəştli şərtlər və uzun müddətə aşağı faizlərlə kreditlərlə təmin edə biləriksə, bu, mühüm addım ola bilər. Hesab edirəm ki, kənd təsərrüfatında çalışanlar üçün təşviqedici addımlar yetərli deyil. Böyük təsərrüfatlarda aqrotexniki tədbirlər görülür. Amma bu tədbirlərin də düzgün aparılması vacibdir. O biri tərəfdən fermerlər ucuz kənd təsərrüfatı texnikası, toxum, gübrə, ziyanvericilərə qarşı istifadə edilən preparatlarla təmin olunmalıdır. 

Bu fonda aqroparkların yaradılması ölkədə məhsuldarlığın artımına nail olmaq, həm də fermerlərin imkanlarının artımı üçün yeni imkanların ortaya çıxması baxımından mühüm önəm kəsb edəcək. Bu məsələlərin daha uğurlu şəkildə reallaşdırılması üçün qarşıya qoyulan məsələlər düzgün həllini tapmalıdır. Dövlət proqramı və yol xəritələrində kənd təsərrüfatına dair önəmli təkliflər yer alıb. Onların düzgün həyata keçirilməsi bu fonda əhəmiyyətli məsələdir. Proses düzgün həyata keçirilər, fermerlər uzun müddətli güzəştli kreditlə təmin olunarlarsa, ölkədə taxılçılıq sahəsində məhsuldarlığı 25-30 sentnerdən 40 sentnerə qədər qaldırmaq və istehsalın həcmini artırmaq olar”. 

"Mövqe"