“Yaşıl çay” fermer təsərrüfatının rəhbəri: Çalışacağıq ki, çayçılığın əvvəlki şöhrətini bərpa edək

Son illər ölkəmizdə qeyri-neft sektorunun, xüsusən də aqrar bölmənin inkişafı ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinin uğurlu icrası əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə edilməsinə, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, çayçılığın və çəltikçiliyin inkişafına münbit şərait yaratmaqla, ölkədə ərzaq bolluğuna səbəb olub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Lənkərandakı “Yaşıl çay” fermer təsərrüfatının rəhbəri Araz Yağubov bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin sentyabrın 12-də imzaladığı “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizin cənub bölgəsində kənd təsərrüfatının aparıcı sahələrinin inkişafı üçün möhkəm zəmin yaradır. Sərəncama əsasən İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə çayçılıq sahəsinin inkişafının davamlı olaraq dəstəklənməsi, fermerlər, tədarükçülər, emalçılar və ixracatçıların dövlət orqanları ilə qarşılıqlı əlaqələrinin daha səmərəli təşkili üçün çay istehsalçıları və ixracatçıları assosiasiyasının yaradılması ilə bağlı müvafiq tədbirlər görməli, sitrus meyvələri, çay və çəltik istehsalçıları və emalçılarının investisiya layihələrinin qanunvericiliyin tələbləri nəzərə alınmaqla, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə maliyyələşdirilməsini təmin etməlidir. Eyni zamanda, qabaqcıl texnologiyalar tətbiq etməklə sitrus meyvələri, çay və çəltik istehsalının artırılmasına, emal və qablaşdırma müəssisələrinin yaradılmasına və inkişafına dəstək, o cümlədən bu sahəyə qoyulan investisiyaların təşviqi davam etdirməlidir. Bundan başqa, sitrus meyvələri, çay və çəltik istehsalı ilə məşğul olan sahibkarların istehsal etdikləri məhsulların ixrac potensialının artırılmasına, mümkün tərəfdaşların tapılmasına və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsinə, iş adamlarının ixracla bağlı biliklərinin artırılmasına dəstək tədbirləri daha da genişləndiriləcək.

“Sitrus meyvələri, çay və çəltik məhsullarının istehsalının inkişafına kompleks yanaşma, əlaqədar qurumların qarşısında qoyulan vəzifələrin icrası məhsul istehsalında daha yüksək nailiyyətlərə gətirib çıxaracaq. Biz də çalışacağıq ki, bu işdə geri qalmayaq, çayçılığın əvvəlki şöhrətini bərpa edək, bununla da ölkəmizin inkişafına öz töhfəmizi verək”, - deyə fermer qeyd edib.

Sentyabrın 2-də Prezident İlham Əliyevin Lənkərana növbəti səfəri çərçivəsində “Yaşıl çay” fermer təsərrüfatının çay plantasiyalarında olmasını rəhbərlik etdiyi kollektiv üçün tarixi hadisə adlandıran A.Yağubov ötən il çay sahələrindən 90 ton əla növ yaşıl çay yarpağının toplanıldığını, bu il 16 çeşiddə ekoloji cəhətdən təmiz çayların satışa çıxarıldığını diqqətə çatdırıb.

Fermer təsərrüfatının rəhbəri deyib: “Sentyabrın 12-də imzalanan Sərəncam ölkəmizin cənub bölgəsində ənənəvi əkin sahələri olan çayçılıq, sitrusçuluq və çəltikçiliyin inkişafına təkan verəcək. 61 hektarda çay plantasiyası salmışıq. Növbəti illərdə çay sahələrini 100 hektara çatdırmağı düşünürük. Dövlətimizin başçısının ölkədə çayçılığın inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq bu il 5, 2018-ci ildə isə 10 hektar sahədə ən müasir texnologiya ilə sıxlaşdırılmış yeni çay plantasiyası salmağı, 30 hektarda isə çəltik əkini aparmağı planlaşdırırıq. 

https://azertag.az/xeber/