Bizdən yazırlar. “Yaşıl Çay”ın böyük gələcəyi var

Lənkəran rayonundakı “Yaşıl Çay” MMC gənc təsərrüfatlardandır. 2015-ci ildə ilk dəfə seçmə üsulu ilə yığım aparan “Yaşıl Çay”ın sahələrindən bu il daha bol məhsul gözlənilir. Təsərrüfatın ümumi çay əkini sahəsi 61 hektardır, gələcəkdə isə bunun 100 hektara çatdırılması nəzərdə tutulub. 

Yığılan çay yarpağı müəssisənin nəzdindəki istehsal sahəsində emal edilir və yüksək keyfiyyətli “Lənkəran  çayı” brendi altında satışa göndərilir.

“Yaşıl Çay” getdikcə öz fəaliyyətini şaxələndirir. Belə ki, dövlətin kənd təsərrüfatının inkişafını prioritet elan etdiyini əsas götürərək burada baramaçılığa da yer verməyi qərara alıblar. Qısa vaxtda torpağa 12 min tut tingi basdırılıb. Təsərrüfatın fermalarında sağlam malqara saxlanılır. Tərəvəz sahələrindən  bol məhsul götürülür.

Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin sentyabr ayında Lənkəran rayonuna səfəri çərçivəsində “Yaşıl Çay” MMC-nin plantasiyaları ilə də tanış olub, təsərrüfatın əməkçiləri ilə söhbət edib. Bu görüşlərdə qeyd edilib ki, “Yaşıl Çay” böyük perspektivləri olan təsərrüfatdır.

Şəkillərdə: 1. Yeni salınmış çay sahələrində belləmə işləri aparılır.

2. Fermer təsərrüfatının başçısı Araz Yaqubov plantasiyaları nəzərdən keçirir.

 

“Azərbaycan”

Foto Fərman BAĞIROVUNDUR