“Tuədo çay” MMC uğurlarını artırır

Reportaj

Bu gün Lənkəran rayonunda çayçılığın yenidən dirçəldilməsi istiqamətində böyük işlər görülür. Dövlət başçısının bu istiqamətdə gördüyü ardıcıl tədbirlər çayçılıqda da böyük canlanmaya yol açıb. Ötən il Lənkəranın ucqar dağ kəndində “Tuədoçay” MMC-nin yaradılması da bu fəaliyyətin bəhrəsidir. Təsərrüfatla yaxından tanış olmaq məqsədilə "Yaşıl çay" MMC-nin rəhbəri Araz Yağubovun təşəbbüsü ilə yüksək dağlıq ərazidə yerləşən rayon mərkəzindən 50 km məsafədə yerləşən Tuədo kəndində olduq. Əvvəcə kənd sakinləri ilə görüşdük. Onlara "Yaşıl çay" jurnaılının son nömrəsini təqdim etdik. Və təbii ki, ötən ildən fəaliyyətə başlayan "Tuədo çay" MMC-nin rəhbəri təcrübəli iş adamı Mirismayıl Hüseynovla görüşdük. Qeyd edək ki,  Tüədo kəndi dəniz səviyyəsindən 1000 metr hündürlükdə yerləşir. Kənd cənub və cənub-qərbdən Lerik meşələri ilə şimaldan Masallı meşələri ilə, şərqdən isə Lənkəranla həmsərhəddir. Lənkəranın ucqar dağ kəndlərindən biri olan Tüədo kəndində sovetlər dönəmində salınan bu çay plantasiyasının əks tərəfində Talış dağlarının 3-cü ən hündür zirvəsi Dızhoni yüksəkliyi yerləşir.   İş adamıyla birlikdə dağların ətəyində 25 ildən sonra yernidən bərpa edilən çay plantasiyaları ilə böyük maraqla tanış olduq. İnsan əməyinə heyran qala bilmirsən. Sadəcə bir qədər diqqət və qayğı lazımdır ki, bu çay sahələri əvvəlki şöhrətini bərpa edə bilsin. Cənab Prezident İlham Əliyevin dediyi kimi burada terras üsulu ilə çayçılığın inkişafı üçün böyük perspektivlər var. Dövlət başçısının iş adamlarına hər cür dəstək göstərilməsi ilə bağlı tapşırıqları regionlarda sahibkarlıq fəaliyyətinə böyük təkan verib. “Aqrar sahəninin inkişafı ilə bağlı yol xəritəsi”, Dövlət başçısının sentyabrın 2-3-də cənub bölgəsinə səfəri və burada keçirdiyi geniş müşavirədə çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə bağlı verdiyi tövsiyə və tapşırıqlar, nəhayət sentyabrın 12-də bu sahələrini inkişafı ilə bağlı Sərəncamı çayçılığın inkişafında da yeni mərhələ açır.

Təsərrüfatın rəhbəri Mirismayıl Hüseynov görüş zamanı bildirdi ki, 1980-ci ildə Füzuli adına sovxozun ərazisi kimi salınan bu çay plantasiyaları ötən ilə kimi istifadəsiz və baxımsız vəziyyətdə idi. Burada sovet dönəmində 150 ton çay yarpağı dərilirdi.  Ölkə başçısının sahibkarların fəaliyyəti üçün yaratdığı şəraitdən istifadə edərək baxımsız qalan bu ərazilərdə çayçılığı inkişaf etdirməyə başladıq: “Son vaxtlara qədər yəni bizim hörmətli cənab Prezidentin orta və kiçik sahibkarlara yaratdığı münbit şəraitdən istifadə edərək biz də kəndimizdə “Tüədoçay” MMC- ni yaratmışıq. Tüədo kəndinin Şimal-Qərb hissəsində dağlıq ərazidə yerləşən ümumilikdə 40 hektar sahəni əhatə edən çay plantasiyalarının 30 hektarında bərpa işləri yekunlaşıb. Hazırda təsərrüfatımızda yerli adamlardan 90 nəfəri bu sahədə işləyir. Ötən il uzun fasilədən sonra burdan 17 ton keyfiyyətli yaşıl çay yarpaöı topladıq. Yeni çay sahələri salmaq, köhnə sahələrdə seyrəkliyi bərpa etmək üçün elit toxumlardan tinglik salmağı düşünürük. Təxminən 400 nəfərə yaxın sakini olan Tüədo kəndində çay plantasiyasının 60 hektara çatdırılması, bundan sonra isə kiçik çay emalı fabrikinin tikilməsini nəzərdə tuturuq. İndiyədək bütün işləri daxili imkanlar hesabına gördüklərini söyləyən Mirismayıl Hüseynov dövlət dəstəyi hesabına fəaliyyətlərini daha da genişləndirməyə, kiçik emal sexi yaratmağa  ümid etdiklərini bildirir. Belə olan halda daha 100-ə yaxın kənd sakininin işlə təmin edilməsi mümkün olacaq. Söhbətə “Yaşıl çay” FT MMC-nin direktoru, tanınmış sahibkar Araz Yağubov qoşularaq bildirdi ki, biz də 2006-cı ildə böyük çayçılıq ənənələrinə malik indiki İstisu qəsəbəsində təsərrüfatımızı yaratdıq. 2012-cı ildən bu yana 61 hektarda çay plantasiyası salmışıq. Mini çay emal seximiz fəaliyyət göstərir. Hazırda 16 adda yüksək keyfiyyətli orqanik çay istehsal edirik. “Tuədo çay” MMC-nin də perspektivləri böyükdür. Beləki təcrübəmizə əsasən deyə bilərəm ki, təsərrüfatın inkişafı üçün mini çay emalı sexinin yaradılması çox vacibdir. Həmçinin relyefə uyğun olaraq burada terras üsulu ilə plantasiyaların salınması ən doğru variant olardı. Belədə məhsuldarlıq artar, mini emal sexinin yaranması ilə təsərrüfatın gəlirləri çoxalar, nəticədə iş yerlərinin sayını artırmaq mümkündür.“

Əlavə edək ki, “Tüədo Çay” dəniz səviyyəsindən 1000 metrə qədər yüksəklikdə, dağ ətəyində və zəngin meşələrin əhatəsində yerləşən çay plantasiyalarda dəmyə üsulu ilə becərilən çay kollarından əl ilə yığılır, texnoloji qayda və standartlara riayət olunmaqla istehsal olunur. Tərkibində rəng, hər hansı kimyəvi və ya digər qatqılar və əlavələr olmayan “Tuədoçay” MMC-nin istehsalı olan “”Qızıl buket”, “Super buket”, “İnci”, “Çayrud”, “Ekstra”, “Mərcan” və digər növ çaylar yüksək keyfiyyəti ilə seçilir.

Sovet dönəmində uzun illər aqrar sahədə rəhbər vəzifələrdə çalışan, torpağa bağlı insan olan Mirismayıl Hüseynovdan xoş təəssüratla ayrılırıq. İnanırıq ki,  İnsanların istəyi, dövlətin dəstəyi olan yerdə inkişaf da mütləq olacaqdır. Çayçılıqda da həmçinin.

Sərraf Talıbov,

“Yaşıl çay” jurnalının redaktoru