“Yaşıl çay” MMC-də çay əkini davam edir

 

 

  “Yaşıl ay” FT MMC-də çay əkininə start verilib. "Yaşıl çay"ın məlumatına görə, çaybecərənlər əlverişli hava şəraitindən istifadə edərək çay əkinini qısa müddətdə başa çatdırmağa çalışırlar. Təsərrüfatın rəhbəri Araz Yağubov deyir ki, 61 hektar çay plantasiyamız var. Ən yaşlı sahələrimizin cəmi 5 yaşı var. Çay bitkisi 7-8 illiyində məhsul verməyə başlayır. Artıq 41 hektar sahədən məhsul yığılır. Çayımız  ekoloji cəhətdən təmiz, tərkibinə görə ən keyfiyyətli xarici çaylardan geri qalmır. Cənab Prezident İlham Əliyevin bu il sentyabrın 2-də təsərrüfatımızda olması bizi bu perspektivli sahəni daha da genişləndirməyə ruhlandırıb. Qərara almışıq ki, cari ildə daha 5 hektar sahədə yeni çay plantasiyası salaq. Artıq bir neçə gündür ki, çay əkini başlanıb.  Çay əkiləcək sahələr yüksək aqrotexniki qaydada hazır vəziyyətə gətirilib. Əkini qısa müddətdə başa çatdırmaq üçün işçilərimiz qüvvələrini əsirgəmirlər. İndiyədək 2 hektara yaxın sahədə çay əkini keçirmişik. 

Qeyd edək ki, ölkəmizdə çaya tələbat ilbəil artır. Çayın böyük əksəriyyəti isə, təssüf ki, hələlik xaricdən idxal olunur. Lakin, son illər bir çox sahələrdə olduğu kimi, çay istehsalı sahəsində də irəliləyiş nəzərə çarpır. Sentyabrın 3-də Lənkəranda cənab İlham Əliyevin sədrliyi altında “Çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafına həsr olunan müşavirə” cənub bölgəsində ənənəvi sahələrin inkişafına marağını xeyli artırıb. Çayçılığı bərpa etməyi qarşısına məqsəd qoyan “Yaşıl çay” fermer təsərrüfatı da uğurlarını ildən-ilə artırır. Müəssisə bu il 5 hektarda, 2018-ci ildə daha 10 hektarda çay əkini keçirməklə növbəti illərdə plantasiyaların ümumi həcmini 100 hektara çatdırmağı və il ərzində 500-600 ton yaşıl çay yarpağı yığmağı planlaşdırır.

  Sərraf Mirsəfəroğlu