“Yaşıl çay” fermer təsərrüfatında yeni tut bağları salınır

Azərbaycanda vaxtilə yüksək gəlir gətirən, 150 min nəfərin çalışdığı baramaçılıq sahəsi son 20-25 ildə ciddi tənəzzülə uğramışdı.  Hazırda Cənab İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı götürdüyü xətt baramaçılığın inkişafına da ciddi təkan verib. Lənkəranda da bu sahənin yenidən dirçəldilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizdə ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən, ötən ildən Çin Xalq Respublikasından tut tingləri gətirilir.Həmin tinglərdən 40 min ədədi Lənkəran rayonuna ayrılmışdı. Bu sahəyə ciddi diqqət və maraq göstərən “Yaşıl çay” MMC 2016-cı ildə 1,2 hektarda 12 min ədədə yaxın tut tingi əkib. Bu il də dövlət xətti ilə Çin Xalq Respublikasından gətirilən tut tinglərindən 9 min ədədi Lənkərana ayrılıb. Həmin tinglərin hamısı“Yaşıl çay” fermer təsərrüfatına verilib. Əkin aparılacaq sahələrdə qabaqcadan şumlama, hamarlama işləri aparılıb. Dekabrın 1-də İstisu qəsəbəsində “Yaşıl çay” FT MMC-də tut tinglərinin əkininə start verilib. Təsərrüfatın rəhbəri Araz Yağubov qeyd edib ki,  Ölkə rəhbərliyinin çağırışına cavab olaraq tut əkiləcək sahələr yüksək aqrotexniki qaydada hazırlanıb və rayon üçün ayrılmış 9 min tut tinginin hamısı təsərüfatımızda bu məqsədlə hazırlanmış sahələrdə əkilir. Həmçinin ötən il əkilmiş tut tinglərinə düzgün aqrotexniki qulluq göstərilidiyindən ağacların inkişafında yüksək nəticələr əldə edilib. Yaxın günlərdə isə həmin ağacların budaqlarından klon üsulu 100 min ədəd tut tinginin hazırlanıb sahələrə köçürülməsi nəzərdə tutulub.  Bu işdə hazırda rayonda olan Çin mütəxəsislərinin köməyindən istifadə ediləcək.

Qeyd edək ki, çoxprofilli təsərrüfat olan “Yaşıl çay” fermer təsərrüfatında çayçılıq, heyvandarlıq, sitrusçuluq tərəvəzçilk və digər sahələr  də müvəffəqiyyətlə inkişaf etdirilir. Tut ağaclarının əkini ilə təsərrüfatda yeni iş yerlərinin açılması nəzərdə tutulur.

Hazırda tut tingi əkini davam etdirilir.

Sərraf Talıbov