Lənkəranın istixana təsərrüfatlarında pomidor yığımına başlanılıb

Bir neçə gündür Lənkəranın istixana təsərrüfatlarında yetişdirilən pomidorun yığımına başlanılıb.

Hazırda bazarda olan qiymətlər təsərrüfatçıları qane edir. Qiymətləri tənzimləyən əsas amil isə bazarlarda pomidora olan tələbatdır. Pomidor satış üçün əsasən ətraf rayonlara və paytaxt bazarına çıxarılır.

Təsərrüfat Sahibi Elşən Məmmədov çəkilən zəhmətin hədər getmədiyini, məhsulun yerli bazarda münasib qiymətə satıldığına görə, xarici bazarlara çıxarmadıqlarını bildirib. Qeyd edib ki, kakos tərkibli torpaqda əkilmiş pomidor şitilinin məhsuldarlığı dərim dövründə 7-8 kiloqram olur. Yaxşı qulluq göstərilərsə 1 hektardan 130-140 ton məhsul götürmək mümkündür.

Əlavə edək ki, istixana şəraitində çiçəyin tozlanmasında arılardan istifadə olunur. İki hektar istixana təsərrüfatına 16 qutu arı ailəsi qoyulur. Arılar çiçəkləri tozlandırır və nəticədə bol məhsul yetişir. 

Lənkəranın istixana təsərrüfatlarında məhsul yığımı may ayının sonunadək davam edəcək.

  "Yaşıl çay"