Çinli mütəxəssislər “Yaşıl çay” MMC-də tut tinglərinin budanması ilə bağlı səyyar təlim keçiblər

Hazırda ölkəmizdə baramaçılığın yem bazasının formalaşdırılması, tut tinglərinin tədarükü, barama toxumçuluğunun təşkili istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Dövlət başçısının tapşırığı əsasında baramaçılığın inkişaf etdirilməsi üçün ötən il 1,5 milyon ədəd, bu il isə daha 1 milyon ədəd tut tingi gətirilərək rayonlara paylanıb.

Yeni intensiv tipli tut bağlarının salınması məqsədi ilə keçən il 40 min ədəd, bu il isə 9 min tut tingi Lənkəran rayonuna ayrılıb. Rayonda keçən il ən çox tut tingi, 12 min ədədi “Yaşıl çay” fermer təsərrüfatı MMC-yə ayrılıb. Bu il isə rayona ayrılan 9 min tut tinginin hamısı “Yaşıl çay”  təsərrüfatında əklib. Dekabrın 11-də Çinin "Shandong Guangtong Silkworm Eggs Co" LTD şirkətinin mütəxəsissləri Li Çi Lyan, Sun Ting Ju, şəhər icra hakimiyyətinin nümayəndələri, rayon Kənd Təsərrüfatı idarəsinin müdiri Tofiq Rzayev, idarənin mütəxəsisləri və ərazisində tut tingi əkini keçirilmiş icra nümayəndələri və başqaları  “Yaşıl çay” fermer təsərrüfatında olublar. Çinli mütəxəssislər çay tinglərinin budanmasını əyani surətdə nümayiş etdiriblər. Qonaqları salamlayan təsərrüfatın rəhbəri Araz Yağubov bildirib ki, çoxprofilli təsərrüfat olan “Yaşıl çay” müəssisəsi cənab İlham Əliyevin çağırışına cavab olaraq ötən il 1,2 hektarda 12 min ədəd tut tingindən ibarət tut bağı salıb. Bununla da təsərrüfatda yeni bir sahənin-baramaçılığın yem bazasının əsası qoyulub.  Bu il isə daha 9 min ədəd çin mənşəli tut tingi əklib.

Sonra çinli mütəxəssislər tut tinglərinin budanması texnikasını əyani surətdə nümayiş etdirib, tövsiyyələrini veriblər. Fermerləri maraqlandıran çoxsaylı suallara ətraflı cavab verilib.

Təlim zamanı Araz Yağubov əlavə edib ki, "Yaşıl çay FT MMC bu il rayona ayrılan 9 min tut tinginin əkinini uğurla başa çatdırıb. Bundan əlavə ötən il əkilən tut tinglərinin budanmasından alınan budaqlardan 90 min ədəd tut tingi hazırlanaraq yeni tut plantasiyası salınacaqdır. Hazırda təsərrüfatda növbəti il üçün barama tutmaq üçün kümxananın tikintisinə başlanıb.

Ötən il əkilən tinglərə göstərilən aqrotexniki qulluqdan və əldə edilən nəticələrdən razı qalan çinli mütəxəssislər bildiriblər ki, respublikanın heç bir təsərrüfatında “Yaşıl çay” MMC-də olduğu kimi tut tinglərinin inkişafında bu cür yüksək inkişaf əldə edilməyib.

Sonda  təsərrüfatın rəhbəri Araz Yağubov çinli qonaqlara təsərrüfatın istehsalı olan çaylardan nümunələr və “Yaşıl çay” jurnalı təqdim edib. Çinli mütəxəssislər isə Araz Yağubova tinglərin budanmasında istifadə edilən rəmzi qayçı hədiyyə veriblər.

Sonda qonaqlarla xatirə şəkilləri çəkilib.

  Sərraf Talıbov