Bu gün Beynəlxalq Çay günüdür

Çay Bayramınız mübarək!

Hər il dekabrın 15-də Təhsil və Ünsiyyət Mərkəzinin (Centre for Education and Communication) təşəbbüsü ilə Beynəlxalq çay günü adlı qeyri-rəsmi bayram keçirilir.

 "Çay günü"nü qeyd etmək uzun illər müzakirə mövzusu olsa da, bunu yalnız 2004-cü ildə Hindistanın Mumbay şəhərində və 2005-ci ildə Braziliyanın Portu-Aleqri şəhərində keçirilən Ümumdünya İctimai Forumlarından (World Social Forum) sonra reallaşdırmaq mümkün olub. O vaxtdan hər ilin 15 dekabrında müxtəlif ölkələrdə çay bayramları keçirilir.

Çay ağacının vətəni Çin hesab edilir. Məhz çinlilər yarpaqdan hazırlanmış həlimin insan orqanizmi üçün faydalı təsirlərinə diqqət yetirmiş və bu bitkinin becərilməsinə başlamışlar. Çayla bağlı ilk xatirələrə təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında rast gəlinir.
Çay bitkisi ilk dəfə 1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda, o vaxtki Kirov, İndiki İstisu qəsəbəsində tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.

Çayçılığın geniş vüsət alması isə Heydər Əliyev dönəmində başlanıb - 1970-82-ci illərdə ölkədə çayın həm maddi, həm də texniki bazası yaradılıb

.

O zaman yerli çay mütəxəssisləri hazırlanırdı və hər il 10-12 nəfər xaricə təhsil almağa göndərilirdi. Bu illərdə istifadəyə verilmiş "Xanbulançay", "Viləşçay" kimi dəryaçalar məhz çayçılığın inkişafı üçün tikilmişdi. 

Azərbaycanda 1970-1980-ci illərdə 36 min hektar sahədə çay əkilib becərilib və 34 min tondan çox çay istehsal edilib. Həmin vaxt 15 zavod tikilib istifadəyə verilib. Azərbaycanda yerli çayın istehsalı 1980-ci illərin ortalarında maksimuma çatıb. Həmin vaxt bu göstərici 8,6 min ton, çay kolluqları sahələri isə 13,4 min hektar olub. 300 milyon əhalisi olan SSRİ-nin çaya təlabatının 8-10 faizi Azərbaycan çayı hesabına ödənilib. O dövrdə Azərbaycanın cənub bölgəsində çay emalı ilə məşğul olan 10-dan çox fabrik var idi. Eyni zamanda Bakıda və Lənkəranda çayı qablaşdıran iki nəhəng fabrik fəaliyyət göstərir, bu müəssisələrdə minlərlə işçi çalışırdı. Yaxın keçmişdə çay istehsalı və emalında 65-70 min adam işləyib.

Lənkəran çayı 1981-ci ildə Almaniyanən Leypsiq şəhərində keçirilən müsabiqədə "Azərbaycan buketi" mükafatına və qızıl medala layiq görülüb.

Təəssüf ki, durğunluq illərində çayçılığa da ciddi ziyan vuruldu. Çay sahələri məhv edildi. Lakin sonralar bu strateji sahəyə diqqət artırıldı. Qeyd edək ki, Milli Məclis 2003-cü ildə "Çayçılığın inkişafı haqqında" qanun qəbul edib. Bu sahənin inkişaf istiqamətlərini müyyənləşdirdi.  Mən də 2006-cı ildə yaşadığım İstisu qəsəbəsində çayçılığın yenidən bərpası məqsədilə “Yaşıl çay” FT MMC-ni yaratmışam.  2011-ci ildə 40 hektarda, sonrakı illərdə isə daha 21 hektarda məhsuldar “Kolxida sortundan olan çay plantasiyaları salmışıq. Bütün sahələrdə daxili suvarma sistemi qurmuşuq. Ötən illərdə çəkdiyimiz zəhmət hədər getməyib.  2015-ci ildə ilk dəfə olaraq seçmə üsulla çay yığımı apardıq. 2016-cı il isə bizimçün daha uğurlu oldu. 40 hektar sahədən 90 tona yaxın yüksək keyfiyyətli yaşıl çay yarpağı yığmağa müvəffəq olduq.  Çay yarpağı yetişdirməklə yanaşı onun emalı üçün də tədbirlər gördük. Mini çay emalı sexində “Buket çayı, Gül çayı, Narın çay, Feyxoa çayı kimi ilk məhsullarımızı qablaşdırıb satışa çıxartdıq. Ekoloji cəhətdən təmiz, keyfiyyətli məhsullarımız istər mütəxəssislər, istərsə də əhali tərəfindən yüksək qiymətləndirildi. Artıq istehsal etdiyimiz çay məhsullarının sayını 16-ya çatdırmışıq. Yüksək keyfiyyətli “Buket”, “Pürrəngi çay”, “Məxməri çay”, ” Xan çayı”, “Narın çay”, “Ekstra”, “Premium” və müalicəvi “Feyxoa çayı”,” Zəncəfil çayı”, “Zəncəfil qold”, “Limonlu çay”, “Nanəli çay”, “Kəklikotulu çay” və “Tibet çay” alıcılara təqdim olunur.

 2017-ci il isə istər təsərrüfatımız, istərsə də mənimçün ən uğurlu, yaddaqlan illərdən oldu. Belə ki, cənab Prezident İlham Əliyevin sentyabrın 2-də təsərrüfatımızda olması, çay sahələrimizə baş çəkməsi, bizə ən böyük mükafat oldu. Cənab Prezidentlə söhbət zamanı bildirdim ki, çay sahələrimizi daha da artırmaq üçün bütün imkanlarımı səfərbər edəcək,yaxın illərdə ümumi çay sahələrini 100 hektara çatdıracağam. Artıq bu sahədə işlərimiz davam edir. Bu il həm ənənəvi üsulla, həm də Azərbaycanda ilk dəfə olaraq yapon texnologiyası əsasında sıxlaşdırılmış əkin keçirmişik. Növbəti ildə daha 30 hektarda çay əkini keçirməyi planlaşdırmışıq. Bununla da ümumi çay sahələrini 100 hektara çatdıracağam.

Çay çoxillik bitkidir. Yaxşı qulluq etsən 100 ilə yaxın yaşayır. Çayçılığ daimi iş yerləridir. Xüsusən də qadınlarımızın daimi işlə təmin olunmasında çayçılığın tayı-bərabəri yoxdur. Çay şəfalı içkidir. Min bir dərdin dərmanıdır.

Bu gün Beynəlxalq Çay bayramıdır. Bu bayram, təkcə biz çay istehsal edənlərin deyil, həm də bütün çaysevərlərin bayramıdır. Yəni ümumxalq bayramıdır. Bu bayram günündə bütün həmkarlarımı, evindən, süfrəsindən çay əskik olmayan bütün insanları  təbrik edib deyirəm: Süfrənizdən ətirli çayınız əskik olmasın, əziz çay həvəskarları!

Araz Yağubov,

“Yaşıl çay” FT MMC-nin direktoru