“Çalışacağıq ki, 2018-ci ildə daha böyük uğurlara imza ataq”

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd olunması ilə bağlı tarixi qərar o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da verilib. Bu, uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılması, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıcı idi. Əslində bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli qoyuldu. 2001-ci il noyabrın 9-10-da Bakıda dünya azərbaycanlılarının I qurultayı keçirildi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi bir kəlam isə dilllər əzbərinə döndü... “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam»-deyən ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının I qurultayında söylədiyi fikirlər bu gün də hər bir azərbaycanlının milli qürur hissinin ifadə formasına çevrilmişdir. Hazırda Prezident İlham Əliyev də Ulu öndərin bu estafetini də uğurla davam etdirir. Prezident İlham Əliyev  xarici ölkələrdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını dövlətin başlıca vəzifəsi hesab edir. 
İl artıq başa çatır. Aqrar sahədə çalışan bir sahibkar kimi 2017-ci il bizim üçün uğur ili kimi yadda qaldı.  Cənab Prezidentin bu sahənin inkişafı ilə bağlı götürdüyü strateji xətt uğurla davam etdirildi. İlk uğurlar pambıqçılıqda əldə edildi. Çünki aqrar sahənin strateji və ölkəyə valyuta gətirən sahələrindən biri kimi pambıqçılıq yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul istehsalında yüksək göstəriciyə malik sahələrdən biridir. Dövlət başçısı İlham Əliyevin ardıcıl dəstəyi sayəsində ölkədə pambıqçılıq öz keçmiş şöhrətini bərpa edə bildi.

İxracyönümlü bitkiçilik məhsullarından biri də tütünçülükdür. On beş rayonda tütün əkinləri üçün meliorativ cəhətdən əlverişli olan torpaq sahələri müəyyənləşdirilib, həmin rayonlar üzrə tütün əkinləri aparılıb. “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası” təsdiq edilib. Ölkədə fındıqçılıq sahəsinin sürətli inkişafı ilə bağlı tapşırıqlara uyğun olaraq yeni salınacaq fındıq bağları üçün müvafiq ərazilər müəyyən edilib. Baramaçılığa dəstək aqrar sahənin inkişafında prioritet təşkil edir. 2017-ci ildə ölkədə yaş barama istehsalını təmin etmək üçün kümçülərin yüksək keyfiyyətli tut tingləri ilə təchiz edilməsi məqsədilə Çin Xalq Respublikasından 1,5 milyon ədəd məhsuldar, tut tingləri alınaraq ölkəyə gətirilib. Ötən il mən də bu dəstəkdən yararlanıb 1,2 ha sahədə 12 min ədəd tut tingi əkmişəm. 2017-ci ildə isə daha 10 740 ədəd Çindən gətirilən tut tingindən plantasiya salmışam. Həmçinin ölkədə ilk dəfə təsərrüfatımızda ötən il əkdiyimiz çin mənşəli tut tinglərindən 100 min ədəd çiling hazırlayaraq yeni plantasiyalar salmışıq. Bununla yanaşı yeni kümxananın tikintisi sürətlə davam edir.

Təsərrüfatımızın əsasını isə çayçılıq təşkil edir.

Bu il sentyabrın 3-də Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirildi. Bu müşavirə ürəyimizdən xəbər verdi. Dövlətimizin başçısı qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafının prioritet olmasını bir daha vurğulayaraq, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə ixracyönümlü sahələrin, o cümlədən çayçılığın, sitrus bitkilərinin və çəltikçiliyin inkişafı ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verdi. Cənab Prezident müşavirədən bir gün əvvəl təsərrüfatımızda oldu. Kollektivimizlə görüşdü. Çay, tut plantasiyalarımızdan xeyli razı qaldı. Bu, bizi daha yaxşı işləməyə ruhlandırdı. Bu il tut əkini ilə yanaşı, çay plantasiyalarımızı da genişləndirdik. İlk dəfə olraq 2 ha sahədə sıxlaşdırılmış yapon üsulu ilə çay əkini keçirdik. Həmçinin 5 hektarda ənənəvi üsulla da yeni çay plantasiyası, ilk dəfə yeni sitrus bağları saldıq. İlk dəfə seximizdə 16 növdə yüksək keyfiyyətli ekoloji cəhətdən təmiz çay məhsulları istehsalına nail olduq.

Dövlətimizin başçısı, ölkədə sitrus meyvələri, çay və çəltik istehsalının inkişafının sürətləndirilməsi, bu sahənin potensial imkanlarından daha səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması məqsədi ilə 2017-ci il sentyabrın 12-də “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam da imzaladı. Beləliklə də qeyd olunan sahələrdə gələcək uğurların təməli qoyuldu.

Göründüyü kimi, ölkəmizdə aqrar sektorun dinamik inkişafı üçün hərtərəfli münbit zəmin yaradılıb. Bu sahədə köklü dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb. Qarşıdan gələn 2018-ci ildə ölkəmizin iqtisadi qüdrətinin artırılması biz iş adamlarının çiyninə düşür. Dövlətimiz tərəfindən yaradılan bu münbit şəraitdən bəhrələnərək ərzaq istehsalını, xüsusən ixracyönümlü məhsul istehsalını artırmaq üçün bütün gücümüzü səfərbər etməli, hər kəs çalışdığı sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Onda dövlətimizin iqtisadi gücü ilə yanaşı, insanların rifah halı da qat-qat yaxşılaşacaqdır.

Bir daha 31 dekabr Dünya Dünya Azərbaycanlılarının Həmrəylik günü və qarşıdan gələn Yeni il münasibətilə ilhamverici qüvvəmiz olan cənab Prezident İlham Əliyev başda olmaqla bütün xalqımızı təbrik edir, qarşıdan gələn 2018-ci ildə ölkəmizə güclü iqtisadi dirçəliş, əmin-amanlıq və firavanlıq arzulayıram.

Araz Yağubov,

“Yaşıl çay” FT MMC-nin direktoru