Bostan kələmi (Kapusta Oqorodnaya – Brassıca oleraceae Z)

N.F.Məmmədov, M.İ.Heydərov (MAKA-nın Xüsusi Konstruktor Texnoloji Bürosu)

      Bostan kələmi örtülü toxumlu bitkilər şöbəsinə, xaççiçəklilər (kələmçiçəklilər) fəsiləsinə aiddir. Bu fəsilənin nümayəndələri 1, 2 və çoxillik, növbəli düzülmüş yarpaqları olan (bəzilərində kökyanı rozet) ot, yarımkol və kol bitkiləridir. Onların yarpaqları sadə, növbəli və lələkvari düzülüşlü olur. Çiçəkləri ikicinslidir, salxıma toplanmış çiçək qrupuna aiddir. Bu fəsilənin bitkilərinin çiçəkləri sarı, ağ və çəhrayı rəngdə olur. Çiçəyin düsturu: K4L4E4+2D1. Əksər nümayəndələri buynuz, buynuzcuq meyvə əmələ gətirir. Azərbaycanda 5 növ yabanı, 3 növ mədəni növü və müxtəlif növ müxtəlifliyi istifadə olunur.

      Bu bitkilərin çoxu təsərrüfat əhəmiyyətli tərəvəz bitkiləridir (kələm, turp, şəlğəm). Bəzi növləri yağla zəngindir (xardal, raps, yağçiçəyi). Bu fəsilənin bəzi növləri (şəbbugülü, mattiola, geceçiçəyi və s) bəzək bitkisi və dərman bitkisi kimi (quşəppəyi, dərman şüvərəni və s) istifadə olunur. Gül kələminin inkişaf etməmiş başcıqvari ağ çiçək qrupları yeyilir. Kolrabi kələmi xarici görünüşünə görə turoa oxşayır. Onun turpabənzər yoğunlaşmış hissəsi yeyilir. Qırmızıbaş kələm soyuğa davamlıdır. Onun yarpaqları bənövşəyi-qırmızı rəngdə olur. Qeyd olunan kələm bitkiləri yüksək qida keyfiyyətinə malikdir, mineral duzlarla və vitaminlərlə çox zəngindir.

Əsrlərdən bəri yabanı kələmi becərməklə yüzdən çox qiymətli kələm bitkisi alınmışdır (ağbaş kələm, qırmızıbaş kələm, kolrabi kələmi, Brüssel kələmi, gül kələmi) (Şəkil1). Geniş sürətdə becərilən ağbaş kələmin faraş və gec yetişən sortları vardır.

Agbaş kələm Xaççiçəklilər – Brassicaceae (Cruciferae) fəsiləsindəndir. Təbabətdə ancaq becərilən bostan kələmindən istifadə olunur. İkiillik becərilən bostan bitkisidir.(Şəkil2) Kələmin yarpaqlarından istifadə olunur. Onların tərkibində tioqlikozidlər, karotin, B1, B2, B6, K və C vitaminləri, fol və pantoten turşuları, kalium, kalsium, fosfor duzları, şəkərlər, eləcə də bakterisid maddə - lizosim vardır. Kələmin yarpaqlarında (şirəsində) metilmetionin-sulfat müəyyən edilmişdir ki, bu da xora əleyhinə amil hesab olunur və vitamin U adlanır. Vitamin U bitkilərin böyüməsini sürətləndirir.

        Azərbaycan Tibb İnstitutunda kələm kimyəvi və farmakoloji tədqiqatlardan keçirilmiş və onların köklərində və toxumlarında tioqlikozidlər (0.45-0.58), alkaloidlər (0.05-0.18), yağlar (köklərində 0.75-0.96%, toxumlarında 29.52-37.52%), qatranlı maddələr (köklərində 0.76-1.2%, toxumlarında 1.6-3.05%), üzvi turşular (köklərində 1.4-2.26%, toxumlarında 1.31-1.6%), C vitamini (köklərində 46.2-69 mq/%, toxumlarda 103.62-113.68 mq/%) müəyyən edilmişdir(Cədvəl 1).

 

  Cədvəl 1. Kələmin kimyəvi tərkibi ( %-lə mütləq quru çəkidə)

 

Komponentlər

Gül kələmi

Rəngli kələm

Toxum

Kök

Toxum

Kök

Tioqlikosidlər

Alkoloidlər

Yağlı maddələr

Qətranlı maddələr

Alma turşusu

(üzvi turşu)

Vitamin C

0.45

0.05

37.52

3.05

1.60

 

113.68 mq

0.46

0.18

0.75

0.76

2.261

 

69 mq

0.58

0.09

29.52

1.6

1.31

 

103.62

0.49

0.05

0.96

1.2

1.400

 

46.2 mq

 

        Ümumittifaq Dərman Bitkiləri İnstitutu tərəfindən müalicə məqsədilə kələmin təzə dərilmiş yarpaqlarından alınan şirə, eləcə də şirənin quru konsentratından hazırlanmış tablet təklif olunmuşdur. Kələmin şirəsindən hazırlanan bu tabletlər qastritlərdə, kolitlərdə, mədə və onikibarmaq bağırsağın xorasında, digər mədə-bağırsaq xəstəliklərində işlədilir. Eyni məqsədlə kələm yarpaqlarının təzə şirəsi də istifadə oluna bilər. Müəyyən edilmişdir ki, əgər mədədə turşuluq azdırsa, kələm şirəsinin təsirindən turşuluq artır, mədədə turşuluq normal və artıq olarsa, kələm turşuluğa təsir etmir. Buna görə də kələm şirəsi həm hipoasid, həm də hiperasid qastritlərdə məsləhət görülür. Vitamin U lipidlərin mübadiləsinə və aterosklerozda müsbət təsir göstərir.

            Ağ kələm yarpağından, onun toxumlarından “Askorbigen” adlı pereparat alınmışdır. Bu pereparatdan mədə xorasını sağaltmaq üçün və ateroskleroza qarşı qiymətli dərman kimi istifadə olunur. Aparılan tədqiqatlar kələm və ondan hazırlanan dərmanların yaman şişlərə qarşı müalicəvi təsiri sübut olunmuşdur.

    Kələm həm podaqrada, həm sidik və ödqovucu maddə kimi, həm qarın işlədici, həm də şəkər xəstəliyində qiymətli diabetik maddə kimi istifadə edilir. Xalq təbabətində kələm yarpaqlarının bişirməsini arı balı ilə qarışdırıb öskürəyə qarşı qəbul edirlər. Kələmin, çuğundurun, yerkökünün və turpun təzə şirələrinin qarışığından vərəm xəstəliyində qəbul edirlər.

Təzə kələm şirəsini çox vaxt yerkökü şirəsilə qarışdırıb mədə xorasında, qastritdə, qəbizlikdə, qaraciyər xəstəliklərində içirlər. Toxumlarından hazırlanmış sulu bişirmə yüngül işlədici dərman kimi qəbul edilir. Kələmin qurudulmuş köklərindən və toxumlarından çay dəmləyib, sidikqovucu və qurdqovucu dərman kimi də içirlər. Köklərinin sulu bişirməsi böyrəklərdə daş bağlamanın qarşısını alır.

            Təzə yarpaqlarından tez-tez istifadə olunması diş xəstəliklərinin qarşısını alır və vitamin çatışmazlığında istifadə olunur. Kələm yarpaqlarından soyuqdəymə əleyhinə və yanıqların müalicəsində istifadə olunur. Təzə dərilib odda yüngülcə isidilmiş yarpaqlar soyuqlanıb şişmiş bədən hissələrinə qoyulur. Təzə yarpaqları zəif qaynadılmış halda çibana, həmçinin irinli yaralarda istifadə olunur. Kələm kökünün sulu cövhəri, həlimi və yarpaqlarının şirəsi alkoqolizm mənşəli əsəb pozqunluqlarında daxilə qəbul olunur.

1.   “Lekarstvennie rasteniya Azerbaydjana”, İ.A.Dəmirov, L.İ.Prilipko, C.Z.Şükürov, Y.B.Kərimov. Maarif1983, 320 səh.

2. “Posobie dlya postupayuşix v vuzı”,  T.L.Boqdanov. “Prosveşenie” 1995, 185 səh.

3. “Smeystvo krestoçvetnıe”, A.L.Taxtadjyan, A.A.Fedorov. “Prosveşenie” 1974, 380 səh.

4.   Azərbaycan meyvə tərəvəz bitkilərinin müalicəvi əhəmiyyəti, İ.A.Dəmirov,   S.Z.Şükürov. Maarif 1990, 190 səh.

N.F.Məmmədov, M.İ.Heydərov

Bostan kələmi

Xülasə

        Kələmçiçəklilər fəsiləsinin nümayəndələri yüksək qida keyfiyyətinə malikdir, mineral duzlarla və vitaminlərlə çox zəngindir. Bostan kələminin qida əhəmiyyətini və müalicəvi dəyərlərini nəzərə alaraq daha çox istifadə olunması tövsiyyə olunur.

N.F.Mammadov, M.İ.Heydarov

Brassicaceae (Cruciferae)

Abstract

        Representatives of Brassiciceae (Cruciferia) family have high nourishment quality and are rich in mineral salt and vitamins. Taking into account nutrition importance and therapeutic values of plantation cabbage, it is recommended using it more.

  "Yaşıl çay"