Avropa İttifaqının ekspertləri “Yaşıl çay” MMC-də olublar

Avropa İttiqfaqının ekspert qrupu cari ilin oktyabr ayından, Avropa İttifaqının Azərbaycan hökuməti ilə əməkdaşlıq razılaşması çərçivəsində 2017-ci ilin Fəaliyyət Planının hazırlanmasına başlayıb. Aİ ekspert qrupunun üzvləri Sebastian Balcerak ( Polşa), Avropa İttifaqı Azərbaycan Nümayəndəliyinin Eksperti İvana Dulic (Serbiya), Avropa İttifaqı Azərbaycan Nümayəndəliyinin Eksperti Ilkin Nazarov və Avropa İttifaqı Azərbaycan Nümayəndəliyinin proqram meneceri Ramila Aslanova və başqaları “Yaşıl çay” Fermer Təsərrüfatında olublar. Qonaqlar yağan intensiv yağışa baxmayaraq təsərrüfatın çay plantasiyalarına baxış keçiriblər. Baxışdan razı qalan qonaqları salamlayan təsərrüfatın rəhbəri Araz Yağubov “Yaşıl çay” çoxprofilli müəssisə haqqında geniş məlumat verib. Qeyd edib ki, MMC-nin 138 hektar ümumi torpaq sahəsi vardır. 61 hektarında çay plantasiyası salınmışdır. Bunun 41 hektarı 2011-ci ildə, 20 hektarı isə 2014-cü ildə əkilib, növbəti 2016-cı ildə isə daha 10 hektarda əkin aparmaq üçün 0,4 ha sahədə tinglik salınıb.  Gələcəkdə daha 30 hektarda təsərrüfata məxsus torpaq sahələrində  çay plantasiyaları salınmaqla ümumi sahələri 100 ha çatdırmaq nəzərdə tutulub.

Sonra qonaqlarla “Yaşıl çay evi”ndə çay süfrəsi arxasında geniş fikir mübadiləsi aparılıb. A.Yağubov bir daha qonaqlara “xoş gəldin” deyərək onları çay süfrəsinə dəvət edib. Süfrə arxasında ətraflı fikir mübadiləsi aparılıb. Söhbətdə qonaqlarla yanaşı Lənkəran ŞİH başçısının İstisu qəsəbəsi üzrə nümayəndəsi Vaqif Əliyev və yerli bələdiyyənin sədri Rahim Xosrofov da iştirak edib.

Aİ Azərbaycan Nümayəndəliyinin Eksperti Sebastian Balcerak əvvəlcə səfərlərinin məqsədi barədə məlumat verib. Bildirib ki,  Son illər kənd təsərrüfatının inkişafına yönəldilən diqqəti nəzərə alaraq Avropa İttifaqının 2017-ci il üzrə Fəaliyyət Planı kənd təsərrüfatı və emal sənayesi üzrə klasterlərin yaradılması və dəstəklənməsinə istiqamətlənəcək. Qeyd olunan Fəaliyyət Planın icrası üçün 13,5 milyon avro maliyyə vəsaiti nəzərdə tutulur. Fəaliyyət Planının icra müddəti 2019-2022-ci illəri əhatə edəcək. Uyğun regionun və prioritetlərin müəyyənləşdirilməsi üçün Aİ ekspert qrupu Lənkəran iqtisadi regionuna səfər edib. 

Sebastian Balcerak: Təsərrüfatınız xoşumuza gəldi. Bildirdiniz ki, balansınızda 138 ha torpağınız var. Bu torpaqları necə almısınız?

A.Yağubov: Torpaqların bir hissəsi ailə üzvlərimizə aiddir. Digər qismini isə ayrı-ayrı mülkiyyətçilərdən satın almışıq. İllərlə istifadəsiz, kol-kos basmış bu torpaqları alaraq burada böyük fermer təsərrüfatı yaratmışıq. Ölkədə qeyri-neft sektoruna verilən diqqət nəticəsində biz burada çay plantasiyaları, heyvandarlıq kompleksi yaratdıq, bostançılıq, tərəvəzçilik, taxılçılığı inkişaf etdirdik və yem əkini aparmağa başladıq. Bundan başqa Neftçala rayonunda bizə məxsus torpaq sahəsində Ölkə başçısının çağırışına qoşularaq rayon icra hakimiyyəti ilə müqavilə bağlayaraq 50ha-da pambıq əkini keçirəcəyik.

Sebastian Balcerak: Məhsul istehsalında pestisid, gübrələrdən istifadə edirsinizmi?

A.Yağubov: “Yaşıl çay” MMC balanslaşdırılmış təsərrüfatdır. Sual yaranır, biz niyə kimyəvi maddələrdən istifadə etmirik? Ona görə ki, balansımızda 250 baş heyvan olan heyvandarlıq kompleksi vardır. Burada toplanan üzvi gübrələri, həmçinin kənd sakinlərinin şəxsi təsərrüfatlarından üzvi gübrələrdən, kanal və kollektorlarda yaranan çöküntüləri yığıb kompost hazırlayır və onu mineral gübrə əvəzinə çay kollarına veririk. Həmçinin Neftçala rayonunda hər il arpa əkini aparırıq. Buradan alınan samandan da kompost  hazırlayıb çay kollarına veririk. Bu da istehsal etdiyimiz məhsulun ekoloji cəhətdən təmiz olmasını şərtləndirir.  Digər tərəfdən kompostdan istifadə etməklə mineral gübrələrə sərf edəcəyimiz 10 min manatlarla vəsaitə qənaət etmiş oluruq.

Həmçinin heyvanların yemlənməsində yem qatqılarından istifadə etmirik. Bazarda satılan fabrik yemlərdən istifadə edilmir. Yalnız yetişdirdiyimiz arpadan, arpa samanından, şirəli otlardan istifadə etməklə heyvanları bəsləyirik. İstehsal etdiyimiz ekoloji təmiz heyvandarlıq məhsularını satmaqla əldə etdiyimiz vəsaiti işçilərimizin əmək haqlarının ödənilməsinə yönəldirik. İstər heyvandarlıq, bostançılıq, tərəvəzçilik, balıqçılıqda əldə edilən gəliri çayçılığın inkişafına sərf edirik. Bu da sübut edir ki, “Yaşıl çay” MMC balanslaşdırılmış təsərrüfatdır.

Sebastian Balcerak: Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

A.Yağubov: Biz yeni layihələrə start vermək niyyətindəyik. Tezliklə təsərrüfatımızda ilboyu tərəvəz yetişdirməklə ölkə və xarici bazarlara çıxarmağı düşünürük.

Aİ Avropa İttifaqı Azərbaycan Nümayəndəliyinin proqram meneceri Ramila Aslanova:

 - Bələdiyyələrlə əlaqələrininiz neçədir? Sizə kömək edirlərmi?

A.Yağubov:  Bələdiyyələrlə işbirliyimiz təsərrüfat yaranan gündən başlayıb. Əvvəlcə 3 ha sahəni 49 illiyə icarəyə götürmüşdük. Burada bostan bitkiləri əkmişdik. Növbəti ildə isə həmin sahələrdə çay və feyxoa əkini keçirəcəyik. Bundan əlavə 1,9 ha-da olan su hövzəsini də bələdiyyədən almışıq. Burada hazırda balıqçılığı inkişaf etdiririk. Bundan əlavə bələdiyyə sahələrə gedən yolları mütəmadi təmir edir, əkin zamanı bizə köməyini əsirgəmir.

İvana Dulic: Dövlət neyləməlidir ki, kənd adamı daha çox torpağa bağlansın? Sz dövlətdən hansı dəstəyi görürsünüz?

A.Yağubov: Olarmı sizin sualınıza sualla cavab verim?

İvana Dulic: Buyurun.

A.Yağubov:  Bilmək istəyirəm ki, sizin ölkədə vergilər neçə faizdir?

İvana Dulic: Dəyər vergisi də daxil olmaqla 67 faiz.

A.Yağubov: Cavabınız məni qane etdi. İndi sualınıza cavab verirəm. Azərbaycan Respublikasında kənd təsərrüfatında çalışanlar torpaq vergisindən istisna olmaqla bütün vergilərdən azaddır. Torpaq vergisi də hər 1 ha üçün 8 manant təşkil edir ki, bu da çox cüzi məbləğdir. Bundan əlavə əkilən hər hektar üçün 50 manat, biçilən hər ha taxıla görə də əlavə 40 manat subsidiya verilir. Alınan mineral gübrələr üçün 70 faiz güzəşt tətbiq edilir. Ölkə ərazisində aqrolizinqlər, aqroparklar, aqroservislər yaradılıb. Bütün bunlar kənd adamlarının ixtiyarına verilib. Həmçinin NK verdiyi qərara əsasən süni mayalanma yolu ilə alınan hər buzova görə 100 manat subsidiya verilir. Tingçiliklə məşğul olanlara hər çay şitilinə üçün 0,6 qəpik vəsait ödənilir. Bu, digər sahələdə də tətbiq edilir.

Bir sözlə, ölkəmizdə aqrar sahədə çalışanlar üçün hər cür şərait yaradılıb. Bundan artıq dövlət bizimçün daha nə etməlidir?

Həmçinin  mütəmadi maarifləndirmə işləri, fermerlərlə görüşlər, seminar və konfranslar təşkil edilir. Bircə qalır ki, kənd adamı qollarını çırmayıb öhdəsində olan torpağını əkib-becərsin, məhsul istehsal etsin, gəlir əldə etsin.

Sebastian Balcerak:  Qeyd etdiniz ki, ASAN xidmətin nəzdində yaradılan ABAD-ın layihəsi ilə dünya bazarına çıxmağı düşünürsünüz. Bilmək istəyirik ki, çayın satışı necə təşkil olunacaq? Məlumdur ki, Avropa və dünyanın qabaqcıl ölkələri onlara malların sabit çatdırılmasında maraqlıdırlar. Siz bunu bacaracaqsınızmı?

A.Yağubov: Polşa dünyaya daha çox alma və şampinyon ixrac edən ölkə kimi tanınır. Elədir?

Sebastian Balcerak:  Doğrududur. Yaxşı məlumatınız var.

A.Yağubov: Bu məhsullar təbii risk qrupuna daxildirlər. Yəni tez xarab olurlar. Qısa müddətdə bu məhsullar realizə olunmalıdır. Çay bitkisini isə belə təhlükə gözləmir. Çay bitkisinin hələlik heç bir xəstəlik təhdid etmir. Digər tərəfdən, tutaq ki, 40ha-da 200 ton çay yarpağı toplayırıq. Bundan 50ton quru çay istehsal edəcəyik. Çay məhsulu daha az risklidir. Saxlanma müddəti 2 ildir. Bu dövlət orqanı tərəfindən verilən sertifikatda da öz əksini tapıb. Demək manevr etmək imkanımız da daha genişdir. Hazır məhsul üçün bazar axtarmalıyıq. Lakin ABAD-la birlikdə bu layihəni həyata keçirmək bizim üçün daha asan olacaq. Və biz müştərilərimizi daimi ekoloji təmiz çay məhsulu ilə təmin edə biləcəyik.

Sebastian Balcerak:  Bu il nə qədər çay yarpağı yığa bilmisiniz?

A.Yağubov: 90 ton yaşıl yarpaq yığmışıq. Xammalın müəyyən hissəsini öz kiçik seximizdə emal etdik. “Buket”, “Feyxoa çayı”, “Gül çayı”, “Narın çay” və digər çaylarımız artıq əhalinin rəğbətini qazanıb. Lakin hələlik yığdığımız məhsulun hamısını emal edə bilmirik.

Sebastian Balcerak:  Bəs niyə daha iri müəssisə tikmirsiniz?

A.Yağubov: Baxış keçirdiyimiz sahələrin yanında müasir “Çay emalı kompleksinin tikintisi üçün yer ayrılmışdır. Bununla bağlı Lənkəran Şəhər İcra hakimiyyəti başçısının sərəncamı da mövcuddur. Lakin çay sahələrimiz hələ tam məhsula düşmədiyindən bu fabriki növbəti illərdə tikməyi düşünürük.

Sebastian Balcerak:  Bu fabrik tikiləndən sonra digər fermerlərdən çay xammalı almağı düşünürsünüzmü?

A.Yağubov: Əlbəttə. Bu, qarşımıza qoyduğumuz prioritet məsələlərdəndir. Həm çayçılıqla məşğul olan fermerlərə dəstək olaq, həm də ölkə iqtisadiyyatının inkişafına öz töhfəmizi verməklə ölkə başçısının qeyri-neft sektorunu inkişaf etdirmək üçün elan etdiyi strateji xəttə töhfəmizi verək.

Çünki dövlət bizimçün 20 ildən çox dayanmış Yuxarı Xanbulançay su qovşağının 5 nömrəli stansiyasını yenidən bərpa edib, sahələrimizə qədər 2700 metr uzunluğunda plastik borularla su xətti çəkib. Su olmadan isə çayçılığı inkişaf etdirmək qeyri-mümkündür. Sahələri suvarmaqla yanaşı, yığımdan bir gün qabaq süzgəcdən keçirilən su il yağışvari üsulla çay sahələrini suvarmaqla dərilən yarpaqların ekoloji təmizliyini təmin edirik.

Dövlət bizim üçün hər cür şəraiti yaradıb. Bizim isə indi bir məqsədimiz var: Durğunluq illərində məhv edilmiş Lənkəranın aparıcı təsərrüfatı olan-çayçılığı bərpa edib daha müasir səviyyəyə çatdırmaq, ölkə və xarici bazarlara ABADın xətti ilə Azərbaycan brendi olan ekoloji cəhətdən təmiz çay məhsulunu çıxarmaqdır. İnanıram ki, tezliklə bizi daha böyük uğurlar gözləyir.

 Sonda qonaqlara təsərrüfatın nəşri olan “Yaşıl çay” jurnalı və təsərrüfatın istehsalı olan “Buket” çayı hədiyyə edilib. 

  "Yaşıl çay"