12 rayonda torpaqların elektron kadastr uçotu yekunlaşır

Bu ilin sonuna 12 rayonda, 2019-cu ilin sonunadək isə respublikanın bütün kənd və rayonlarında torpaqların elektron kadastr uçotu işləri yekunlaşdırılacaq.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsi bu gün Şəmkir rayonunda Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı keçirilən respublika üzrə İşgüzar Forumda bildirilib.

Qeyd olunub ki, ölkənin 3.19 mln. ha ərazisi üçün daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması işi davam etdirilir. Hazırda torpaq uçotu, rəqəmsal kadastr xəritələrinin tərtibi və 1.30 mln. ha sahədə pay torpaqlarının faktiki və sənəd göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması həyata keçirilir. Uçot işləri torpaqların həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə aparılır. 2016-cı ildə icrasına başlanılmış bu proses 2019-cu ilin sonuna yekunlaşacaq.

Forumda Uçot Sisteminin gələcək nəticələri və ölkə iqtisadiyyatına səmərəsi barədə məlumat verilib. Bildirilib ki, dəqiq torpaq uçotu məlumatları torpaqların elmi əsaslarla idarə edilməsi, torpaq idarəçiliyinin təkmilləşməsini təmin edəcək. Sistem özündə torpaqların dəqiq sərhədləri, həndəsi ölçüləri, konfiqurasiyası, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatlar əks etdirir. Həmçinin Sistem torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri müəyyən etməyə, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadə və onların mühafizəsinə nəzarət etməyə imkan verir. Torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində səmərəli tədbirlərin görülməsinə, torpaq ehtiyatlarının kəmiyyət göstəricilərini müəyyənləşdirməyə, torpaq balansını tərtib etməyə zəmin yaradır.

Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması nəticəsində kadastr işləri də elektron xidmətlər cərgəsinə daxil ediləcək. “Plan-ölçü” sənədinin verilməsi işi elektron xidmət vasitəsilə mümkün olacaq. Bu layihə çərçivəsində reallığı tam əks etdirən kadastr xəritələri tərtib olunacaq. Vətəndaşlara torpaq üzərində mülkiyyət hüququna əsas verən sənədlərdəki kadastr göstəriciləri torpaqların faktiki istifadə vəziyyətini əks etdirəcək. Bununla da hüquqların qeydiyyatı prosesindəki bir çox çatışmazlıqlar öz həllini tapacaq.

Torpaqla bağlı stimullaşdırma tədbirləri, subsidiyaların, güzəştli kreditlərin verilməsi Sistem məlumatları əsasında aparılacaq. Sahibkarlara, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə dövlət dəstəyinin daha operativ həyata keçirilməsi üçün imkanlar yaranacaq.

  "Yaşıl çay"