“Yaşıl çay” MMC çay əkininə başlayıb

 Bir neçə gündür ki, “Yaşıl ay” FT MMC-də çay əkininə start verilib. "Yaşıl çay"ın məlumatına görə, havaların uzun müddət yağıntılı keçməsi çay əkinini bir qədər gecikdirsə də,  çaybecərənlər son günlər əlverişli hava şəraitindən istifadə edərək çay əkinini qısa müddətdə başa çatdırmağa çalışırlar. Təsərrüfatın rəhbəri Araz Yağubov deyir ki, hazırda 138 ha ümumi torpaq sahəmiz var. Bunun 61 hektarında çay plantasiyası salmışıq. Sahələrimizin hamısı çavandır. Ən yaşlı sahələrimizin cəmi 5 yaşı var. Çay bitkisi 7-8 illiyində məhsul verməyə başlayır. Lakin bizdə kollara yüksək səviyyədə aqrotexniki qulluq göstərildiyindən artıq 41 hektar sahədən məhsul yığmağa başlamışıq. Bu il 90 ton əla növ yaşıl çay yarpağı yığılıb. Bizim çayımız  ekoloji cəhətdən təmiz, tərkibinə görə ən keyfiyyətli xarici çaylardan nəinki geri qalmır, hətta onları bəzi parametrlərə görə üstələyir. Digər tərəfdən Cənab Prezidentimiz İlham Əliyevin ASAN xidmət nəzdində yaratdığı ABAD xidmətinin bizimlə əməkdaşlığa hazır olması bizi daha yaxşı işləməyə ruhlandırır. Qərara aldıq ki, cari ildə daha 10 hektar sahədə yeni çay plantasiyası salaq. Çay əkini üçün xüsusi lisenziyası olan Elşad Yaqubovun tingçilik təsərrüfatından müqavilə əsasında bir ədədi 0,2 manat olmaqla sağlam, standartlara uyğun çay şitili alırıq. E.Yaqubov bu məqsədlə 0,4 ha ərazidə keyfiyyətli və sağlam çay şitili yetişdirib.  Çay əkiləcək sahələrimiz də yüksək aqrotexniki qaydada hazır vəziyyətə gətirilib. Əkini qısa müddətdə başa çatdırmaq üçün ailə üzvlərimizlə yanaşı müqavilə əsasında 40-dan çox təcrübəli işçini işə cəlb etmişik. İndiyədək 5 ha çay əkini keçirmişik.  Su ilə bağlı da problemimiz qalmayıb. Sağ olsun ölkə rəhbərliyi. Meliorasiya işçiləri səsimizə səs verərək sahələrimizə qədər lazımi su xəttini çəkiblər. Bu da bizə imkan verəcək ki, çavan əkinlərimizi yayın istisindən, quraq havadan qoruya bilək. Çay süfrəmizin bəzəyidir, ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli çay isə əsil can dərmanıdır, deyir Araz Yağubov.

Qeyd edək ki, ölkəmizdə çaya tələbat ilbəil artır. Çayın böyük əksəriyyəti isə, təssüf ki, hələlik xaricdən idxal olunur. Lakin, son illər bir çox sahələrdə olduğu kimi, çay istehsalı sahəsində də irəliləyiş nəzərə çarpır. Çayçılığı bərpa etməyi qarşısına məqsəd qoyan“Yaşıl çay” fermer təsərrüfatı da uğurlarını ildən-ilə artırır. Müəssisə bu il 10 hektarda, növbəti illərdə daha 30 hektarda çay əkini keçirməklə plantasiyaların ümumi həcmini 100 hektara çatdırmağı və il ərzində 500-600 ton yaşıl çay yarpağı toplamağı planlaşdırır.

  Sərraf Mirsəfəroğlu