“Yaşıl çay” qabaqcıl işçilərini mükafatlandırdı

“Yaşıl çay” fermer təsərrüfatında çay əkini və təmir işlərinin başa çatması ilə əlaqədar qabaqcıl  işçilər mükafatlandırıldılar. Çay plantasiyasında düzənlənən mərasimdə çıxış edən təsərrüfatın rəhbəri Araz Yağubov çay əkini və təmir işləri zamanı zəhməti olan hər kəsə təşəkkürünü bildirərək dedi:

– Əkin və təmir işləri başlayan ilk gündən işə daha ciddi yanaşan, ürək yandıran, tapşırıqları daim keyfiyyətlə həyata keçirən işçilərimiz diqqətimizdən yayınmayıb. Rayonumuzda çayçılığın bərpa olunmasında əməyi olan hər kəs ən yüksək tərifə və mükafata layiqdir. Ona görə qərara almışıq ki, həmin işçilərimizi qiymətli hədiyyələrlə mükafatlandıraq. Növbəti ildə də bu ənənə davam etdiriləcək, nümunəvi işi ilə seçilən qabaqcılların daha yüksək səviyyədə mükafatlandırılması diqqətdə saxlanacaq.

Sonra Araz Yağubov çay əkinində fərqlənənlərdən  Sevda Muradovaya  paltaryuyan maşın, Gülarə Muradova və Mərcan Quliyevaya tozsoran,  Pərvanə Nəsirova, Natəvan Qədirova və  Həyat  Babayevaya  elektrik ətçəkən, çay sahələrinin təmirində fərqlənənlərdən  Elnarə Əhmədovaya  televizor, Sevil Xanverdiyeva, Fəxi Quliyev və Xanım Abbasovaya elektrik ətçəkən, Vüsalə Kişiyevaya fincan dəsti, Ayna Quliyevaya elektrik çaydanı təqdim etdi. Həmçinin təsərrüfatın bütün işçilərinə boyun yaylığı  hədiyyə edildi.

  Göstərilən diqqətə görə rəhbərliyə öz minnətdarlıqlarını bildirənlər, bundan sonra da təsərrüfatın uğurları üçün səy və bacarıqlarını əsirgəməyəcəklərinə  söz verdilər.

61 hektar çay sahəsi olan təsərrüfatda bu il 15 hektar sahədə “Kolxida” sortu şitilindən istifadə edilməklə təmir işləri aparılıb. Növbəti ilin əkininə də indidən hazırlıq görülür. 30 hektarda əkin aparmaq məqsədilə yazda 1 hektarda  tinglik salınması üçün yer ayrılıb. Bu məqsədlə təsərrüfatın özündə ilk dəfə olaraq lazımi miqdarda “Kolxida” sortundan çay toxumu tədarük və sertifikasiya olunub.

S. Mirsəfəroğlu

"Xalq qəzeti", 03 dekabr 2016-cı il