“Yaşıl çay” FT MMC-də tut bağları salınır

    Azərbaycanda vaxtilə yüksək gəlir gətirən, 150 min nəfərin çalışdığı baramaçılıq sahəsi son 20-25 ildə ciddi tənəzzülə uğrayıb.  Hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanda hər il orta hesabla 4,3-5 min ton barama istehsal olunurdu. Həmin dövrdə Azərbaycan dünyada barama istehsalına görə 8-ci, SSRİ-də isə Özbəkistandan sonra 2-ci yeri tuturdu.  Təəssüf ki, sonralar bu gəlirli sahə tənəzzülə uğrayıb. Lakin buna baxmayaraq, hazırda Azərbaycanda baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün tədbirlər görülür. Lənkəranda da bu sahənin yenidən dirçəldilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Tofiq Rzayevin sözlərinə görə, 1991-ci ildə Lənkəranda 49 ton barama istehsal olunub. Sonrakı illərdə isə bu gəlirli sahə tamamilə unululub.

Hazırda Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizdə ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən, cari ildən Lənkəranda bu sahəyə ciddi surətdə diqqət və maraq göstərilir. Təbii ki, baramaçılığın inkişafı möhkəm yem bazasından asılıdır və hazırda rayonda  Çin Xalq Respublikasından gətirlmiş tinglərdən yeni tut bağları salınır, köhnə bağlar isə bərpa olunur. Ümumilikdə bu il rayonda 40 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulub. Artıq əkin aparılacaq sahələrdə şumlama, hamarlama işləri başa çatdırılıb. Dekabrın 3-də İstisu qəsəbəsində Araz Yağubovun rəhbəri olduğu “Yaşıl çay” FT MMC-də və digər kəndlərdə tut tinglərinin əkininə start verilib. “Yaşıl çay” fermer təsərrüfatının rəhbəri Araz Yağubov qeyd edib ki,  Ölkə rəhbərliyinin çağırışına cavab olaraq tut əkiləcək sahələr yüksək aqrotexniki qaydada hazırlanıb və ilk gündəcə sahəyə 3 minə yaxın ting aqrotexniki qaydalara uyğun əkilib. Ümümilikdə isə təsərrüfatda 5 min ədəd tut tingi əkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, çoxprofilli təsərrüfat olan “Yaşıl çay” fermer təsərrüfatında çayçılıq, heyvandarlıq, tərəvəzçilk və digər sahələr  də müvəffəqiyyətlə inkişaf etdirilir. Tut ağaclarının əkini ilə təsərrüfatda yeni iş yerlərinin açılması nəzərdə tutulur.

Hazırda rayonda tut tingi əkini davam etdirilir.

Sərraf Mirsəfəroğlu