Lənkəran gəncləri “Yaşıl çay” MMC-də tut bağlarının salınmasında iştirak ediblər

Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizdə aqrar sektorun, o cümlədən baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən  Lənkəranda da bu sahənin yenidən dirçəldilməsi üçün təxirəsalınmaz tədbirlər görülür. "Yaşıl çay"ın məlumatına görə, artıq rayonda bu dövlət əhəmiyyətli işə start verilib. Ölkə rəhbərliyinin çağırışına cavab olaraq dekabrın 3-də İstisu qəsəbəsində Araz Yağubovun rəhbəri olduğu “Yaşıl çay” FT MMC-də tut tinglərinin əkininə başlanıb. Dekabrın 4-də isə Şəhər Gənclər İdarəsinin nəzdindəki “Xan Lənkəran” qrupunun 50 nəfərdən yuxarı könüllüsü Cənab İlham Əliyevin aqrar sahəyə diqqətindən ruhlanaraq “Yaşıl çay” fermer təsərrüfatında olublar. Təsərrüfatın rəhbəri Araz Yağubov gəncləri hərarətlə qarşılayaraq onlara təsərrüfat haqqında ətraflı məlumat verib. Bildirib ki, təsərrüfatın 61 hektar çay sahəsi var, bunun 42 hektarında artıq məhsul yığılır, çay əkinində yüksək məhsuldarlığa malik “Kolxida” sortundan istifadə edilib. 

Gənclər təsərrüfatın çay plantasiyaları ilə tanış olduqdan sonra tut tingləri əkən işçilərə qoşulublar. Gənclər əvvəlcə baramaçılıq barədə işçilərə məlumat veriblər, sonra hərəsi bir ağac əkiblər. Sonra gənclər “Yaşıl çay evi”ndə çay süfrəsi arxasında təsərrüfatın istehsalı olan təbii Lənkəran çayından dadıblar. Süfrə arxasında Şəhər Gənclər İdman İdarəsini rəisi Yalçın Əhmədov, təsərrüfatın rəhbəri Araz Yağubov çıxış edərək bildiriblər ki,  şəhər gənclər idarəsi ilə təsərrüfatın əməkdaşlığı bundan sonra da davam etdiriləcək, gənclər çay kollarının və tut ağaclarının becərilməsində, yaşıl çay yarpağının toplanmasında fəal iştirak edəcəkər.

 Sonda gənclərə “Yaşıl çay” MMC-nin istehsalı olan çay məhsulları və “Yaşıl çay” jurnalı hədiyyə edilib.

Ümümilikdə isə təsərrüfatda 7 min 800 ədəd tut tinginin əkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, çoxprofilli təsərrüfat olan “Yaşıl çay” fermer təsərrüfatında çayçılıq, heyvandarlıq, tərəvəzçilk və digər sahələr  də müvəffəqiyyətlə inkişaf etdirilir. Tut ağaclarının əkini ilə təsərrüfatda yeni ixracyönümlü məhsul sahəsi yaradılmaqla yeniiş yerlərinin açılması nəzərdə tutulur.

Ümumilikdə Lənkəran rayonunda Çin Xalq Respublikasından gətirilmiş 40 min ədəd tut tingi əkiləcək.

Hazırda rayonda tut tingi əkini davam etdirilir.

  Sərraf Mirsəfəroğlu