Çinli mütəxəssislər “Yaşıl çay” MMC-də tut tinglərinin əkini ilə tanış olublar

Hazırda ölkəmizdə baramaçılığın yem bazasının formalaşdırılması, tut tinglərinin tədarükü, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Baramaçılığın inkişaf etdirilməsi üçün yeni intensiv tipli tut bağlarının salınması məqsədi ilə Çin Xalq Respublikasından ölkəmizə gətirilən tut tinglərinin 40 min ədədi bölgü əsasında Lənkəran rayonuna göndərilib. Həmin tingin 10 min ədədi rayonun İstisu qəsəbəsində fəaliyyət göstərən “Yaşıl çay” fermer təsərrüfatı MMC-yə təqdim edilib. Qısa müddətdə təsərrüfatın işçiləri tut tinglərini aqrotexniki qaydada hazırlanmış torpaqlara əkiblər. “Yaşıl çay”ın məlumatına görə, dekabrın 7-də Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin baş məsləhətçisi Mustafa Rüstəmov və Çinin "Shandong Guangtong Silkworm Eggs Co" LTD şirkətinin mütəxəsissləri Li Çi Lyan, Sven King Gu və Liu Hua Tai “Yaşıl çay” fermer təsərrüfatında olublar. Qonaqları təsərrüfatın rəhbəri Araz Yağubov qarşılayaraq bildirib ki, çoxprofilli təsərrüfat olan “Yaşıl çay” müəssisəsi cənab İlham Əliyevin çağırışına cavab olaraq rayona ayrılan tut tinginin 25 faizini, yəni 10 min ədədini qəbul edərək şəxsi təsərrüfatında əkinini keçirib. Bununla da təsərrüfatda yeni bir sahənin-baramaçılığın yem bazasının əsasını qoyub. Qonaqlar tut tinglərinin əkini ilə maraqlanıb, becərmə ilə bağlı tövsiyyələrini veriblər. KT Nazirliyinin baş mütəxəssisi Mustafa Rüstəmov əkinlə bağlı danışaraq qeyd edib ki, hər ting üçün 40sm dərinliyində çala qazılır, çalaya 10sm peyin tökülür, peyinin üstünə isə yenə torpaq qatı verilir, ondan sonra isə ting çalaya qoyularaq gövdəsi ətrafında olan torpaq tapdalanır və suvarılır. Şaxtadan qorumaq məqsədilə isə ting 30-35 sm hündürlyündə torpaqla bağlanır.
Tinglərin əkinindən razı qalan çinli mütəxəssislər gələcəkdə də “Yaşıl çay” fermer təsərrüfatı ilə mütəmadi əlaqə saxlamaq barədə razılığa gəliblər.

Sonda qonaqlara təsərrüfatın istehsalı olan “Feyxoa çayı” və “Yaşıl çay” jurnalı hədiyyə edilib.

  Sərraf Mirsəfəroğlu