Astarada çayçılıq və çəltikçiliyə maraq artır

 

 

        Səncərədi ərazi icra nümayəndəliyinə daxil olan 5 kəndin arasında Artupanın özünəməxsus yeri vardır. Bu kənddə yetişdirilən düyü  yüksək keyfiyyəti, ətri və dadı ilə məşhurdur. Sevindirici haldır ki, son illərdə kəndin fermer və sahibkarları bu gəlirli və faydalı bitkinin inkişafı ilə ciddi məşğul olurlar. Rayon rəhbərliyinin qayğısı və yaxından köməkliyi ilə kənddə çəltikçilik sürətlə inkişaf edir.  Təkcə bu il keçən ildəkindən iki dəfə çox çəltik əkininin keçirilməsi dediklərimizə sübutdur. Ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün rayonda konkret və əməli tədbirlər görülür. Yerlərdə keçirilən səyyar qəbul və görüşlərdə vətəndaşları narahat edən məsələlərin həlli ilə yanaşı, əkinçiliyin inkişaf etdirilməsi, boş qalmış torpaq sahələrinin dövriyyəyə salınması məqsədilə geniş izahat və maarifləndirmə işləri aparılır.

         Dekabrın 21-də Artupa kəndində keçirilən səyyar qəbul və görüşü giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Artupa kəndində çəltikçilik sahəsində qazanılan uğurların daha da artırılması üçün görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verdi.

         Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Zaur Həsənov çıxış edərək əvvəlki səyyar qəbul və görüşdən sonra ərazidə xeyli abadlıq və quruculuq işləri aparıldığını diqqətə çatdırdı. Səncərədi kəndində əsas yolun asfaltlaşdırılması kənd sakinlərinin razılığına səbəb olmuşdur. Ümumiyyətlə, ərazidə ötən dövr ərzində 14 kilometrə yaxın asfaltlaşdırma işləri aparılmışdır. Nümayəndəlikdə torpaqlardan səmərəli istifadə edilməsi sahəsində də işlər davam etdirilmişdir. Qarşıdakı illərdə 100 hektardan çox çəltik əkini keçirilməsi nəzərdə tutulmuşdur.

         Səyyar qəbul və görüşdə çıxış edən kənd sakinləri Hümmətulla Əhədov, Fəxrəddin Məhərrəmov, Ramiq Hüseynov, Tahir Cabbarov, Şəfa Əliyeva, Arif Kazımov, Əhmədağa Nəzərov, Həsənəli Mehdiyev, Cövdət Əsədullayev, Qaçay Quliyev və başqaları əhali ilə tez-tez görüşə gəldiyinə və qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına minnətdarlıqlarını bildirmiş, çəltik əkini ilə əlaqədar toxum, gübrə və texnika sarıdan köməklik göstərilməsini, əkin sahələrinə gedən yolların və kanalların qaydaya salınmasını, elektrik dirəklərinin dəyişdirilməsini xahiş etmişlər.

         Fermer Araz Rzayev çıxış edərək çəltikçilik sahəsində qazandığı nailiyyətlər barədə ətraflı məlumat vermiş, kifayət qədər toxum tədarük etdiyi üçün əkinçilərə müvafiq kömək göstərəcəyini diqqətə çatdırmışdır.

         Rayon Elektrik Şəbəkəsinin rəisi Alim Qənbərli, Suvarma Sistemləri İdarəsinin rəisi Habil Manafov, rayon Kənd Təsərrüfatı İdarəsinin məsul işçisi Azər Baxşıyev, Artupa bələdiyyəsinin sədri Firdovsi Mahmudov çıxış edərək qaldırılan məsələlərlə əlaqədar ətraflı izahat vermişlər.

            Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxışında yerlərdə keçirilən belə görüşlərin maarifləndirici xarakter daşıdığını, faydalı və səmərəli olduğunu diqqətə çatdırmış, bütün qüvvələri səfərbərliyə almaqla istifadəsiz qalan torpaq sahələrinin dövriyyəyə qaytarılmasının vacibliyini xüsusi vurğulamışdır: “Astara düyüsü artıq brendə çevrildiyinə görə çəltikçiliyin inkişafı daim diqqət mərkəzində olmalıdır. Bu işdə fermer və sahibkarlar təşəbbüskarlıq göstərməlidirlər. Artupa  kəndində fermer Araz Rzayevin qazandığı uğurlar sevinc doğurur. Onun təcrübəsi geniş yayılmalıdır. Rayonumuzun torpaqları münbit və bərəkətli olduğuna görə əkin sahələrinin hər qarışından səmərəli istifadə olunmalıdır. Çəltikçiliklə yanaşı bu torpaqlar çayçılıq üçün də əlverişlidir. Çayçılığın inkişaf etdirilməsi üçün konkret proqramlar hazırlanmışdır. Pay torpaqlarının sahibləri razılığa gələrək iri fermer təsərrüfatlarının yaradılması üçün təşəbbüskarlıq göstərməlidirlər. Yalnız belə olduqda əkinçilikdə müasir texnikanın tətbiqinə lazımi şərait yaranacaqdır. Əkinə yararlı torpaq sahələrindən daha səmərəli istifadə edilməli, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı üçün yaratdığı imkanlardan maksimum istifadə edərək ölkədə ərzaq bolluğuna sanballı töhfələrimizi verməliyik.”

Görüşdə qaldırılan bütün məsələlərin icrası ilə əlaqədar konkret tapşırıqlar verilib.

 “Yaşıl çay”