Araz Yağubov: Regionların inkişafı daim dövlətimizin diqqət mərkəzindədir

Müsahibə

Yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda ötən dövr ərzində görülən işlər müzakirə edilib, qarşıda duran vəzifələr və onların həlli yolları müəyyən edilib. Konfransda Lənkəranlısahibkar "Yaşıl çay" FT MMC-nin direktoru Araz Yağubov da iştirak edib.

-    Araz müəllim, son illər qeyri-neft sektorunda, o cümlədən aqrar sahədə böyük canlanma var. Dövlət başçısının tapşırıqları bu sahəyə diqqəti xeyli dərəcədə artırıb. Bu günkü konfrans da yəqin ki, aqrar sahənin inkişafında yeni mərhələ olacaq.

-       İlk növbədə qeyd edim ki, bu günkü tədbir çox yüksək səviyyədə keçdi. Ölkə başçısı regionların soial-iqtisadi inkişafını daim diqqətdə saxladığını, aqrar sahənin inkişafına xüsusi önəm verdiyi diqqətə çatdırdı. Həqiqətən də, son dövrlər aqrar bölmədə kompleks tədbirlərin həyata keçirilməsi və aqrar     islahatların dərinləşməsi sahəsində ciddi dəyişikliklər baş vermiş və bunlar bu sahədə sosial iqtisadi göstəricilərin yüksəldilməsinə səbəb olmuşdur. Aqrar islahatların dərinləşməsi, iqtisadi mexanizmin təmilləşdirilməsi aqrar bölmədə mövcud olan xüsusi təsərrüfatların və sahibkarların səmərəli fəaliyyət göstərməsi üçün real iqtisadi şəraitin yaradılmasını təmin etmişdir. Son illərdə dünyada baş verən siyasi-iqtisadi təlatümlərə baxmayaraq Ölkə rəhbərinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın siyasi cəhətdən ən stabil ölkəsinə çevrilib.

-          Bu dəyişikliklər rəhbərlik etdiyiniz təsərrüfatda öz əksini necə tapıb?

-          Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı götürülən strateji xətt davamlı olaraq həyata keçirilir. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması, 2016-ci ilin dekabr ayında “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” nin təsdiqi barədə fərman öz bəhrəsini verməkdədir. İqtisadiyyatın bütün sahələrinin, xüsusən də qeyri-neft sektorunun, kənd təsərrüfatının dirçəlməsi üçün görülən tədbirlər biz fermerlərin də ürəyincədir. Yaratdığım “ Yaşıl çay” fermer təsərrüfatında ilk gündən çayçılıqla yanaşı, ölkəmizin ərzaq təminatında mühüm rol oynayan heyvandarlığı da inkişaf etdiririk. Lənkəran rayonunun İstisu qəsəbəsində indiyədək 61 hektar sahədə çay plantasiyası salmış, fermamızda iribuynuzlu heyvanların sayını 250 başa çatdırmışıq. Həmçinin şəxsi vəsaitimiz hesabına Macarıstanın HUNLAND şirkətindən gətirdiyimiz “Hereford” cinsli damazlıq cins heyvanların sayı 50 başa çatdırılıb. Əslində heyvandarlıq bizimçün çayçılığı inkişaf etdirməkdə bir vasitədir. Burada əldə etdiyimiz gəliri çayçılığın inkişafına yönəldirik.

-    Məlum olduğu kimi təsərrrüfatınız çoxprofillidir. Daha hansı sahənin inkişafında maraqlısınız?

-    Çay sahələri ilə yanaşı ötən il 40 hektarda taxıl, 1hektara yaxın sahədə sarımsaq əkini aparmışıq. Həmçinin Cənab Prezidentin ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı çağırışına cavab olaraq 1,2 hektarda 10 min 150 ədəd Çindən gətirilmiş tut tingi əkmişik. Yazda 5 hektarda qarpız və 30 hektarda qarğıdalı əkini aparmağı nəzərdə tutmuşuq. Beləliklə, təsərrüfatımızda həm çayçılığı, həm heyvandarlığı inkişaf etdirməklə yanaşı, baramaçılığın inkişafı üçün də əsaslı baza yaratmışıq. Dövlət başçısının prioritet elan etdiyi sahələri inkişaf etdirməklə, qeyri-neft sektorunun inkişafına, ölkəmizin ərzaq təminatına öz töhfəmizi verməyə çalışır, kənd yerində yeni-yeni iş yerləri yaradır, sakinlərimizin güzəranının yaxşılaşdırılmasına səy göstəririk. İndiyədək nəyə nail olmuşuqsa, Cənab Prezidentin aqrar sahədə sahibkarlığın inkişafına diqqət və qayğısı sayəsində əldə etmək mümkün olmuşdur.

-  Adından da göründüyü kimi təsərrüfatınız əsasən çayçılığı inkişaf etdirməyi nəzərdə tutur. Bu sahədə vəziyyət əvvəllər heç də ürək açan deyildi. Həm də çayçılıq ilkin dövrlərdə daha çox vəsait tələb edir.

-  İlk öncə, onu qeyd edim ki, aqrar sahənin inkişafından söz düşərkən, ilk növbədə, Azərbaycanda həyata keçirilən torpaq islahatını vurğulamaq lazımdır. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan islahatlar nəticəsində sovet dövründən qalan kolxoz və sovxozlar ləğv olundu, torpaqlar əsil sahiblərinə - kəndlilərə verildi, inkişafa təkan ola biləcək yeni qanunlar qəbul olundu. Ölkədə neft sektorunda əldə edilən uğurlarla bir vaxtda aqrar sektorda tarixi əhəmiyyətli bir sənəd - "Torpaq islahatı haqqında" qanun qəbul olundu. 1 mln 250 min hektara qədər olan torpaq kəndlilərə verildi. Həmin dövrdə çay sahələri kəndlilərə verilsə də, ondan düzgün istifadə edilmədi. Xaricdən gələn ucuz çay bu sahəni tamam sıradan çıxardı. Çox çətin dövr idi. Hamı taxıldan başqa heç nəyi düşünmürdü. Bu səbəbdən çayçılıq unuduldu, yerinə taxıl əkildi. Lakin qısa müddətdən sonra hamı anladı ki, hər yerin özünəməxsus iqlim şəraiti, daha çox səmərə verən sahələri var. Bu sahə isə Lənkəranda illərin sınağından keçmiş çayçılıq idi. Dövlətimizin qəbul etdiyi “Çayçılıq haqqında” dövlət proqramı bu sahəyə diqqəti artırdı. Həmçinin cənab İlham Əliyevin rayonların ixtisaslaşdırılması barədə sərəncam və göstərişləri bu gəlirli sahənin yenidən dirçəldilməsinə böyük təkan verdi. Astarada, Lənkəranda çayçılıqda fermer təsərrüfatları yaranmağa başladı. Yaşadığım İstisu qəsəbəsi də əzəldən çayçılıqla məşğul olmuşdu. Gözümü açandan çay sahələrini görmüşdüm. Uzun müddət Rusiyada yaşayıb işləsəm də sıradan çıxan çay sahələrini gördükcə ürəyim ağrıyırdı. Ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı qəbul edilən qanunları, cənab İlham Əliyevin xaricdə yaşayan iş adamlarını ölkəyə dəvət etməsi məndə də böyük ümid yaratdı. Tezliklə  vətənə qayıtdım. Bayaq qeyd etdiyim kimi, 2006-cı ildə “Yaşıl çay” fermer təsərrüfatını yaratdım. Ilk öncə qardaşlarımla birləşib öz torpaqlarımızı, heyvanlarımızı bir yerə yığdıq. Tədricən heyvandarlıq fermamızı yaratdıq. O dövrdə cəmi 17 baş inəyimiz vardı. Hazırda fermamızda qara malın sayı 200 başdan yuxarıdır. Qəsəbə sakinlərindən istifadəsiz qalmış, kol-kos basmış torpaqları satın alıb əkinə yararlı hala gətirdik. Və həmin vaxtdan artıq 10 il keçir. İndi 140 hektara yaxın torpağımız var. Bunun 61 hektarında çay plantasiyası salmışıq. Növbəti illərdə çay sahələrini 100 hektara çatdırmağı düşünürük. Artıq çəkdiyimiz zəhmət bəhrəsini verməyə başlayıb. Ötən il seçmə üsulu ilə 90 tona yaxın yüksək keyfiyyətli yaşıl çay yarpağı yığmağa müvəffəq olmuşuq.

-  Yəqin ötən  dövrdə çətinlikləriniz də az olmamışdır.

-  Əlbəttə. İstənilən işdə problemlər qaçılmazdır. Doğrudur, təsərrüfat işləri üçün lazım olan bütün traktor və digər maşın və mexanizmləri şəxsi vəsaitimizlə alıb gətirmişəm. Lakin su ilə bağlı problemlər daha çox olmuşdur. Məsələn, təsərrüfatımızın bir addımlığında yerləşən Yuxarı Xanbulançay hidroqovşağının 5 nömrəli stansiyası 20 ildən çox idi ki, fəaliyyətsiz idi. Həmin stansiyanın işə salınması üçün çox çalışmalı olduq. Həmçinin həmin stansiyadan sahələrimizə qədər yeni su xəttinin çəkilməsi üçün də müraciətlərimiz çox oldu. Sağ olsun Cənab Prezident. Ona müraciət etdikdən sonra 20 il işləməyən stansiya işə salındı. Sahələrimizə qədər 2200 metr uzunluğunda su xətti çəkildi. Bununla çay sahələrimizə böyük təhdid olan yay aylarındakı quraqlığı adlaya bildik. Buna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Meliorasiya və Su təsərrüfatı ASC-nin rəhbərliyinə, hər işdə yanımızda olan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşova öz minnətdarlığımı bildirirəm. Onların köməkliyi olmasaydı bəlkə də bu çətinlikləri adlaya bilməzdik.

-  Son vaxtlar istehsal etdiyiniz keyfiyyətli quru çayın sorağı ölkəyə yayılıb. Bu barədə nə deyə bilərsiniz?

-  Bəli, bu bizi sevindirməyə bilməz. Axı, əsas məqsədlərimizdən biri də istehsal etdiyimiz yaşıl çay yarpağını özümüz emal edib satışa çıxarmaqdır. Çünki emal müəssisələrinin təklif etdiyi qiymətlər çox aşağıdır.  Öz məhsulumuzu emal etməkdə qərarlıyıq. Artıq bununla bağlı bir sıra ilkin tədbirləri həyata keçirmişik. Tikiləcək fabrik üçün sahə ayrılmış, fabrikin layihə-smeta sənədləri şəhər icra hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Fabriklə bağlı İnvestisiya təşviqi sənədininin alınması üçün İqtisadiyyat Nazirliyinə müraciət etmişik. Bununla yanaşı müəssisəmizin nəzdində mini emal sexi yaratmışıq. Artıq burada istehsal etdiyimiz ekoloji təmiz “Gül çay”, “”Buket” çayı, “Narın çay”, “Feyxoa çayı” və digər çay növləri mütəxəssislər və alıcılar tərəfindən yüksək qiymətləndirilmişdir.

-  Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında kənd təsərrüfatı ilə bağlı prioritet olan istiqamətlərə toxunarkən respublikamızda çayçılığın inkişaf etdirilməli olduğunu vurğulayıb.

-  Dövlətimizin başçısı aqrar sahənin inkişafında ardıcıl və düşünülmüş tədbirlər həyata keçirir. Bu, biz sahibkarları ruhlandıran, stimullaşdıran başlıca məqamlardandır. Cənab İlham Əliyev həmin iclasda əhalinin çaya olan tələbatın ödənilməsində və emal müəssisələrinin fəaliyyətində əsas üstünlüyün yerli çaya verilməli olduğunu konkret olaraq diqqətə çatdıraraq deyib: “Biz özümüzü keyfiyyətli çayla təmin etməliyik və xaricə də Azərbaycanda yetişdirilən çay ixrac etməliyik. Çünki hazırda biz daha çox xaricdən gətirilən çayı burada paketləyib ixrac edirik. O da yaxşıdır. Hər halda çayı idxal etməkdən daha yaxşıdır. Ancaq çalışmalıyıq ki, bizim emal müəssisələri yerli məhsul əsasında fəaliyyət göstərsin və bu, təkcə çayçılığa aid deyil. Biz çalışmalıyıq ki, Azərbaycanda məhsullar yerli xammal əsasında istehsal olunsun və ixrac edilsin”. Azərbaycan Prezidentinin ölkəmizdə çayçılığın inkişafı ilə bağlı söylədiyi bu strateji fikirlər cənub bölgəsində fəaliyyət göstərən bütün fermerlər, o cümlədən mənim üçün proqram xarakteri daşıyır. Və çalışacağıq ki, var qüvvəmizi  dövlət başçısının fikirlərinə əsaslanaraq çayçılığın əvvəlki şöhrətini bərpa edək. Azərbaycan çayını nəinki yerli, həm də dünya bazarlarına çıxaraq.

-  Müsahibəyə görə çox sağ olun!

             -  Siz də sağ olun!

        Sərraf Mirsəfəroğu