Regionların inkişafı dövlətimizin xüsusi diqqət mərkəzindədir

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda mən də iştirak edirdim. İlk növbədə qeyd edim ki, bu konfrans ölkə başçısı cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafını daim diqqətdə saxladığını, aqrar sahənin tərəqqisinə xüsusi önəm verdiyini bir daha göstərdi. Həqiqətən də son dövrlər kənd təsərrüfatında kompleks tədbirlərin həyata keçirilməsi və aqrar islahatların dərinləşməsi nəticəsində bu sahədə müsbət göstəricilər əldə olunub, xüsusi təsərrüfatların və sahibkarların səmərəli fəaliyyət göstərmələri üçün real iqtisadi şərait yaradılıb.

Bütün bu dəyişiklikləri rəhbərlik etdiyim aqrar qurumun timsalında da aydın görmək olar. Bu barədə danışmazdan əvvəl onu qeyd edim ki, yaratdığım “ Yaşıl çay” fermer təsərrüfatında ilk gündən çayçılıqla yanaşı, ölkəmizin ərzaq təminatında mühüm rol oynayan heyvandarlığı da inkişaf etdiririk. Xatırladım ki, rayonumuzun İstisu qəsəbəsində indiyədək 61 hektar sahədə çay plantasiyası salmış, fermamızda iribuynuzlu heyvanların sayını 250 başa çatdırmışıq. Həmçinin şəxsi vəsaitimiz hesabına Macarıstanın HUNLAND şirkətindən gətirdiyimiz “Hereford” cinsli damazlıq heyvanların sayı 50 başa çatdırılıb. Əslində heyvandarlıq bizim üçün çayçılığı inkişaf etdirməkdə bir vasitədir. Buradan əldə etdiyimiz gəliri çayçılığın inkişafına yönəldirik.

Çay sahələri ilə yanaşı, ötən il 40 hektarda taxıl, 1 hektara yaxın sahədə sarımsaq əkini aparmışıq. Həmçinin cənab Prezidentin ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı çağırışına cavab olaraq 1,2 hektarda 10 min 150 ədəd Çindən gətirilən tut tingi əkmişik. Yazda 5 hektarda qarpız və 30 hektarda qarğıdalı əkini aparmağı da nəzərdə tutmuşuq. Beləliklə, təsərrüfatımızda həm çayçılığı, həm də heyvandarlığı inkişaf etdirməklə yanaşı, baramaçılıq üçün də əsaslı baza yaratmışıq.

Dövlət başçısının prioritet elan etdiyi sahələri diqqət mərkəzində saxlamaqla bərabər, qeyri-neft sektorunun inkişafına, ölkəmizin ərzaq təminatına öz töhfəmizi verməyə çalışır, yeni iş yerləri yaradır, sakinlərin güzəranının yaxşılaşdırılmasına səy göstəririk. İndiyədək əldə etdiklərimiz cənab İlham Əliyevin aqrar sahədə sahibkarlığın inkişafına diqqət və qayğısı sayəsində mümkün olub.

Fərəh hissi ilə onu da vurğulayım ki, son vaxtlar istehsal etdiyimiz quru çayın keyfiyyəti alıcıların diqqətini çəkib. Bu, bizi sevindirməyə bilməz. Axı, əsas məqsədlərimizdən biri də istehsal etdiyimiz yaşıl çay yarpağını özümüz emal edib satışa çıxarmaqdır. Çünki emal müəssisələrinin təklif etdiyi qiymətlər çox aşağıdır. Öz məhsulumuzu emal etməkdə qərarlıyıq. Artıq bununla bağlı bir sıra ilkin tədbirlər həyata keçirmişik. Tikiləcək fabrik üçün sahə ayrılıb, layihə-smeta sənədləri şəhər icra hakimiyyəti tərəfindən təsdiq edilib. Müəssisə ilə bağlı investisiya təşviqi sənədinin alınması üçün İqtisadiyyat Nazirliyinə müraciət etmişik. Bununla yanaşı, mini emal sexi yaratmışıq. Artıq burada istehsal etdiyimiz ekoloji təmiz “Gül çay”, “Buket” çayı, “Narın çay”, “Feyxoa çayı” və digər çay növləri mütəxəssislər və alıcılar tərəfindən yüksək qiymətləndirilib.

Dövlətimizin başçısı aqrar sahənin inkişafı üçün ardıcıl və düşünülmüş tədbirlər həyata keçirir. Bu, biz sahibkarları daha böyük uğurlara ruhlandırır. Cənab İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əhalinin çaya olan tələbatının ödənilmə­sin­də və emal müəssisələrinin fəaliyyətində əsas üstünlüyün yerli çaya verilməli olduğunu konkret olaraq diqqətə çatdırıb: “Biz özümüzü keyfiyyətli çayla təmin etməliyik və xaricə də Azərbaycanda yetişdirilən çay ixrac etməliyik. Çünki hazırda biz daha çox xaricdən gətirilən çayı burada paketləyib ixrac edirik. O da yaxşıdır. Hər halda çayı idxal etməkdən daha yaxşıdır. Ancaq çalışmalıyıq ki, bizim emal müəssisələri yerli məhsul əsasında fəaliyyət göstərsin və bu, təkcə çayçılığa aid deyil. Biz çalışmalıyıq ki, Azərbaycanda məhsullar yerli xammal əsasında istehsal olunsun və ixrac edilsin”.

Azərbaycan Prezidentinin ölkəmizdə çayçılığın inkişafı ilə bağlı söylədiyi bu fikirlər cənub bölgəsində fəaliyyət göstərən bütün fermerlər  üçün proqram xarakteri daşıyır. Calışacağıq ki, dövlət başçısının fikirlərinə əsaslanaraq çayçılığın əvvəlki şöhrətini bərpa edək. Azərbaycan çayını nəinki yerli bazara, həm də dünya bazarlarına çıxaraq.

Araz YAĞUBOV,
Lənkəran rayonu,
sahibkar

"Xalq qəzeti", 03.02.2017