Kənd Təsərrüfatı Nazirliyi ilə BMT bölgələrdə yeni layihə həyata keçirəcək (FOTO)

Bu gün Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı (BMT İP) arasında aqro-biomüxtəliflik sahəsində birgə layihənin həyata keçirilməsi üzrə imzalanma mərasimi olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Layihə Qlobal Ekologiya Fondu (GEF) və BMT İP tərəfindən Azərbaycanının Şəki, Goranboy və Göyçay rayonlarında beş il ərzində həyata keçiriləcək.

İmzalanma mərasimində çıxış edən nazir Heydər Əsədov bildirib ki, layihənin əsas məqsədi üç komponentdən ibarətdir:

- Bitkilərin və yerli ənənəvi sortların yabanı əcdadların öz təbii areallarında qorunmasının inkişaf etdirilməsi;
- Bitkilərin yerli yabanı əcdadları və yerli ənənəvi sortların becərilməsi üçün müvafiq genetik resursların təmin edilməsi məqsədilə onların bitki genbanklarında qorunmasının genişləndirilməsi;
- Yerli sortların kiçik fermer təsərrüfatlarında və kommersiya yönümlü təsərrüfatlarda istehsalın və istifadənin artırılması.

Layihə, həmçinin aqro-biomüxtəliflik sahəsində biliyin artırılması, müvafiq institutlar və fermerlər arasında milli bacarıqların inkişafı, eləcə də yerli fermerlərin bazara çıxışının gücləndirilməsi istiqamətində önəmli addımlardan biri olacaq.

Nazir qeyd edib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, dayanıqlı və inklüziv iqtisadi inkişafın təbliği, institusional bacarıqların, səmərəli ictimai və sosial xidmətlərin gücləndirilməsi, həmçinin ətraf mühitin idarəedilməsi və təbii fəlakətlərə qarşı dayanıqlığın artırılması kimi tədbirlərin dəstəklənməsində BMT İP layihələri öz töhfəsini verəcək.

BMT İP-in rezident nümayəndəsi Qulam İshaqzai bu sahədə əməkdaşlığın perspektivlərindən danışıb:

“Aqro-biomüxtəlifliyin qorunması dayanıqlı inkişaf üçün olduqca əhəmiyyətlidir və bir çox Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda vacib rol oynayacaq. Aqrar bio-müxtəlifliyin istifadəsi aqrar ekosistemlərin daha davamlı və məhsuldar olmasına yardım edəcək, eləcə də iqlim dəyişmələrinin idarəetməsinə və daha zəngin qidalanmaya, məhsuldarlıq və rifaha müsbət təsir göstərəcək”.

Sonra imzalanma mərasimi olub.

Nazir H.Əsədov və BMT İP-in rezident nümayəndəsi Q.İshaqzai Azərbaycanda kənd təsərrüfatı sahəsinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb, bu layihənin kənd təsərrüfatına dair Strateji Yol Xəritəsinin həyata keçirilməsinə dəstək olacağına əminliklərini ifadə ediblər.

  "Yaşıl çay"