Araz Yağubov: “Əsas məqsədlərimizdən biri ixracyönümlü məhsul istehsalıdır”-Müsahibə

Cənab İlham Əliyevin “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” haqqında fərmanı Azərbaycanda qeyri-neft sektorunun dirçəlməsi baxımından tarixi əhəmiyyətə malik sənəd olmaqla bölgələrdə emal müəssisələrinin yaradılmasını da önə çəkir. Artıq bununla bağlı əməli işlər həyata keçirilməkdədir. Lənkəran rayonunun ən böyük fermer təsərrüfatlarından olan “Yaşıl çay” FT MMC bu sahədə fəaliyyətini uğurla davam etdirir, yeni layihələrə imza atır. Bu günlərdə təsərrüfatın rəhbəri Araz Yağubov İran İslam Respublikasında işgüzar səfərdə olmuşdur. Onunla müsahibəni sizə təqdim edirik

-       Araz müəllim, xahiş edirəm səfəriniz barədə məlumat verəsiniz.

-       Qeyd edim ki, bu gün təsərrüfatımız inkişaf mərhələsini yaşayır. Bu mənada ölkədə məhsul bolluğunun yaradılması, rəqabətə davamlı məhsulların istehsal olunması üçün sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün görülən işlər bizə güclü stimul vermişdir. Belə ki, ölkə başçısının verdiyi Sərəncamla vergi, gömrük lisenziyalaşdırma qaydalarının sadələşdirilməsi, xüsusilə də Vergi Məcəlləsində müvafiq dəyişiklik edilməsi iş adamlarının sərbəst fəaliyyəti üçün yeni imkanlar yaradır. Dövlət başçısı tərəfindən son vaxtlar bu istiqamətdə verilən qərarlar, imzalanan sənədlər göstərir ki, həmin çərçivədə də işlər kifayət qədər sürətlə gedir. Cənab İlham Əliyevin “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” haqqında fərmanı bu sahədə xüsusi önəm daşıyır. Üstəlik, qeyri-neft sektorunun inkişafına xidmət edən tədbirlər davam etdirilir- sahibkarlara hərtərəfli maddi və əməli dəstək verilir, aqrar sektorda gəlir verən ənənəvi sahələrin dirçəldilməsi üçün konkret işlər görülür, ixracyönlü məhsulların istehsalı stimullaşdırılır. Artıq mənim də İqtisadiyyat Nazirliyinə “Yeni çay sahələrinin salınması ilə bağlı” təqdim etdiyim biznes layihəsi bəyənilmiş və bu sahənin inkişafı ilə bağlı “İnvestisiya təşviqi sənədi”  verilmişdir. İkinci əsas layihəmiz isə qida məhsullarının istehsalı ilə bağlıdır. Yeni çay emalı müəssisənin yaradılmasını nəzərdə tutan layihəmiz də icraatdadır və həmin sənədin də tezliklə veriləcəyinə ümid edirik. Hazırda ən ümdə məqsədlərimizdən biri çay emalı kompleksinin qurulmasıdır. Çünki ötən il istehsal etdiyimiz 90 ton yaşıl çay yarpağının çoxunu ayrı emal müəssisəsinə verməli olmuşuq. Nəticədə təsərrüfatımız əhəmiyyətli dərəcədə öz gəlirindən məhrum olmuşdur. Çünki onların təklif etdiyi qiymət bizi heç cür qane etmir. Əksinə təsərrüfatımızın ziyanla işləməsinə səbəb olur. Mövcud mini emla seximizdə isə artan yaşıl çay yarpağını emal etmək mümkün deyildir. Hazırda bu sexin daha da genişləndirilməsi üçün ardıcıl olaraq tədbirlərimizi davam etdiririk. Bu məqsədlə İran İslam Respublikamıza səfər etdim. Burada çay emal edən müəssisələrinə baş çəkdim, çay emalı prosesi və onun qablaşdırılması prosesi ilə tanış olmaq imkanı qazandım. Bu sahə həqiqətən qonşu dövlətdə kifayət qədər yaxşı inkişaf edib.

-       Yəqin ki əsas məqsədiniz təkcə emal prosesi ilə tanış olmaq deyildi?

-       Əlbəttə. Yuxarıda qeyd etdiyim kimi hazırda əsas məqsədlərimizdən biri çay emalı müəssisəsinin daha da genişləndirilməsi və modernləşdirilməsidir. İranda çay emalı və qablaşdıran avadanlıqlar istehsal edən “Sanat Sazan Namavar CO” müəssisəsində oldum. Burada müasir avadanlıqlarla tanış oldum. Həmin zavoddan çay çəkici-bükücü avadanlığının alınması barədə ilkin müqavilə imzaladıq. Yeni avadanlığın alınmasıyla müəssisəmizdə mövcud çay emalı sexində  müxtəlif çeşidli quru çay məhsullarının istehsalına nail olmağa və ekoloji cəhətdən təmiz təbii məhsullarımızı xarici ölkələrə ixrac etməyi nəzərdə tuturuq. Xatırladım ki, Prezident İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamına əsasən bu sahədə qarşıya qoyulan vəzifələrdən biri “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqidir. Oktyabrın 5-də isə Prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanla yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası, həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilib.  Bu sənəd təbii ki, biz aqrar sahədə çalışan iş adamlarına yeni yol açır, mövcud istehsal sahələrinin daha da modernləşməsinə və daha keyfiyyətli məhsul istehsalına sövq edir. Bu gün qarşıda duran ümdə vəzifələrdən biri ixracda həm məhsulların çeşidinin, həm də coğrafiya baxımından şaxələndirilməsidir. Azərbaycan məhsullarının yeni bazarlara çıxış imkanlarını genişləndirmək üçün tədbirlər öz bəhrəsini verir. Və biz sahibkarlar da buna çalışırıq.

Aldığımız İnvestisiya təşviqi sənədi də bizə Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda nəzərdə tutulan güzəştlərdən yararlanmağa imkan verir. Bu sənədi almaqla biz mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad edilirik. Bir sözlə, bu, qeyri-neft sektoruna qoyulan investisiyaların artırılmasına, yeni iş yerlərinin açılmasına əlverişli zəmin yaratmaqla yanaşı, sahibkarlığın inkişafına da əhəmiyyətli töhfə verəcəkdir.

-       Söhbətimizin sonunda daha nə demək istəyirsiniz?

-        Yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda mən də iştirak edirdim. Dövlət başçısı həm iş adamları, həm də yerli icra orqanlarının daha çox diqqət verilməli olduqları sahələri sadaladı. Cənab Prezident ölkədə istehsal olunan ərzaq məhsulları və bu məhsullar üzrə xaricdən asılılıq dərəcəsi üzrə statistik məlumatları da səsləndirərək bu sahələrə daha çox diqqət verilməli olduğunu bildirdi. Cənab Prezidentin möhkəm iradə nümayiş etdirərək elan etdiyi strateji xətt-qeyri-neft sektorunu yeni mərhələyə çıxarmaq baxımından qəbul etdiyi “yol xəritəsi” ölkəmizin həyatında böyük hadisə kimi qiymətləndirirəm. Rəhbərlik etdiyim kollektiv adından cənab Prezidenti əmin etmək istəyirəm ki, biz bundan sonra da Onun müdrik və uzaqgörən daxili və xarici siyasətini müdafiə edəcək, var gücümüzü ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə yönələn fəaliyyətimizi davam etdirəcəyik. İnanıram ki, tezliklə müəssisəmizdə istehsal edilən çay məhsullarını “Made in Azerbaijana” brendi altında xarici ölkələrə ixrac etməklə Möhtərəm Prezidentimizin çağırışına öz töhfəmizi vermiş olacağıq. Hazırda bütün fəaliyyətimiz bu hədəfə istiqamətlənmişdir.

-       Müsahibəyə görə çox sağ olun! İşinizdə uğurlar arzulayıram!

-       Siz də sağ olun!

 

                 Söhbəti qələmə aldı,

                  Sərraf Talıbov