Araz Yağubov: "Aqrar sahənin inkişafına dövlət dəstəyi getdikcə artır" MÜSAHİBƏ

İlham Əliyev: “Kənd təsərrüfatı həm məşğulluqdur, həm inkişafdır, həm də ixracdır”
Prezident İlham Əliyevin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında Fərmanı” və “Kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam”ı aqrar sahənin sürətli inkişafında yeni bir mərhələdir. Yeni Fərman və Sərəncamla bağlı Lənkəranda fəaliyyət göstərən “Yaşıl çay” fermer təsərrüfatının rəhbəri Araz Yağubovla söhbətləşdik:
- Araz müəllim, əvvəlcə Sərəncam barədə fikirlərinizi bilmək maraqlı olardı.
 
- Aqrar sahənin daha sürətli inkişafına hesablanmış bu mühüm Sərəncam doğma Azərbaycanımızda kənd təsərrüfatında çalışan fermer təsərrüfatının rəhbəri kimi mənim və kollektivimizin hədsiz sevincinə səbəb olmuşdur. Yeni verilmiş Sərəncam aqrar sahənin dayanıqlı inkişafı üçün verilən sənəd kimi, ölkəmizdə bu sahəyə nə qədər diqqət və qayğının olduğunun bariz nümunəsidir. Sərəncam “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icrasına böyük töhfə verəcək və bu istiqamətdə görülən işlərin sürətlənməsinə səbəb olacaq. Hesab edirəm ki, Strateji Yol Xəritəsində aqrar sahədə maliyyəyə çıxışın asanlaşdırılması üçün 3 prioritet istiqamət - aqrar sahədə maliyyələşmə mexanizminin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi və kənd təsərrüfatına yerli və eləcə də xarici investisiyaların cəlb edilməsinin stimullaşdırılması müəyyənləşib. Hər üç istiqamət böyük əhəmiyyət daşıyır.
 
- İş prosesində yəqin ki, bu məsələlərlə qarşılaşmısınız?
 
- Əlbəttə. Təsərrüfatımız yaranan gündən, yəni 2006-cı ildən güzəştli kredit almaqdan ötrü dəfələrlə əlaqədar təşkilatlara müraciət etməli olmuşuq. Lakin müvəkkil bankların irəli sürdüyü qeyri-məqbul şərtlər bizi dövlətimizin ayırdığı kreditlərdən yararlanmağa imkan verməyib. Bu da inkişafımızın sürətini azaldıb. Necə deyərlər, ancaq daxili imkanlar hesabına vəziyyətdən çıxmaq, təsərrüfatımızı qurmağa çalışmışıq. Yalnız 2 dəfə 15 min manat güzəştli kredit ala bilmişik. Lakin ferma binasının tikintisi, çay plantasiyalarında suvarma sisteminin quraşdırılması və müəssisəmizin nəzdində çay emalı müəssisəsinin tikintisi ilə bağlı daha yüksək məbləğdə kredit almaq istəklərimiz üçün tələb olunan şərtlər, yəni Bakıda kreditin ikiqat dəyərində girovun tələb edilməsi əl-qolumuzu bağlayıb, lazımi güzəştli krediti ala bilməmişik, bu da inkişafımızı ləngidən səbəblərdən olub. Sağ olsun, Cənab Prezidentimiz! Nəhayət bu problemlərə əncam çəkəcək bir samballı Sərəncam imzaladı. Biz Cənab Prezidentə minnətdarıq! İnanırdım ki, möhtərəm Prezidentimiz bu məsələyə hökmən diqqət yetirəcək. Bu, bizi sevindirməyə bilməz. Əlavə edim ki, kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatında mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına, fəallığın yüksəlməsinə səbəb olub. Ölkəmizdə aqrar sahənin inkişafına dövlət dəstəyi getdikcə artır, bu sahədə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Aqrar sahədə istehsalçı marağını artırmaq məqsədilə gübrələr və yanacaq da son dərəcə əlverişli şərtlər əsasında paylanılır. Ən başlıcası isə, uzun illərdir ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün digər vergilərdən azaddırlar. Bu yaxınlarda İqtisadiyyat Nazirliyindən 2 sahə, həm çay əkini, həm də çay emalı fabriki ilə bağlı “İnvestisiya təşviqi sənədi”ni almışıq. Bu sənədlər dövlətimizin biz iş adamlarına böyük qayğısıdır. Yeddi il müddətinə bütün vergilərdən azad olunmuşuq Yeri gəlmişkən, bütün iş adamlarını dövlətimizin yaratdığı bu qayğıdan yararlanmağa səsləyirəm. Əlbəttə, dövlət başçımızın təbirincə desək, dünyada ikinci belə ölkə tapılmaz ki, fermerlərə bu qədər şərait yaratsın, onlara belə güzəştlər etsin. Bütün bunlar isə, heç şübhəsiz, ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, aqrar sahədə sahibkarlıq hissinin gücləndirilməsinə, daxili bazarda məhsul bolluğunun təmin edilməsinə hesablanmış addımlardır. Hətta yaxın illərdə Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevrilməsi də başlıca hədəf olaraq seçilmişdir. Bu məqsədə çatmaq üçün isə ölkəmizdə hər cür imkan, ən başlıcası isə dövlət dəstəyi mövcuddur.
- Sərəncamda 2-ci prioritet aqrar sığortadır. Bu barədə nə deyə bilərsiniz?
 
- Kənd təsərrüfatı riskli sahədir. Bu səbəbdən sığorta şirkətləri indiyə kimi bu sahəyə o qədər də maraq göstərməyiblər. Sığorta olmadığı üçün əlverişsiz hava şəraitində bəzən itkilərlə üzləşən kənd adamı itkilərini bərpa edə bilməyib. Nəticədə itirən yenə iqtisadiyyatımız, aqrar sahəmiz bu sahədə çalışan sahibkarlar olmaqla ərzaq məhsulları istehsalında uğurlarımız lazımi saviyyədə olmamışdır. Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev sənaye istehsalı və kənd təsərrüfatı sahələrini prioritet sahələr adlandırdı. Qeyri-neft sektorunun istehsal etdiyi məhsulların ixracı ilə bağlı məsələyə toxunan dövlətimizin başçısı Azərbaycan brendinin dünyada təbliğ edildiyini, ticarət-ixrac missiyalarının həyata keçirildiyini qeyd etdi. Biz də cənab Prezidentin çağırışına səslənərək istehsal etdiyimiz yüksək keyfiyyətli yaşıl çay yarpağını özümüz emal etmək üçün fəaliyyətimizi genişləndirməyə çalışırıq. Mini çay emal seximiz fəaliyyət göstərir. Bu sahəni daha da genişləndirmək üçün tədbirlərə başlamışıq. Cənab Prezidentimizin qonşu İran İslam Respublikasına səfərindən sonra bu ölkədə oldum. Burada çay emalı və qablaşdırıcı avadanlığın alınması üçün razılaşma əldə etdik. Çalışacağıq ki, cari ildə “Çay emal fabriki kompleksi”ni də işə salaq. Keyfiyyətli quru çay istehsalını artırmaqla “Made in Azerbaycana” brendini almaq üçün əlimizdən gələni edəcəyik. Hazırda müəssisəmizdə ekoloji təmiz “Buket”, Gül çayı”, “Premium”, Feyxoa çayı, “Narın çay” və “Ekstra” növ çaylar istehsal olunur. Bu ildən daha 3 növdə - “Zəncəfil çayı”, “Kəklikotu çayı” və Azərbaycanda ilk dəfə olaraq Tibet texnologiyası əsasında quru çay istehsal etməyi nəzərdə tutmuşuq. Bütün fəaliyyətimizi cənab Prezidentin tələb və göstərişlərinə uyğulaşdırmağa çalışacağıq.
- Araz müəllim,“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında Fərmanı barədə nə deyə bilərsiniz?
 
- Bu Fərman da Ölkə başçısının elan etdiyi strateji xəttə nə qədər önəm verdiyini göstərir. Aqrar sahənin ardıcıl məhsuldar inkişafı üçün kompleks şəklində qanunverici baza yaradılır. Kənd təsərrüfatının inkişafı üçün işlək mexanizm tədbirləri həyata keçirilir. Sözsüz demək olar ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan aqrar islahatların onun layiqli siyasi varisi, möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsi ölkənin kənd təsərrüfatını yeni mərhələyə daşıyır. Çünki sahibkar texniki şərtləri almaq üçün çox əziyyət çəkirdi. Elektrik enerjisi ilə texniki şərtlərin alınmasının asanlaşdırılması işlərin daha da sürətlə aparılmasına, bürokratik əngəllərin aradan qaldırılması hesablanmışdır. İnanınıram ki, Reyestr Xidmətinin də tezliklə “ASAN” Xidmətə verilməsi aqrar sahədə çalışanlara böyük stimul verəcəkdir.
 
- Təsərrüfatınız barədə nə deyə bilərsiniz? Hansı işlər görülür?
 
- Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “Bir sözlə, kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Ona görə, mən bu məsələyə bu gün də ümumiyyətlə çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır. Biz ixracı şaxələndirməliyik və ilk növbədə kənd təsərrüfatı məhsulları hesabına... Bu, ölkəmizə daha çox valyuta, kənddə yaşayanlara isə əlavə vəsait gətirəcək”. Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində artıq bir neçə ildir ki, aqrar sahədə daxili istehsal hesabına əhalinin bir sıra kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olmuşdur. Ərzaq təhlükəsizliyi ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyindən bu istiqamətdə aparılan məqsədyönlü siyasət əsasən mövcud potensialdan və torpaq ehtiyatlarından istifadənin səmərəsini yüksəltməklə istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına yönəldilmişdir. Sözsüz ki, son illərdə kənd təsərrüfatına dövlət qayğısının artması ölkəmizdə məhsul istehsalına güclü təkan verib. Odur ki, ildən-ilə məhsul istehsalı artır. Rəhbəri olduğum müəssisə əsasən çayçılıq və heyvandarlıq sahələrinin inkişafı ilə məşğuldur. 300 baş mal-qara, 61 hektarda çay plantasiyasından savayı, ötən il 1,2 hektarda 10.150 ədəd tut tingi əkini, həmçinin 40 hektarda taxıl və sair tərəvəz, bostan məhsulları əkini keçirmişik. Hazırda payızda çay əkini aparmaq üçün 1 hektarda çay tingliyi salınır. Təsərrüfatımızda ailə üzvlərimizlə bərabər 60 yaxın kənd sakini çalışır. “Yaşıl çay” FT MMC Bakı şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarında mütəmadi olaraq iştirak edir. Novruz Bayramı münasibətilə Dənizkənarı Bulvarda təşkil olunan yarmarkada təqdim etdiyimiz çay məhsulları cənab Prezident İlham Əliyevin də diqqətini cəlb etmişdir. Cənab İlham Əliyev “Yaşıl çay”ın istehsalı olan ekoloji cəhətdən təmiz çayla xüsusi maraqlandı və yeni məhsul barədə həmin vaxt Bakıda olan Beynəlxalq Forumun iştirakçılarına həvəslə məlumat verdi. Bu, Möhtərəm Prezidentimiz İlham Əliyevin aqrar sahədə çalışanlara nə qədər diqqət və önəm verməsinin əyani nümayişi idi. Buna görə, öz adımdan, “Yaşıl çay” MMC-nin kollektivi adından Cənab Prezidentə minnətdarlığımızı bildiririk! Bu diqqət bizdə böyük ruh yüksəkliyi yaratdı. Çalışacağıq ki, bundan sonra da bizə göstərilən etimadı doğruldaq və işimizin həcmini və keyfiyyətini yüksəltməklə ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhvəmizi verək.
- Müsahibəyə görə çox sağ olun!
 
- Siz də sağ olun!
 
Qələmə aldı: S.Talıbov
http://sia.az/az/news/social/604609