Elimiz, obamız. GÖLYERİ KÜP QƏBİR ABİDƏSİ

Gölyeri küp qəbir abidəsi Viləşçay hövzəsində, Yardımlı rayonunun eyni adlı kəndinin ərazisində yerləşir. 1987-ci ilin yayında AMEA-nın Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya şöbəsinin arxeoloji ekspedisiyasının üzvləri Qoşqar Qoşqarlı və Təvəkkül Əliyev burada tədqiqat işləri aparmışlar. Tədqiqat işləri zamanı Gölyeri kəndinin ətrafındakı küplərdən dəmir balta, gildən düzəldilmiş iy başlıqları və digər əşyalar götürülüb öyrənilmişdir.

   Burada eyni zaman da saxsıdan hazırlanmış məişət qabları, saxsı kasalar, camlar, bardaqlar, dolçalar, çırağa oxşar qablar, təsərrüfat alətləri, dəmir silahlar, xəncər, yarı sınmış halda bıçaqlar, hündürlüyü 16 sm, ağzının eni 7,8 sm olan qırmızımtıl rəngli, bir qulplu dolça tapılmışdır (Mirnağı Nəzərli. Yardımlı rayonunun qədim və orta əsrlər tarixi,  I cild. B., 2012, səh.71).

   Gölyeri küplərinin birində tapılmış gil camda buğda çürüntülərinə rast gəlinmişdir. Buğda çürüntülərinin aşkarlanması həmin ərazidə əkinçilik mədəniyyətinin mövcudluğundan xəbər verir. Gölyeri küplərindən tapılmış maddi-mədəniyyət nümunələrinə əsaslanan arxeoloqlar bu küplərin yaşını eramızdan əvvəl V-IV əsrlərə aid edirlər. Gölyeri küp qəbir abidəsi Tunc dövrü  (e.ə. IV-II minillik) abidələri xəritəsinə və  həm də antik dövr abidəsi kimi respublikamızın əsas tarixi-arxeoloji abidələri xəritəsinə daxil edilmişdir.

 

                                                                                                                                             İldırım ŞÜKÜRZADƏ,

                                                                                                                                              tədqiqatçı-tarixçi