Ümumdünya Turizm Günü Lənkəranda təntənə ilə qeyd olundu

Sentyabrın 27-də Ümumdünya Turizm Günü ilə bağlı Lənkəran Turizm İnformasiya Mərkəzinin (TİM) təşəbbüsü və təşkilatçılığı, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin və Heydər Əliyev Mərkəzinin iştirakı ilə Heydər Əliyev Mərkəzində Cənub bölgəsinin turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub.

Tədbirdə Lənkərada fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlər iştirak edərək öz məhsullarını və xidmətlərini nümayiş etdiriblər. TİM tərəfindən hər bir turizm obyekti üçün xüsusi dizaynla posterlər hazırlanmış məhsullarının nümayişi üçün əyani vəsaitlər verilib.  Tədbirdə yerli vətəndaşlarla yanaşı Polşadan olan turist qrupu da iştirak etdi. Sərgi çərçivəsində Heydər Əliyev Mərkəzi tərəfindən milli rəqslər və mərkəzin dərnək üzvlərinin əl işləri də nümayiş olunub. Tədbirdə çıxış edən Lənkəran TİM-in direktoru İlqar Əzimov ölkəmizdə turizm sahəsində aparılan ardıcıl işlər barədə məlumat verib, bu sahənin daim qayğı və diqqət mərkəzində olduğunu bir daha vurğulayıb.

Sərgidə Lənkəranla yanaşı Astara və Lerik rayonlarının da turizm məkanlarının fotoları nümayiş olunub. İlk dəfə olaraq təbii muzey sayılan Astaranın Sım kəndinin əsrarəngiz fotoları nümayiş etdirilib. Tədbirdə xüsusi ilə Xan Lənkəran oteli, Palmalife oteli, Bəşəru istirahət mərkəzi xüsusi fəallıq göstəriblər. Buna görə TİM tərəfindən onlara təşəkkür elan edilib. Sərgi həftənin sonuna kimi davam edəcək. Eyni zamanda Lənkəran Mədəniyyət Mərkəzi ilə birgə mərkəzin foyesində turizm fotosərgisi təşkil olunub və TİM-in köməkliyi ilə çəkilmiş Lənkəranın turizm potensialını əks etdirən sənədli film təqdim edilib. Bu səpkidə tədbirlər günün ikinci yarısında Tarix-diyarşünaslıq muzeyində və uşaq musiqi məktəbində də davam etdirilib. Tədbir ziyarətçilər, xüsusi ilə əcnəbi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisii Vüsal Nəsirli və idarənin məsül əməkdaşları, mədəniyyət müəssisələrinin nümayəndələri, rayon sakinləri də iştirak ediblər.

Sərraf Talıbov