Beynəlxalq Muğam Mərkəzində Molla Pənah Vaqifin 300 illik yubileyi keçirilib

Beynəlxalq Muğam Mərkəzində böyük Azərbaycan şairi, siyasi və ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub.

Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyası Mədəniyyət kanalının birgə layihəsi əsasında baş tutub.

Qarabağ xanının birinci vəziri XVIII əsrin məşhur siyasi və ictimai xadimi Molla Pənah Vaqif xalqımızın orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış görkəmli şairlərindəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdi.

Molla Pənah Vaqif öz ənənləri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır.O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri yaratmış, milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdi.

Unudulmaz şairimiz Səməd Vurğunun sözü ilə desək, Vaqif yaradıçılığı ictimai təfəkkürümüzün və poeziyamızın inkişafı tarixində yeni bir mərhələ olub. Şair Azərbaycan ədəbiyyatında məhəbbət, gözəllik lirikasının yaradıcılarından biri və misilsiz usdadı kimi şöhrət qazanmışdı.

Konsertin bədii hissəsində Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ehtiram Hüseynov “Baxdın maral kimi”, xanəndələr Abgül Mirzəliyev “Sənə qurban”, Babək Şuşalı “Şirin yuxu olaydım” , Zeynal Əhmədov “Gözlərin”, Məmməd Nəcəfov Humayun təsnifini, Xətai Hacıyev Segah təsnifini ifa ediblər.

Gecədə Azərbaycan Televiziyasının çəkdiyi “Vaqif” filmindən fraqmentlər nümayiş etdirilib.

Tədbirin aparıcısı xalq artisti Eldost Bayram olub. Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Beynəlxalq Muğam Mərkəzində silsilə konsertlər və tədbirlər davam edir. Oktyabrın 26- da saat 19-00 da Beynəlxalq Muğam Mərkəzində “Muğamat var olan yerdə” layihəsi çərçivəsində xanəndə Pərviz Qasımovun konserti keçiriləcək. Biletleri şəhərimizin kassalarından, ASAN xidmət mərkəzlərindən, online itikcet.az saytından əldə etmək olar.

  "Yaşıl çay"