Lənkəran teatrı Cəlilabadda qastrol səfərində olub

Oktyabrın 27-də Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabadda qastrol səfərində olub. Yaradıcı kollektiv Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzinin səhnəsində yazıçı-dramatirq Hafiz Mirzənin “Ay lolo və ya mockvalı gəlin” tamaşası ilə sənətsevərlər qarşısında çıxış edib.

Teatrın rejissoru, Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi tamaşada hadisələr keçmiş sovet dövründə cərəyan edir.

Tamaşanın quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Əsas rolları əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Allahverən Babayev, Qızılgül Quliyeva, Səyad Əliyev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.

Qeyd edək ki, sənətsevərlər tərəfindən maraqla baxılan tamaşanı Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun icra strukturlarının, hüquq-mühafizə otqanlarının nümayəndələri və pedaqoji ictimaiyyəti də izləyiblər.

  “Yaşıl çay”