Lənkəran teatrında uşaqlar üçün hazırlanmış tamaşanın premyerası olub

Dekabrın 17-də Lənkəran Dövlət Dram Teatrında uşaqlar üçün hazırlanmış yeni tamaşanın premyerası olub. Teatrın ədəbi-dram hissəsinin rəhbəri Ağaddin Babayevin sözlərinə görə, gənc rejissor Emil Əsgərovun müəllifi olduğu və quruluş verdiyi bir hissəli “Şaxta baba və Pərilər” musiqili-nəğməli nağıl-tamaşada  Yeni ilin daxil olmasını intizarla gözləyən Pərilərin başına gələn keşməkeşli hadisələrdən söhbət açılır. Meşənin dərinliklərində yaşayan bəd niyyətli qarılarla baş verən mübarizənin sonunda Pərilər qalib gələrək Şaxta baba ilə Qar qızın səhnəyə gələrək tamaşaçılar qarşısına çıxmasına nail olurlar.

Rejissorun fikrincə, səhnə əsərində cərəyan edən hadisələr əyləncəli muzikl məzmunda təqdim olunsa da, burada əsas mahiyyət azyaşlı tamaşaçılarda xeyirxahlıq, doğruluq, təbiətə sevgi və qayğı hislərini təlqin etməkdən, onları pis əməllərdən çəkindirməkdən ibarətdir.

Maraqla baxılan tamaşanın səhnə tərtibatı rəssam Tərlan Sadıqovun, musiqi tərtibatı Fərahim Fərəcovundur.

Rolları əməkdar artist Zemfira Nəcəfova, artistlərdən Şahrud Mehdiyeva, Qızılgül Quliyeva, Emin Fərzullayev, Rauf Zeynalov, Şəbnəm Hüseynova, Günel  Abbaszadə, Aysel Cahangirova və  Ülkər Quliyeva ifa edirlər.

Teatrın baş inzibatçısı Namiq Ağayev bildirib ki, yeni tamaşa məktəblilərin qış tətili günlərində oynanılacaq.

  "Yaşıl çay"