Musiqili Teatrda Rusiyanın teatr rəhbərləri ilə görüş keçirilib

Azərbaycan Dövlət Musiqili Teatrında “Teatr və multikulturalizm” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində ölkəmizə gələn Rusiya Federasiyasının aparıcı teatr kollektivlərinin rəhbərləri ilə görüş keçirilib. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, görüşdə Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının İcraçı direktoru Natalya Zıkova, Sverdlovsk Akademik Musiqili Komediya Teatrının baş direktoru Mixail Safronov, İrkutsk Musiqili Teatrının direktoru Tatyana Mezençeva, həmin teatrın baş rejissoru Anna Feketa, “Sankt-Peterburq Opera” Kamera Musiqili Teatrının direktoru Yevgeni Malıgin, Severski Musiqili Teatrının direktoru Svetlana Bunakova, Moskva Dövlət Musiqili Teatrının Bədii rəhbəri Gennadi Çixaçov, baş dirijoru Vladimir Yankovskiy, Orenburq Dövlət Musiqili Teatrının direktoru Svetlana Barisova və Rusiya Federasiyasının nüfuzlu teatr tənqidçisi Larisa Barikina iştirak ediblər. Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Ə. Lalayev Rusiyadan gələn qonaqlara ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan teatr sənətinin, musiqisinin, incəsənətinin, ümumilikdə, Azərbaycan mədəniyyətinin inkişafı, beynəlxalq aləmdə tanıdılması üçün çox vacib və mühüm işlər gördüyünü xüsusi olaraq vurğulayıb. O, ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda fəaliyyət göstərən bir sıra teatr-konsert müəssisələri ilə yanaşı, Dövlət Musiqili Teatrının da binasının yenidən qurulması, təmir edilməsi və bu möhtəşəm təmir işlərindən sonra yaradılan şəraitlə bağlı məlumat verib. “Bütün bu görülən işlər teatr sənətinin inkişafına dair Dövlət Proqramının tərkib hissəsidir və Azərbaycan dövlətinin, dövlət başçısının teatra, mədəniyyət sahəsinə diqqət və qayğısının bariz nümunəsidir”, - deyə Ə. Lalayev bildirib. 

Səmimi və işgüzar şəraitdə keçən görüşdə ikitərəfli  mədəni əlaqələr müzakirə edilib, bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib. Belə səmərəli təkliflərdən biri də yaradıcılıq mübadiləsi ilə bağlı olub. İki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor və aktyorların müvafiq olaraq Azərbaycana və Rusiyaya dəvət edilərək səhnə əsərlərinə quruluş verməsi və iştirakı, habelə qarşılıqlı səfər və qastrolların təşkili ilə bağlı məsələlərə toxunulub.

  “Yaşıl çay”