"Şeyxülislamlığın tarixi" kitabının təqdimatı keçirilib (FOTO)

Bu gün Bakıda Anar İsgəndərov və Adil Mövlayinin müəllifi olduğu “Şeyxülislamlığın tarixi” kitabının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə kitabın önəmindən danışıb. O qeyd edib ki, bu kitabın nəşr edilməsi Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasının bir nümunəsidir. A.Paşazadə deyib ki, Azərbaycanda şeyxülislamların da həyatına böyük önəm verilir.

A.Paşazadə bu cür kitabların bundan sonra da nəşr edilməsinin vacibliyini vurğulayıb:

“Bu kitabda şeyxülislamlara tarixi baxımdan yanaşılıb. Şeyxülislamların həyatı, fəaliyyəti barəsində də xalqa məlumat verməliyik. Çünki şeyxülislamlar azərbaycançılığın, milli şurun formalaşmasında, dövlətçiliyin yaranmasıda və qorunub-saxlanmasında çox böyük işlər görüblər”.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib ki, din xalqların dünyagörüşünün və mənəviyyatının formalaşmasında mühüm rol oynayır. O qeyd edib ki, Azərbaycanda şeyxülislamlıq institutu tarixin sınağından çıxıb:

“Şeyxülislamlar cəmiyyətin ağsaqqalları kimi mühüm rol oynayıblar. Bu baxımdan da belə kitabların nəşr edilməsi ilə şeyxülislamlar haqqında cəmiyyətin məlumatlandırılması çox əhəmiyyətlidir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, bu kitab din tariximizin öyrənilməsi baxımından əhəmiyyət kəsb edən çox dəyərli bir mənbədir:

“Sevindirici haldır ki, bu gün belə bir kitab ərsəyə gətirilib. Bu kitabın ərsəyə gətirilməsinə təşəbbüs göstərdiyinə görə, Allahşükür Paşazadəyə təşəkkürümü bildirirəm. Bir tərəfdən biz həqiqi dini tariximizi öyrənə bilirik, digər tərəfdən isə islam dünyasına göstəririk ki, Qafqazın avanqard ölkəsi olan Azərbaycan islamın yayılmasında, qorunmasında özünəməxsus yer tutur”.

M.Qurbanlı qeyd edib ki, kitabın müəllifləri mənbələri araşdırıblar, tarixi faktları üzə çıxarıblar və çox maraqlı bir kitab ərsəyə gəlib: “Bu cür kitabların nəşr edilməsi davam etdirilməlidir”.

Tədbirdə çıxış edən digər iştirakçılar da kitabın əhəmiyyətindən danışıb və qeyd ediblər ki, belə kitablar təkcə təbliğat deyil, eyni zamanda, tarixdir və gələcəkdə də bu cür kitabların nəşr edilməsi davam etdirilməlidir.

  "Yaşıl çay"