Vaşinqtonda Azərbaycanın zəngin mədəniyyəti təqdim edilib (FOTO)

Dekabrın 7-də Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi Vaşinqton şəhərinin ən böyük inzibati tikilisi olan Ronald Reqan Binasında ölkəmizin zəngin mədəniyyət nümunələrini Vaşinqtondakı diplomatik korpus nümayəndələri, media təmsilçiləri və geniş ictimaiyyətə təqdim edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, təqdimat Beynəlxalq Ticarət Mərkəzi və Ronald Reqan Binası tərəfindən təşkil edilən “İllik Qış Beynəlxalq Səfirlik Sərgisi” çərçivəsində həyata keçirilib. Tədbirin məqsədi Vaşinqtonda akkreditə olunmuş xarici ölkə səfirliklərinə öz milli mədəniyyəti, mətbəxi, görməli yerlərini təbliğ etmək üçün imkan yaratmaqdır.

Tədbir çərçivəsində Səfirlik tərəfindən ölkəmizin mədəniyyətini əks etdirən kiçik ölçülü xalça nümunələri, milli geyimlər, müxtəlif eksponat və suvenirlər nümayiş etdirilmiş, habelə qədim tarixi abidələri, müasir infrastrukturu və turizm potensialını özündə əks etdirən şəkillərdən istifadə olunub. Həmçinin, ziyarətçilər Azərbaycanın zəngin mətbəxindən müxtəlif yeməklər, şirniyyatlar və içkilər ilə qonaq edilmişdir. Səfirlik əməkdaşları ölkəmiz, onun iqtisadi, mədəni, turizm sahələri barədə ziyarətçilərə geniş məlumat vermiş və Azərbaycan haqqında müxtəlif kitab, jurnal və bukletlər paylayıb.

Qeyd edək ki, ölkəmiz bu sərgidə ən iri stendlərdən biri ilə təmsil olunmuş və Azərbaycan mədəniyyəti və mətbəxi olduqca böyük ziyarətçi marağına səbəb olub.

Hər ilin dekabr ayında keçirilən və geniş ictimaiyyətə açıq olan bu sərgi Vaşinqtonun mədəni həyatında ən böyük və maraqlı tədbirlərdən hesab edilir. Bu ilki tədbirdə 37 dövlət təmsil olunmuş və oranı orta hesabla üç min nəfərədək qonaq ziyarət edib.

  "Yaşıl çay"