Musiqili Teatrda “Qısqanc ürəklər” tamaşası 100-cü dəfə nümayiş olunacaq

Azərbaycan Dövlət Musiqili Teatrında Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar R. Mirişlinin “Qısqanc ürəklər” iki hissəli musiqili komediyası 100-cü dəfə nümayiş olunacaq. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, tamaşanın 100-cü nümayişi 10 dekabr tarixində saat 19.00-da baş tutacaq. “Qısqanc ürəklər” komediyası 10 ildir ki, Dövlət Musiqili Teatrının repertuarındadır. Tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin premyerası 22 dekabr 2006-cı ildə keçirilib.

Qeyd dək ki, tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam Eldar Qurban, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Nərminə Əbdürəhmanovadır. Tamaşada rolları Xalq artisti, “Şöhrət” ordenli  İlham Namiq Kamal, Əməkdar artistlər Nahidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, aktyorlar Ülviyyə Əliyeva, Pərviz Məmmədov, Hüseyn Əlili, Güldanə Əzimova, Ruslan Mürsəlov, Elnarə Nağdəliyeva və Fərid Rzayev ifa edirlər.

“Qısqanc ürəklər” iki hissəli musiqili komediyasının 100-cü – yubiley nümayişini izləmək istəyənlər qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

  “Yaşıl çay”