Bu gün Azərbaycan Televiziyasının yaranması günüdür

Bu gün Azərbaycan Televiziyasının (AzTV) 61 yaşı tamam olur. Ölkəmizin efir məkanında ilk milli televiziyamız 1956-cı ildə fəaliyyətə başlayıb.

 AzTV yarandığı vaxtdan ətrafına böyük tamaşaçı auditoriyası toplaya bilib, sanballı, cəlbedici verilişləri ilə insanların rəğbətini qazanıb. Televiziyanın tarixinə nəzər saldıqda onun bu illər ərzində keçdiyi böyük inkişaf yolu, qazandığı uğurlar kino lenti kimi göz önündə canlanır.

1957-ci ildən Azərbaycan televiziyası həftədə beş dəfə efirə çıxıb və yalnız 1962-ci ildə gündəlik yayıma başlayıb. İldən-ilə təkmilləşən milli televiziyamız 2005-ci ilin yanvarından 24 saatlıq fasiləsiz yayıma keçib və həmin ilin martından fəaliyyətini Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti kimi davam etdirir.

Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu, müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq göstərib. Sonrakı illərdə Azərbaycan teleradiosunda yetişən peşəkarlar özəl televiziya və radioların qurulması prosesində fəal iştirak ediblər.

Televiziya məkanında çalışan bütün həmkarlarımızı bu münasibətlə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

  "Yaşıl çay"