Araz Yağubov: “Cənab Prezidentin təsərrüfatımıza baş çəkməsi bizimçün ən ali mükafatdır”

  AR Prezidenti cənab İlham Əliyev sentyabrın 2-3-də Cənub bölgəsinə səfəri zamanı “Yaşıl çay” FT MMC- yə də baş çəkdi, burada çayçılığın inkişafı ilə bağlı görülən işlərlə tanış oldu. Təsərrüfatın rəhbəri Araz Yağubov cənab İlham Əliyevin səfəri ilə bağlı təəssüratlarını bizimlə bölüşdü:

-Sentyabrın 2-də cənab İlham Əliyevin rayonumuza səfəri çərçivəsində təsərrüfatımızda olması bizim üçün tarixi bir hadisə oldu. Bu hadisə kollektivimizi hədsiz dərəcədə sevindirdi. Cənab Prezident bizimlə,çaybecərənlərlə səmimi söhbət etdi. Çay sahəsi ilə, tut plantasiyası ilə yaxından tanış oldu.  Çay məhsulları ilə, “Yaşıl çay” jurnalı ilə yaxından maraqlandı. Gördüyümüz işlər cənab Prezidentin marağına səbəb oldu. Bu bir daha məni inandırdı ki, 2005-ci ildən xarici ölkədən Azərbaycana gələrək çayçılıq kimi çətin bir sahəyə yatırım qoymağımda  səhv etməmişəm. Əlbəttə ötən illərdə çətinliklərimiz də oldu. Lakin son anda cənab Prezident yanımızda oldu. Yaranan problemləri məhz möhtərəm prezidentimiz cənab İlham Əliyevə müraciət etməklə həllinə nail olduq. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda kənd təsərrüfatı inkişafında yeni mərhələyə adlayıb. Bu mərhələdə başlıca vəzifə kənd təsərrüfatının müasir səviyyədə inkişafına nail olmaq, yerlərdə müasir tələblərə cavab verən iri istehsal və emal sahələri yaratmaq, torpaqlardan səmərəli istifadə etmək, ixracyönümlü məhsulların istehsalına diqqəti artırmaqdır.

Təsərrüfatımızda olarkən Cənab Prezidentə məlumat verdim ki, dövlətimizin yaratdığı münbit şəraitdən bəhrələnərək 2006-cı ildə yaratdığım “Yaşıl çay” fermer təsərrüfatı da uğurlarını ilbəil artırır. “Yaşıl çay”MMC-də ölkənin ərzaq təminatında mühüm rol oynayan çayçılıq, heyvandarlıq, tərəvəzçilik, bostançılıq kimi sahələri inkişaf etdirilir. Əsas məqsədimiz isə çayçılığın inkişaf etdirilməsidir. Ötən il çay sahələrindən seçmə üsulla 90 ton yaşıl çay yarpağı topladıq. Bu il çay sahələrindən indiyə kimi18 tondan çox əla növ yaşıl çay yarpağı toplayıb mini çay emalı sexində qablaşdırmışıq.  Artıq 16 çeşiddə- “Buket çayı”, “Feyxoa çayı”, “Narın çay”, “ Premium” çayı, “Ekstra”, “Xan çayı”, “Pürrəngi”çayı, “Qara məxməri” çayı, “Tibet” çayı kimi ekoloji cəhətdən təmiz, qatqısız çaylarımız satışa çıxarılır. Bunlarla yanaşı, ötən il Cənab Prezident İlham Əliyevin baramaçılığın inkişafı ilə bağlı çağırışına cavab olaraq təsərrüfatımızda 1,2 hektar sahədə 12 min ədəd tut tingi əkmişik. Cənab Prezidentin  işimizdən razı qalması bizim üçün ən ali mükafata bərabər oldu.

Sentyabrın  3-də Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəran şəhərində çayçılıq, çəltikçilik və sitrus istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirildi. Mən də bir fermer kimi bu müşavirədə iştirak edirdim. Cənab İlham Əliyevin dərin məzmunlu nitqini böyük diqqətlə dinlədim. Cənab Prezident avqustun 4-də Qax şəhərində keçirilən müşavirədə olduğu kimi, bu müşavirədə də təkcə bu üç sahənin deyil, ümumuiyyətlə ölkəmizdə kənd təsərrüfatının daha da inkişafı ilə bağlı özünün dəyərli fikirlərini bizimlə bölüşdü və bizi işlədiyimiz bütün sahələrdə daha ürəkdən çalışmağa , məhsul bolluğu yaratmağa çağırdı.

Cənab Prezident bildirdi ki, aqrar sahədə ən uğurlu və sürətli inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində 1970-1980-ci illərin əvvəllərində bu sahələrdə böyük inkişaf təmin edilmişdir. O vaxt bu sahələrdə görülən işlər deməyə əsas verir ki, biz bu gün bu sahələri uğurla bərpa edə bilərik. Nəinki bu sahələr, kənd təsərrüfatının pambıqçılıq, üzümçülük və digər sahələri də Heydər Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etmişdir. Biz bu ənənəvi sahələri, o cümlədən çayçılığı, çəltikçiliyi, sitrusçuluğu da bərpa etməliyik. Ancaq müstəqillik dövründə birinci növbədə ərzaq təhlükəsizliyi məsələləri ön plana çıxdı. Ona görə, biz əsas diqqəti bu sahəyə yönəltdik. Bunun nəticəsində bu gün taxılçılıqda böyük inkişaf var. Ət istehsalı Azərbaycanın tələbatını demək olar ki, ödəyir. Biz özümüzü toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Azərbaycandan böyük həcmdə meyvə-tərəvəz ixrac edilir. Prezident qeyd etdi ki, pambıqçılıq demək olar ki, məhv olurdu. O cümlədən tütünçülüyə maraq göstərilmirdi, baramaçılıq isə ümumiyyətlə, yaddan çıxarılmışdı. Ona görə, bu sahələrə göstərilən diqqət nəticəsində cəmi iki il ərzində dönüş yarandı. Pambıq istehsalı artdı. Artıq çayçılıq, çəltikçilik və sitrusçuluq da da inkişaf özünü göstərir.

Bildirməliyəm ki, ötən il 12 min ədəd tut tingi rəhbəri olduğum “Yaşıl çay “ fermer təsərrüfatında əkilib. 1,2 hektarda salınan tut bağı yüksək aqrotexniki qulluq sayəsində sürətlə inkişaf edir. Bu müddətdə tut bağında 5 dəfə beçərmə, 7 dəfə suvarma, 2 dəfə gübrələmə tədbirləri aparılıb. Cənab İlham Əliyev tut əkinlərimizdən də razı qaldı. Prezidentə söylədim ki, bundan sonra daha 50 min tut tingi əkini keçirəcəyəm. Çünki dövlətimizin bu qayğısı bizi çayçılıq kimi baramaçılığı da inkişaf etdirməyə həvəsləndirir. Çalışacağıq ki, növbəti illərdə müasir kümxanamızı də tikib istifadəyə verək. Bu, bizə daha çox gəlir gətirməklə yanaşı, kənd yerində yeni iş yerləri, ölkəyə isə daha çox valyuta gətirməkdə töhfəmiz olacaqdır.

Bir daha qeyd etməliyəm ki, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin  təsərrüfatımıza gəlişi bizim üçün ən əli mükafat oldu, bir fermer üçün bundan yüksək mükafat təsəvvür etmərəm. Bu gəliş məndə, işçilərimizdə böyük ruh yüksəkliyi yaratdı.

Cənab Prezidentin təsərrüfatımıza gəlişi, müşavirə zamanı çayçılığın inkişafı ilə bağlı irəli sürdüyü samballı təkliflərə cavab olaraq bu il ən müasir yapon texnologiyası ilə  5 hektarda, gələn il isə daha 10 hektar sahədə yeni çay plantasiyası salmağa, həmçinin baramaçılıq, çəltikçilik və sitrusçuluq kimi rentabelli sahələri inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam. Avqustun 4-də Qax şəhərində keçirilən məlum müşavirədən sonra az müddət sonra çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə bağlı belə geniş  müşavirənin Lənkəranda keçirilməsi, inanıram ki, bölgəmizin ənənəvi sahələri olan çayçılıq, sitrusçuluq və çəltikçiliyin inkişafına güclü təkan verəcəkdir.

Söhbəti qələmə aldı: Sərraf Talıbov,

“Yaşıl çay” jurnalının redaktoru