Azərbaycan məhsullarına hansı xarici bazarlarda maraq daha çoxdur? - AZPROMO-dan cavab

“Made in Azerbaijan” brendinin dünyada təşviqi üçün kompleks yanaşma tətbiq olunur.

Bunu özəl olaraq Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, hökumət “Made in Azerbaijan” brendi altında ixrac edilən məhsulların siyahısına məhdudiyyət qoymur: “Biz bu brend altında hər bir məhsulun ixrac edilməsini dəstəkləyirik, bu prosesdə hər hansı bir məhdudiyyət yoxdur”.

R.Məmmədov bildirib ki, son dövrlərdə milli brendin təşviqi məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə, Çinə, Almaniyaya, Qətərə, Əfqanıstana, Pakistana və digər ölkələrə ixrac missiyaları həyata keçirilib:

“Bu ilin sonuna qədər biz Macarıstana, Rusiyaya, Birləşmiş Ərəb Əmirliklərinə, Çinə və Səudiyyə Ərəbistanına ixrac missiyaları həyata keçirməyi planlaşdırırıq. Seçilən bazarlar təsadüfi deyil. Hər bir seçimin arxasında diqqətli araşdırma durur. Onların bir neçəsi bizim məhsullar üçün ənənəvi bazarlardır və biz orada möhkəmlənmək istəyirik. Bir neçəsi isə tamamilə yeni bazarlardır və bizim üçün yaxşı potensial mövcuddur”.

AZPROMO rəhbəri bildirib ki, hər bir ixrac missiyası çərçivəsində Azərbaycan şirkətləri məhsul ixracı ilə bağlı bir sıra sənədlər imzalayırlar: “Məsələn, Azərbaycan çaxırının Çinə, kənd təsərrüfatı məhsullarının və spirtsiz içkilərin, o cümlədən mineral suların Birləşmiş Ərəb Əmirliklərinə ixracını göstərmək olar”.

R.Məmmədov vurğulayıb ki, ixrac missiyası həyata keçirilən bütün ölkələr Azərbaycan məhsullarına böyük maraq göstərirlər.

AZPROMO rəhbəri bildirib ki, tezliklə xarici media vasitələrində də Azərbaycan məhsullarının təşviqinə başlanılacaq: “Həmçinin, biz xarici ölkələrdə böyük ticarət şəbəkələrində milli məhsullarımızın stendini yaratmaq üçün danışıqlar aparırıq”.

  "Yaşıl çay"