Azərbaycanın qeyri-neft ixracı ötən il 1,5 mlrd. dolları ötüb

Azərbaycandan 2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1,538 mln. ABŞ dolları təşkil edib. 

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın 2018-ci ilin yanvar buraxılışında qeyd edilib.

Məlumata görə, 2016-cı illə müqayisədə 2017-ci ildə qeyri-neft sektoru üzrə ixrac 2% artıb. Qeyd edilən müddətdə ixrac əməliyyatlarında 1 923 subyekt iştirak edib. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, ən çox, yəni 553 mln. dollarlıq qeyri-neft məhsulları Rusiyaya ixrac olunub.

Hesabat ilində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) 151,6 mln. dollarla birinci olub. Bu siyahıda ikinci yeri 125,4 mln. dollarla qızıl, üçüncü yeri isə 114,5 mln. dollarla qabığı təmizlənmiş meşə fındığı tutub.

Ümumiyyətlə, ötən il ərzində meyvə-tərəvəz ixracı 503 mln. dollar, alüminium və ondan hazırlanan məmulatlar - 118 mln. dollar, plastmas və ondan hazırlanan məmulatlar - 101 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatlar - 83 mln. dollar, kimya sənayesi məhsulları - 80 mln. dollar, pambıq - 52 mln. dollar, elektrik enerjisi - 51 mln. dollar, şəkər - 39 mln. dollar, çayın ixracı 10 mln. dollar təşkil edib.

Qeyd edək ki, 2016-cı illə müqayisədə 2017-ci ildə pambığın ixracı 2,1 dəfə, elektrik enerjisi - 80%, tütün və tütünün sənaye əvəzediciləri - 72%, çay - 66%, kimya sənayesi məhsulları - 42%, meyvə-tərəvəz - 35%, alüminium və ondan hazırlanan məmulatlar - 20%, spirtli və spirtsiz içkilər - 17%, plastmas və ondan hazırlanan məmulatların ixracı 2% artıb.

Ötən ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə 457 subyekt tərəfindən 151,7 mln. dollarlıq ixrac əməliyyatları həyata keçirilib.

Dekabrda ixrac olunan əsas mallar xurma, tomat (pomidor), qabığı təmizlənmiş meşə fındığı, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda), alma, metanol (metil spirti) və s. olub. Dekabr ayında xurmanın ixracının dəyəri 20,9 mln. dollar, pomidorun - 11,4 mln. dollar, qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 9,9 mln. dollar təşkil edib. Ümumiyyətlə, 2017-ci ildə pomidor ixracı illik müqayisədə 61%, xurma - 32%, fındıq ləpəsi - 9%, almanın ixracı 30% artıb. Bununla yanaşı, hesabat ilində Azərbaycandan ixrac olunun malların çeşidi 9% çoxalıb.

  "Yaşıl çay"