İlham Əliyev: "Bizə valyuta gətirən ixrac məhsulları lazımdır"

"Bizə valyuta gətirən ixrac məhsulları lazımdır"

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib:

-Rayonlarımızın potensialı böyükdür, o cümlədən Salyan rayonunun. Sadəcə olaraq, gərək, işlər düzgün qurulsun. Belə olan halda rayonlarımız öz daxili imkanları hesabına yaşaya bilər. Bizim bu gün əksər rayonlarımız subsidiya, dövlət büdcəsindən dotasiya ilə yaşayır. Buna nə qədər ehtiyac varsa, belə də olacaq. Ancaq çalışmalıyıq ki, hər bir rayonun öz imkanları, potensialı maksimum dərəcədə realizə edilsin.

Salyan rayonunun sosial-iqtisadi inkişafı üçün çox gözəl imkanlar var. Hesab edirəm ki, indi Salyan rayonunun inkişafı üçün yeni dövr, yeni mərhələ başlayır. Bu yaxınlarda yeni icra başçısı təyin edilibdir. Mən, adətən, dövlət məmurlarını tərifləmirəm, amma deyə bilərəm ki, əvvəlki işdə - Yardımlı rayonunda yaxşı işləyib. Orada da əhali razılıq edirdi və işlər yaxşı gedirdi. Nəzərə alsaq ki, Salyan rayonunda daha da böyük inkişafa ehtiyac var idi, mən onu buraya təyin etdim. Təyin edərkən bütün göstərişləri verdim, dedim ki, xalqla bir yerdə olmalısan, xalqa qayğı göstərməlisən. Rayonun bütün məsələləri həll olunmalıdır. Hansı məsələlər burada həll oluna bilərsə həll olunsun. Burada həll olunmayan məsələlər mərkəzi icra orqanları tərəfindən həll olunmalıdır. Yəni, Salyan rayonunun inkişafı üçün bütün lazımi tədbirlər görülür.

Əminəm ki, gələcəkdə burada sənayenin inkişafı sürətlə getməlidir. Mən göstəriş vermişəm hər bir rayonda sənaye zonaları yaradılsın ki, həm iş yerləri açılsın, həm də yerli istehsal artsın. Emal müəssisələri yaradılmalıdır, xüsusilə kənd təsərrüfatına daha da böyük diqqət göstərilməlidir və daha çox rayonun iqliminə, torpağına, şəraitinə uyğun bitkilər yetişdirilməlidir. İndi bütün təhlillər aparılır, təkliflər hazırlanır. Əminəm ki, yaxın gələcəkdə biz gözəl nəticələri görəcəyik.

Pambıqçılıq Salyanda bu il inkişaf edir. Misal üçün, keçən il 400 hektarda pambıq əkilmişdisə, bu il 2 min hektarda əkilibdir, yəni, beş dəfə çox. Proqram üzrə gələn il 7 min hektar sahədə pambıq əkiləcək. Ondan sonra daha da çox. Bu, əlbəttə ki, insanlara əlavə maddi imkan yaradacaq, həm məşğulluğu artıracaq, həm də ümumi işimizə bir töhfədir. İndi bizim neft gəlirlərimiz azalıb. Bu, reallıqdır. Neftin qiyməti 3-4 dəfə aşağı düşəndə, bizim valyuta gəlirlərimiz də 3-4 dəfə aşağı düşür.

Düzdür, bu gün Azərbaycan bu böhrana davam gətirə bilir. Deyə bilərəm ki, neft hasil edən ölkələrin vəziyyətinə baxsaq görərik ki, Azərbaycan ən yaxşı vəziyyətdədir. Ancaq bununla bərabər, bizə valyuta gətirən ixrac məhsulları lazımdır. Kənd təsərrüfatı məhsulları arasında bu bölgə üçün ən məqbul sahələrdən biri də pambıqçılıqdır.

1970-ci illərdə pambıqçılıqda işləyən insanlar yaxşı dolanıblar, yaxşı pul qazanıblar, evlər tikiblər. Pambıqçılıq indiki mərhələdə də insanlar üçün yeni imkanlar yaradacaq.

İnsanların məşğulluğu məsələləri daim diqqət mərkəzində olmalıdır. Biz son 13 il ərzində 1 milyon 300 min yeni iş yeri yaratmışıq. Ancaq bu, daimi proses olmalıdır. Çünki əhali artır, tələbat artır, istehlak artır. Ona görə yeni fabriklər, zavodlar, emal müəssisələri yaradılmalıdır. Hər bir rayon və rayon rəhbərliyi çalışmalıdır ki, öz rayonuna investisiyalar cəlb etsin. İnfrastruktur və sosial infrastruktur layihələrinə dövlət xətti ilə investisiyalar qoyulur və qoyulacaq. Eyni zamanda, kənd təsərrüfatının inkişafı üçün gübrəyə, yanacağa subsidiyalar verilir. Torpaq vergisi istisna olmaqla kəndlilər bütün vergilərdən azaddır. Onlara aqrolizinq yolu ilə texnika verilir. İndi ölkəmizə bir neçə 100 milyon dollar dəyərində yeni texnika gətirilir ki, kəndlilərə verilsin, onlar torpağı əkib-becərsinlər. Dövlət bu istiqamətdə də öz dəstəyini əsirgəmir.

Yerli icra orqanları isə çalışmalıdırlar ki, öz rayonlarına yerli və xarici özəl sərmayə gətirsinlər. Xaricə getmək, orada investorları inandırmaq lazımdır ki, sərmayə qoysunlar. Azərbaycanda kifayət qədər böyük firmalar, şirkətlər var. Onları maraqlandırmaq lazımdır. İndi yerli icra orqanlarının işi bundan ibarətdir. Çünki bir daha demək istəyirəm ki, əsas infrastruktur layihələrinin icrası dövlətin məsuliyyətidir. Bu layihəyə dövlət böyük vəsait ayırıb. Biz son illər ərzində su layihələrinə milyardlarla manat vəsait ayırırıq. Bu layihələr gəlir gətirmir, sırf sosial məna daşıyır. Bir çox ölkələr var ki, pul xərcləməmək üçün bu layihələri icra etmirlər. Buna vəsait xərcləmək istəmirlər, qənaət edirlər. Biz isə sosial layihələri icra edirik. Çünki bu, insanlara lazımdır. Biz bu işləri insanlar üçün yaradırıq, qururuq, ölkəmizi inkişaf etdiririk.

Ona görə, yerli icra orqanları da gərək çalışsınlar ki, onların rəhbərlik etdikləri rayonlarda işlər daha sürətlə getsin. Rayonlar arasında çox sağlam rəqabət olmalıdır. Rayon rəhbərliyinə qiymət bu nəticəyə görə veriləcək. Əlbəttə ki, rayonun fəalları, ziyalılar, bütün ictimaiyyət bu işlərdə həmişə olduğu kimi, fəal olmalı və ümumi işimizə töhfə verməlidirlər.

 "Yaşıl çay"