Professor İmamverdi Həmidov Lənkəran Dövlət Humanitar Kollecinin qonağı olub

 Bu gün Azərbaycan Respublikasi Prezidenti Yanında Bilik fondunun xətti ilə Lənkəran Dövlət Humanitar Kollecində tədbir keçirildi.  “Yaşıl çay”ın məlumatına görə, müəllim və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə kollecin direktoru dosent Ruslan Həmidov açaraq tədbir haqqında məlumat verdi. Daha sonra Kollecin akt zalında AMEA–nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidov “Heydər Əliyev İslam Həmrəyliyi ideyasının banisidir” adlı geniş məruzəsi dinlənildi. Məruzəçi Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra din sahəsində gərginliyin azaldılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət–din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirilməsindən və Azərbaycanın tutduğu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu millətin özünü dərindən dərk etməsini tələb etməsindən, milli özünüdərk isə millətin ictimai və dini fikrinə, adət-ənənələrinə müraciət edilməsini labüd etdiyini dinləyicilərin nəzərinə çatdırdı. Fikrini Ulu Öndərin dövlətin dini dəyərlərin qorunmasına xüsusi önəm verdiyi bəyanatıyla tamamladı: «Biz heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq. Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalq yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir».

Çıxışının sonunda İmamverdi müəllim yaradılan şəraitə görə Kollec rəhbərliyinə öz dərin təşəkkür və minnətdarlığını bildirdi.

 Cəmil Quliyev,

  LDHK–nın müəllimi, tarix üzrə fəlsəfə doktoru