Dövlət müstəqilliyi günü Lənkəran Humanitar Kollecində qeyd edildi

Oktyabrın 18-də Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında Azərbaycan  Respublikasının Dövlət müstəqilliyinin bərpasının 26–cı ildönümü münasibətilə təntənəli tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsilə başlandı. Tədbiri giriş nitqi ilə açan kollecin direktoru dosent Ruslan Həmidov Müstəqil dövlət quruculuğu sahəsində Azərbaycan  Respublikasının əldə etdiyi tarixi nailiyyətlərdən ətraflı danışaraq Azərbaycan  Respublikasının dövlət müstəqilliyinin bərpasının 26–cı ildönümünün kollecdə qeyd olunması ilə bağlı imzalanan əmr və təsdiq olunmuş tədbirlər planını bir daha diqqətə çatdırdı. 18 oktyabr 2017–ci il tarixində, yəni bu gün ilk dərslər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26–cı ildönümünə həsr edilir. Sonra kollecin müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyevin “Müstəqilliyimiz əbədidir və dönməzdir” adlı məruzə edərək bildirdi ki, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra əldə etdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Məruzəçi Heydər Əliyev ideyalarından, Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyindən eləcədə bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilməsi haqqında söz açdı.

Məruzədən sonra kollecin müəllimi Nahidə Cəfərova, II kurs tələbələri Ləman Seyfullazadə və Zeynəb Hüseynli çıxış etdilər.

 

                                                                                 Qətilə ŞÜKÜROVA,  LDHK–nın müəllimi