“Beynəlxalq tolerantlıq günü” münasibətilə Lənkəran Dövlət Humanitar Kollecində dəyirmi masa keçirildi

Lənkəran Dövlət Humanitar Kollecində “İslam Həmrəyliyi” ili çərçivəsində “Beynəlxalq tolerantlıq günü” münasibətilə dəyirmi masa keçirildi. Tədbirdə kollecin şöbə müdirləri, fənn birləşmə komissiyası (FBK) sədrləri, müəllim və tələbələr iştirak edirdi. Tədbiri giriş sözü ilə kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva açdı. O, qeyd etdi ki, 16 noyabr tolerantlıq günüdür. Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Məqsəd dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunun göstərir. Prezident dindarlarla görüşlərində islam dininə elmi yanaşmanı, islam elminin və fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirir. Prezident İlham Əliyev Bakıda keçirilən  “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” beynəlxalq konfransda da bir daha bəyan edib ki, dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibət, dinlərarası dialoq gücləndirilməlidir. Dövlətin gücünü  əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır. Sonra kollecin “Texnologiya və təsviri incəsənət” FBK-nın sədri Səbirə Sadıqova “İslam və incəsənət” mövzusunda çıxış etdi. O, öz çıxışında qeyd etdi ki, İslam sivilizasiyasında incəsənətin özəl, hətta ən mühüm yeri vardır. İslam insanlara həyata estetik baxışları təbliğ edir. Digər tərəfdən isə İslam heç zaman milli mədəniyyətlərin assimiliyasiyasi ilə razılaşmayıb əksinə hər xalqın adət-ənənələrinin qorunmasını, hörmət edilməsini labüt sayır. “Pedaqogika və psixologiya” FBK-nin sədri Nahidə Cəfərova “İslamda əxlaq-əxlaq yalnız ədəbdirmi?” mövzüsünda çıxış  etdi. “Tarix və ictimai elmlər” FBK-nın sədri Əbdül Hüseynov çıxış edərək bildirdi ki,  İslam ədalət və bərabərlik dinidir. “İslam ədəbiyyatımızda” mövzusunda Kollecin “Ana dili və ədəbiyyat” FBK-nın sədri Nuranə Əsgərova çıxış etdi. O, çıxışında göstərdi ki, ədəbiyyatının bütün dövrlərində yazılmış bütün ədəbi nümunələrdə islamın mənəvi, tərbiyələndirici prinsipləri yetərincə işıqlandırılmışdır. “İqtisadiyyat və idarəetmə” FBK-nın sədri Qətilə Şükürova “İslam və gənclik” mövzusunda bir sıra məsələlərə toxundu. Müasir dünyamızda bu gün mövcud olan təhrif olunmuş islama deyil, həqiqi islama söykənməyi, ayri-ayrı təriqətlərə uymamağı, multikultural dəyərləri öndə tutmağı gənclərimizə, tələbələrimizə tövsiyyə etdi. “İslam və musiqi” mövzusunda kollecin Musiqi nəzəriyyəsi müəllimi Ruhəngiz Məhərrəmova çıxış etdi. “Fiziki Tərbiyə” FBK-nın sədri Farid Salayev bildirdi ki, İslam həmrəyliyi ilə əlaqədar kollecimizdə bir sıra idman tədbirləri, yarışlar keçirilib. Müəllimlərdən Esmira Şükürova, t.ü.f.d. Cəmil Quliyev, Mübariz Sadıqov dəyirmi masada öz fikirlərini bildirdilər. Sonda video-slayd təqdim olundu.

 

                                                                                                                                Cəmil Quliyev, 

                                                                                                                                                   tarix üzrə fəlsəfə doktoru