Dövlət ali təhsil müəssisələri vergiyə cəlb oluna bilər

"Azərbaycan prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq 2010-2011-ci il tədris ilindən başlayaraq mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən bütün ali təhsil müəssisələri adambaşına maliyyələşmə prinsipini nəzərdə tutan dövlət sifarişinin yerinə yetirilməsində iştirak edirlər. Cari  və əvvəlki illərin nəticələrinə əsasən qeyd olunmalıdır ki, dövlət ali təhsil müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyəti üzrə dövlət büdcə gəlir və xərclərinin tərkibinə daxil edilməyən müvafiq göstəriciləri, o cümlədən gəlirləri və gəlirlərin əldə olunması ilə bağlı xərcləri, eləcə də digər öhdəlikləri qanunvericiliklə müəyyən edilmiş qaydada bəyan olunmayıb". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, dövlət ali təhsil müəssisələrinin də fəaliyyətinə büdcə müstəvisində deyil, təsərrüfat münasibətləri müstəvisində baxmaq  zərurəti artıq yaranıb: "Hesab edirik ki, dövlət ali təhsil müəssisələri də özəl ali təhsil müəssisələri kimi əldə etdikləri gəlirləri vergi öhdəliklərinin bəyan edilməsi baxımından açıqlanmalıdır. Dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitlərinin vergiyə cəlb olunması məsələsinə baxılmalıdır".
  
 Məsələ ilə bağlı fikrini bildirən millət vəkili Bəxtiyar Əliyev qeyd edib ki,  ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün bu gün ölkədəki elm müəssisələrinə əvvəlkindən daha çox vəsait ayrılmalıdır: "Çünki ölkəyə yeni texnologiyaların gətirilməsinə ehtiyac var. Elmi laboratoriyaların yaradılması zəruridir. Belə olan halda dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitləri vergiyə cəlb olunmamalıdır".
  "Yaşıl çay"