Masallıda müəllimlərin diaqnostik qiymətləndirilməsi dekabrın 20-dək aparılacaq

Masallı Olimpiya İdman Kompleksində dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilir.

AZƏRTAC xəbər verir ki, dekabrın 20-dək davam edəcək qiymətləndirmədə Masallı ilə yanaşı, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarının dövlət ümumtəhsil müəssisələrində çalışan 12 mindən çox müəllimin iştirakı nəzərdə tutulub.

Dekabrın 15-16-da Biləsuvar, Salyan və Neftçala rayonlarının 4.500-dək müəllimi diaqnostik qiymətləndirmədə iştirak edib.

Dekabrın 18, 19 və 20-də isə Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının müəllimləri bilik və bacarıqlarını sınayacaqlar.

Masallı Olimpiya İdman Kompleksinin idman zalında gün ərzində 2.500 nəfərin imtahan verməsi üçün lazımi şərait yaradılıb.

Təhsil Nazirliyinin insan resursları şöbəsi müdirinin müavini Eşqi Bağırov bildirib ki, diaqnostik qiymətləndirmə imtahanları elektron proqram təminatı vasitəsilə həyata keçirilir.

Müəllimlərə seçdikləri cavabları imtahan müddətində dəyişmək, imtahanın vaxtını monitorda izləmək, ekrandakı elektron kalkulyatordan istifadə etmək imkanları verilir.

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanları 90 dəqiqə ərzində aparılır.

Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumilikdə 20 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir.

Test tapşırıqlarının hər bölmə üzrə minimum 10 faizinə düzgün cavab verən müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.

Keçid balını toplamayan, eləcə də aşağı bal toplayan müəllimlər isə növbəti diaqnostik qiymətləndirmə imtahanlarında iştirak edə biləcəklər.

  "Yaşıl çay"