Dərdlərin dərmanı-BİBƏR

Bolqar bibəri ən qədim tərəvəzlərdən biridir. Onun yaşı 9 mindən artıqdır. Avropaya bibər XV əsrin sonlarında Mərkəzi Amerikadan gəlib, İspaniya və Portuqaliya vasitəsilə Türkiyəyə "keçib", sonradan isə müasir Bolqarıstan ərazisində "məskunlaşıb". Bizdə onun bolqar bibəri adlandırılması heç də təsadüfi deyil. Halbuki, Bolqarıstanın özündə bu tərəvəz, sadəcə, "şirin" adlandırılır. O, bu adı tərəvəzin irimeyvəli növlərinin yetişdirilməsində böyük zəhmətləri olan bolqar mütəxəssislərin sayəsində alıb. Bibər, yəqin ki, əsrlər boyu dünyanın ən isti və münbit torpaqlarında günəşin bütün enerjisini canına çəkərək böyüdüyü, becərildiyi üçün məşhurdur. Bolqar bibərinin tarixi uzundur. Əvvəllər ondan qanazlığından tutmuş, baş gicəllənməsinə və asmayadək, bir çox xəstəliklərin müalicəsi məqsədilə dərman kimi istifadə ediblər. Onun dadı insanların diqqətini bir qida olaraq, xeyli sonralar cəlb edib.

Bolqar bibəri bir çox xörəklərin hazırlanması üçün əvəzolunmaz tərəvəzdir. Onun faydası, ilk növbədə, tərkibində çox miqdarda C vitamininin olmasındadır. Bibərdə C vitamini, hətta limonda olduğundan da artıqdır. Bu göstəricisinə görə bibər yalnız itburnudan və qara qarağatdan geri qalır.

Bibər tərkibindəki askorbin turşusu və P vitamini sayəsində damarları möhkəmləndirir. A provitamini isə saçların uzanmasını sürətləndirir, görmə qabiliyyətinə, dəriyə müsbət təsir göstərir. Bibər depressiyadan və şəkərli diabetdən əziyyət çəkən insanlar üçün də faydalıdır. Onun tərkibindəki B1, B2, B6, PP vitaminləri depressiyanı yaradan amillərlə mübarizə aparır - yaddaşın zəifləməsi, yuxusuzluq, taqətdən düşmə.

Nadir vitaminlərdən olan P vitamini ürək və damarlarımızın ən yaxşı yardımçısıdır. Məsələ ondadır ki, o, damarların divarlarını daha elastik edir, C vitamini isə onları xolesterindən "təmizləyir". Bu birləşmə çox effektlidir. Mütəmadi şəkildə bibər yemək insult riskini 46% azaldır. Orqanizmin C vitamininə olan sutkalıq tələbatının ödənilməsi üçün cəmi 1 iri bibər yemək kifayətdir.

Bibərin tərkibində kalium və natrium mineral duzları, yod, fosfor, dəmir, sink, kalsium və maqnezium də var. Onlar hamısı birlikdə qanazlığı riskini azaldır, immuniteti isə əksinə, artırır. Bibər tərkibindəki alkaloid hesabına həzm sisteminin və mədəaltı vəzin fəaliyyətini də yaxşılaşdırır. Artıq çoxdandır ki, bolqar bibərindən radikulitin, nevralgiyanın, artritin müalicəsi üçün maz və plastırlar hazırlayırlar.

Bütün bunlarla yanaşı, bibərin zərərli tərəfləri də var. Hipertoniyadan, işemik xəstəliklərdən, ürək ritminin pozulmasından əziyyət çəkən xəstələrə bu tərəvəz məsləhət görülmür. Mədə yarası, qastrit kimi xəstəliklər, turşuluq dərəcəsinin çoxluğu olan şəxslərə də bibər yemək məsləhət deyil. Bibər böyrək və qaraciyər xəstəliklərini də şiddətləndirə bilər. Babasildən, epilepsiyadan, mərkəzi əsəb sisteminin həddindən artıq qıcıqlanmasından əziyyət çəkən şəxslər də bibərdən uzaq durmalıdırlar.

Bu, bibərin tərkibindəki efir yağları və sərt sellülozla bağlıdır - bu, bəzi hallarda faydalı (xüsusilə bağırsaqların təmizlənməsi üçün), bəzi hallarda isə zərərlidir. Ümumilikdə isə bolqar bibərinin faydasının zərərindən çox olduğunu söyləmək mümkündür. Sadəcə, onun qəbulu zamanı adıçəkilən xəstəlikləri unutmaq olmaz.

Azərbaycan iqlimi bibər və badımcanın yetişməsi üçün çox əlverişlidir. Hətta Abşeronda belə, çox yaxşı badımcan yetişir. "Abşeron badımcanları çox dadlı olur. Bu, xüsusilə Buzovnada yetişən böyük ölçülü, yumru badımcana aiddir", - deyə bağçılıq mütəxəssisi Lətifə Zeynalova bildirir: "Bu badımcan növü qızartma üçün əlverişlidir. Dolma və kabab üçün onlar işə yaramır". L.Zeynalovanın sözlərinə görə, badımcan və bibər dağlıq ərazilərə xas quru havanı sevir. Onlar düzənlikdə, rütubətli iqlimdə daha yaxşı yetişir. Amma bu tərəvəzlərin yetişməsi üçün zəngin orqanik zəmin lazımdır. Odur ki, badımcan və bibərin yetişdirilməsi üçün gübrə vacibdir.

 "Yaşıl çay"