DOĞMA YURDUM LƏNKƏRANIM

  Azərbaycanın ən qədim və gözəl şəhərlərindən olan Lənkəran 38 şimal, 40 şərq en dairəsinin kəsişdiyi, Xəzər dənizinin cənubi-qərb sahilində, Lənkəran çayın Xəzər dənizinə töküldüyü yerdə yerləşir. Lənkəran Talış dağlarından Xəzər dənizinə qədər geniş bir ərazini əhatə edir. Bu regionun əlverişli coğrafi mövqeyi qədim vaxtlardan insanları buraya cəlb edib. Bura həm də son dərəcə mənzərəli təbiətə, unikal bitki aləminə malik olan subtropik ərazi, nadir quş və heyvan növlərinin yaşadığı bir yer kimi məşhurdur. Lənkəran Tarix Diyarşünaslıq muzeyində saxlanılan Lənkəranın “Şöhrət kitabı”nda bura gələn qonaqların bu torpaq haqqında yazdığı xatirələr və xoş sözlər adamda qürur hissi doğurur. Rus xalqının böyük şairi N.Tixonov kitaba yazdığı qeydində Lənkəranı “Cənub mirvarisi” adlandırmışdır. Lənkəran haqqında neçə-neçə şeirlər yazılıb, mahnılar bəstələnib, rəsm əsərləri yaranıb o illərdə. Lənkəranın tarixi çox qədimdir. Onun bir kilometrliyində Digah kəndində aşkar olunan Divəlona qəbristanlığının e.ə. daha qədim əsrə aid edilməsi buna sübutdur. Bundan əlavə 1869-cu ildə Səid Əli ibn Kazım Bəy tərəfindən qələmə alınmış "Cavahirnameyi – Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir. Bəzi mənbələrə görə, Lənkəranın adı “Ləngərkünan” olmuşdur. Bu sözün mənası lövbərli dayanacaq, yəni liman deməkdir. Talış dilində isə “Lankon”, yəni “qamış evlər” adlanır. Bu gün də talışlar “Lankon” sözünü işlədirlər.

Lənkəran şəhərinin inşası tarixi hələlik dəqiq müəyyənləşdirilməmişdir. Lənkəran şəhərinin adına ilk dəfə səyyah Larens Çepmenin xatirələrində rast gəlinir. Onun xatirələrindən məlum olur ki, səyyah Lənkəranda 1568-1569-cu illərdə olmuşdur. Lakin bu illəri Lənkəran şəhərinin salınma tarixi kimi gəbul etmək düzgün deyil.

XIX əsrin başlanğıcında Lənkəran şəhəri üç hissədən ibarət idi və şəhərin mərkəzi sayılan Qala divarlarına söykənirdi. Qalada Rusiya işğalından sonra hərbi qarnizon yerləşdirildi, bir sıra binalar kazarmalara, lazaretə və qaubaxta çevrilmişdi. XIX əsrin 30-cu illərində şəhərdə 441 ev və 440-a qədər təsərrüfat tikilisi vardı. XIX əsrin 50-ci illərində isə şəhərdə yaşayış evlərinin sayı 833-ə çatmışdı.

XIX əsrin sonlarında Lənkəranda küçələr neft çıraqları ilə işıqlandırılırdı. İçməli su ilə şəhər quyular və Lənkərançay hesabına təchiz edilirdi. Şəhərə su kəməri yalnız 1913-cü ildə çəkilmişdi.

Bu dövrdə əhalinin sayı da artmaqda idi. Lənkəranda bütün dövrlərdə kişilər qadınlardan 7-10% çox olmuşdur. 1897-ci il məlumatına görə şəhər əhalisinin sayı 8733 nəfər idi. Burada yerli əhali ilə yanaşı ruslar, polyaklar, yəhudilər və başqa millətlərin nümayəndələri də yaşayırdılar.

1828-ci ildə Lənkəranda hərbi qarnizon rəisi başda olmaqla, iki zabit, çar hökümətinin rəğbətini qazanmış yerli bəylərdən iki nümayəndədən ibarət komendant üsul-idarəsi quruldu. 1840-cı il yanvarın 1-də xüsusi şəhər polis idarəsi yaradıldı. 1840-cı il aprelin 10-da komendant üsul idarəsi ləğv edildi. Lənkəran 1846-cı ildə bir qəza kimi əvvəlcə Şamaxı quberniyasına, 1859-da isə Bakı quberniyasına daxil edildi.

XIX əsrin son rübü XX əsrin əvvəllərində Lənkəranda şəhər bələdiyyə idarəsi (Duması) yaradıldı.

Bu dövrdə şəhər iqtisadiyyatının əsas sahələrindən biri sənətkarlıq idi. Təbii xammal olan meşə materiallarının bolluğu burada bəzi sənət və peşələrin xeyli əvvəllər meydana gəlib inkişaf etməsinə səbəb olmuşdu. XIX əsrin 80–ci illərindən etibarən şəhərin iqtisadiyyatında balıqçılıq və meşə materialları istehsalı daha çox sənaye xarakteri alırdı.

Kənd təsərrüfatı məşğuliyyətləri içərisində çəltikçilik üstünlük təşkil eidrdi. Bununla yanaşı taxılçılq da inkişaf etməkdə idi. XIX əsrdə Lənkəranda şəhərsalmanın planlaşdırılması işinə başlanılmışdı. 1833-cü ildə tərtib və təsdiq olunmuş Lənkəran qalası istehkamlarının baş planı bu işdə mühüm mərhələ idi. Şəhər mərkəzinda planlaşmanın təşkiledici elementi kimi məscid və 117 dükanlı iki bazar yerləşirdi.

Talış xanları sülaləsinin mənşəyi haqqında məlumat Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun müəllifi olduğu "Əxbarnamə" (1882) əsərində və Azərbaycan tarixçisi Seyid Əli Kazım bəy oğlunun "Cəvahirnameyi-Lənkəran" əsərində verilmişdir. Mirzə Əhməd Mirzə Xudaverdi oğlu "Əxbarnamə" əsərində qeyd edir ki, Lənkəran xanları sülaləsinin banisi Seyid Abbas bəyin nəsli Güney Azərbaycanın Xalxal mahalının Hir kəndindəndir və Seyid Abbas bəy ağır maliyyə vəziyyətindən dolayı XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Şirvan Bəylərbəyliyinin Talış mahalına – Xarxatan kəndinə köçmüşdür. Seyid Abbas bəyin səfəvi nəslindən gəldiyi bilinir. Yuxarıda qeyd edildiyi kimi Seyid Abbas bəy XVII əsrin sonu - XVIII əvvəllərində Güney Azərbaycandan Talış mahalına – Xarxatan kəndinə köçüb məskunlaşmışdır. Bu kənddə yaşayarkən yerli feodallarla yaxınlaşan Seyid Abbas bu kəndin sahibi Boradigahlı Əsəd bəy Hüseyn bəy oğlunun bacısı Ahu xanımla evləndi. Onunla izdivacdan Seyid Abbas bəyin Seyid Cəmaləddin bəy adlı oğlu dünyaya gəldi. Seyid Abbas bəy və Əsəd bəy 1736–cı ildə Muğan qurultayında iştirak etmiş, Nadir şah Əfşarın hakimiyyətini tanıyaraq oğulları Seyid Cəmaləddin bəyi və Əli bəyi Nadir şahın hərbi qulluğuna göndərmiş, orada isə onlara yüzbaşı rütbəsi verilmişdi. Nadir şahın məmurları Seyid Cəmaləddin bəyə dərisinin rəngindən dolayı Qara bəy (o 1747-ci ildən 1786-cı ilədək Lənkəran xanı oldu) deyirdilər. O, Nadir şahın Dağıstana hərbi səfərləri zamanı xüsusi olaraq fərqlənmişdi və buna görə hicri tarixlə 1154–cü ildə (miladi tarixlə 1741/1742-ci ildə) Nadir şah tərəfindən irsi "xan" titulu ilə mükafatlandırılmışdı.

Qara xan Lənkəranın iqtisadi və siyasi qüdrətini möhkəmlətmək məqsədilə bir sıra tədbirlər heyata keçirdi, daimi qoşun təşkil etdi. O zaman Talış xanlığının ərazisindəki torpaq sahələrinin əksəriyyəti xan nəslindən olmayan yerli feodalların əlində idi. Qara xan həmin feodalların iqtisadi və siyasi qüdrətini qırmaq üçün mərkəzi hakimiyyətlə hesablaşmayanların torpaqlarını müsadirə etdi. İran təhlükəsindən qorunmaq məqsədilə (1747-ci ildə) paytaxtı Astaradan Lənkərana köçürdü, geniş abadlıq işləri apardı. Bu tədbirlər şəhərin ticarət və mədəniyyət mərkəzinə çevrilməsinə şərait yaratdı. Səfəvilər uzun müddət bu bölgəni etibar etdikləri yerli əmirlərin idarəsinə həvalə edirdilər Təsadüfi deyildir ki, XVIII əsrin ortalarına kimi bu bölgənin idarəsi Səfəvi nəslindən olan hakimlərin nəzarətinə verilmişdi. Seyid Abbasın varisi Qara xan xanlığın paytaxtını Astaradan Lənkərana köçürmüş, sonuncunun şəhər kimi təşəkkül tapması və inkişafı üçün çox işlər görmüşdü. Beləliklə, XVIII əsrin ortalarında tədricən Böyük bazar, Kiçik bazar, Qala və b. məhəllələrdən ibarət Lənkəran şəhəri formalaşmışdır. Mir Mustafa xan və Mir Həsən xanın hakimiyyəti illərində də şəhər böyümüş və inkişaf etmişdir. Lənkaran şəhəri qala divarları ilə əhatə edilmiş, xan sarayı, məscid, qala, hamam, bazar və karvansaralar tikilmişdir.

XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Lənkəran xanlığı və Lənkəran şəhəri çox kəskin hərbi –siyasi proseslərin meydanına çevrilmiş, burada Rusiya və Qacar səltənətləri arasında qanlı müharibələr getmişdir.

Lənkəranlılar həmişə düşmənlərə qarşı qəhrəmancasına döyüşmüşdülər. 1812-ci illin dekabrında rus generalı Kotlyarevskinin çoxsaylı ordusu Lənkəran qalasını mühasirəyə alanda cəmisi 4 minlik qala qarnizonu qacarların yaxın qohumu Sadıq xanın komandanlığı altında son nəfərə qədər düşmənlə vuruşmuşdur. İşğalçılar nəinki bu qalada bir nəfər belə əsir götürməmiş, hətta qocalara, qadınlara və uşaqlara aman verməmişdilər. 1826-cı ildə Lənkəran xanlığı ləğv edildikdən sonra şəhər eyniadlı əyalətin, 1840-cı ildən isə qəzanın mərkəzinə çevrilmişdir. Bu qəza Xəzər vilayətinin (1841-1846), Şamaxı (1846-1859) və Bakı (1859-1917) quberniyalarının tərkibində olmuşdur. XIX əsr ərzində Lənkəran şəhəri sürətlə böyüyərək Şimali Azərbaycanın mühüm inzibati-iqtisadi mərkəzlərindən birinə çevrilmişdir.

Tarixən Azərbaycanın ən iri çəltiklik mərkəzlərindən biri olan Lənkəran XIX-XX əsrlərdə ölkəmizin ən iri subtropik və tərəvəzçilik, yeyinti sənayesi mərkəzlərindən birinə çevrilmişdir.

Lənkəran rayonunun inzibati mərkəzi Lənkəran şəhəridir. Lənkəran rayonu inzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Rayonun ərazisi 1539 km2-dir. Onun 66700 hektarını quru sahə təşkil edir. Rayonda 2 şəhər, 8 qəsəbə və 83 kənd vardır. Bakıdan rayon mərkəzinədək olan məsafə 268 km-dir.  İlkin hesablamalara görə 2017-ci il aprel ayının əvvəlinə Lənkəran rayonunun əhalisinin sayı 225549 nəfər olmuşdur. Əhalinin 39,0 faizi şəhər yerlərində, 61,0 faizi isə kənd yerlərində yaşayır. Rayon əhalisinin ümumi sayından 50,2 faizi kişi, 49,8 faizi qadınlardır.

Lənkəranda beynəlxalq standartlara cavab verən hava limanı, tibb ocaqları, idman qurğuları, habelə ali və orta ixtisas müəssisələri fəaliyyət göstərir.

Lənkəran rayonunun ərazisi Xəzər dənizinin şərq sahillərini və Talış dağlarına qədər olan hissədə bütün Lənkəran ovalığını əhatə edir. Xəzər dənizinin buradakı sahillərində çoxlu rahat qumlu çimərliklər salınmışdır. Rütubətli subtorpik iqlim, qışın sərt keçməməsi, quru və qızmar yay günləri, yağışlı payız fəsli bu regionun zəngin flora və faunasını şərtləndirmişdir. Lənkərançay, Verapvul, Qumbaşı, Boladı çayları yazda və payızda əsasən yağış suları hesabına daşır, yayda isə sakitləşir və nəzərə çarpacaq dərəcədə dayazlaşırlar. Buna görə də bu ərazidə kənd təsərrüfatı bitkilərinin suvarılması məqsədilə Xanbulançay su anbarı yaradılmışdır.
Ərazisinin sahəsi 21.435 hektar olan Hirkan qoruğu da bu rayonda yerləşir. 2004-cü ildə həmin qoruq Hirkan Milli Parkina çevrilmişdir. Milli park Astara və Lənkəran rayonlarının ərazisinin bir hissəsini tutur. Kiçik Qızılağac yasaqlığı (sahəsi 10,7 min hektar) 1978-ci ildə kiçik Qızılağac körfəzində qışlayan, köçəri su, bataqlıq və suətrafı sahədə yaşayan, o cümlədən nadir və məhv olmaq həddində olan quşların mühafizə edilməsi və onların baş sayının bərpa olunması məqsədilə yaradılmışdır. Bu yasaqlıq bilavasitə Qızılağac qoruğu ilə həmsərhəddir.
Lənkərandakı tarixi memarlıq abidələrindən indiyədək salamat qalanlar orijinal fasad naxışları ilə diqqəti cəlb edən Xan evi, Kiçik qala məscidi, Güldəstə minarəsi və qədim Hacı Mirzə hamamıdır. Şəhərdəki tarix muzeyinə baş çəkməklə bu diyarın tarixi ilə tanış olmaq mümkündür. Muzeyin özünün binası da memarlıq baxımından çox maraqlıdır. Şəhərdə dekorativ-tətbiqi sənət emalatxanaları çoxdur. Orada çılışanlar ağac, daş və metal üzərində oyma sənəti ilə məşğul olur. Lənkəranın ətrafındakı memarlıq və tarix abidələrindən bir qismi zəmanəmizə qədər salamat qalmışdır: Yuxarı Nüvədi kəndindəki Əbirlər qülləsi, Şıxakaran kəndindəki Şeyx Zahid türbəsi, Lənkərandan bir qədər qərb tərəfdə isə qədim Bəlləbur qalasının xarabaları qalmışdır. Bu qalanın tikintisində inşaat materiallarının çox maraqlı bir qarışığından – bişmiş qırmızı kərpicdən və çay daşından istifadə edilmişdir. Xalq arasında Boz qala deyilən bu qalada keramikadan hazırlanmış su kəməri boruları hələ də salamat qalmışdır.

 Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin dirçəlişi reallaşmışdır. Bunu Lənkəranın timsalında da aydın görmək olar. Ötən əsrin 70-80-ci illərində Lənkəranın iqtisadiyyatı çiçəkləmiş, rayon bölgənin iqtisadi və mədəni mərkəzinə çevrilmişdi. O zaman burada kənd təsərrüfatı sürətlə inkişaf etmişdir. Müstəqillik dövründə isə ümummilli liderin Lənkərana göstərdiyi yüksək diqqət və qayğı nəticəsində rayonun həyatında yeni tipli iqtisadiyyat möhkəm şəkildə bərqərar oldu.

Son 10 ildə rayonda "Nur-süd", "Gilan-Lənkəran", "Gilan Holdinq", "Pal food", "Lənkəran-konserv" kimi müəssisələr tikilib istifadəyə verilmişdir. Onların istehsal etdiyi məhsullar alıcıların rəğbətini qazanmışdır. Bununla yanaşı, sovet dövründən qalan bir çox zavod və fabriklər də öz fəaliyyətini bərpa etmişdir. Lənkəranda insanların təhsili və sağlamlığı ön plandadır . Bu sahələr dövlətin prioritet məqsədlərindən biridir. Ölkəmizin cənub bölgəsində ilk olaraq Lənkəranda Müalicə Diaqnostika Mərkəzi fəaliyyət göstərir. Lənkəran və ətraf rayonların əhalisinə xidmət edən bu səhiyyə ocağı müasir tibbi avadanlıqlarla təchiz edilmişdir. Mərkəz müraciət edənlərə dializ, stasionar əməliyyat, cərrahiyyə, reanimasiya, şüa-diaqnostika, poliklinika şöbələri ilə xidmət göstərir. 190 çarpayılıq Mərkəzi xəstəxana da əsaslı şəkildə yenidən qurulmuşdur. Təmirdən sonra funksionallığı daha da artan xəstəxananın müasir tibbi avadanlıqlarla təchiz edilmiş konsultativ poliklinika, ginekologiya, travmatologiya, reanimasiya, doğum, yoluxucu xəstəliklər və terapiya şöbələrində əhaliyə yüksək tibbi xidmət göstərilir. Bundan başqa Rayonda Uşaq Poliklinikası, təsərrüfat hesablı Stomatoloji Poliklinika, Təcili və Təxirəsalınmaz Tibbi Xidmət Stansiyası, Taun Əleyhinə Stansiya, hərbi xəstəxana, 6 şəhər xəstəxanası, 3 kənd sahə xəstəxanası, 7 qəsəbə və 24 kənd həkim məntəqəsi, 34 kənd tibb məntəqəsi və Dəmir yol stansiyası tibb məntəqəsi fəaliyyət göstərir. Lənkəranda son 10 ildə 8 min 20 nəfərlik 25, o cümlədən Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 3 min 24 şagirdlik 9 məktəb binası inşa edilmiş, 4 min 186 şagirdlik 4 məktəb binası əsaslı təmir olunmuşdur. Tikilən və təmir edilən təhsil ocaqlarına müasir avadanlıq verilmişdir. Bunun nəticəsidir ki, son illər rayonda təhsilin keyfiyyəti yaxşılaşmışdır. Rayonda  89 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onların 72-si tam orta, 14-ü ümumi orta, 3-ü isə ibtidai məktəblərdir. Lənkəran şəhərində Lənkəran Universiteti, Humanitar Kollec, Tibb Kolleci yerləşir.

İndi şəhər içməli su ilə tam şəkildə təmin edilib. Qazlaşdırma sürətlə gedir. Şəhər tam qazlaşdırılıb. Kənd əhalisinin təxminən 80 faizi artıq təbii qaz alır

 Lənkəranda qədim dövrdən çəltikçilik və taxılçılıqla məşğul olmuşlar. Sonralar kənd təsərrüfatının yeni sahələri yaranıb ki, bu da sovet dövrünə təsadüf edir. Xüsusən keçən əsrin 70-ci illərində Lənkəran faraş tərəvəz istehsalına görə rekord nəticə əldə edərək “ümumittifaq tərəvəz bostanı” kimi şöhrət qazanmışdı. Tərəvəzçiliklə paralel inkişaf edən çayçılıqda da yüksək göstəricilər əldə edilmişdi. 
O vaxt Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyev respublikada kənd təsərrüfatının, o cümlədən rentabelli və daha çox iqtisadi səmərə verən sahələr kimi tərəvəzçiliklə bərabər çayçılığın da inkişafına xüsusi önəm verirdi. Ulu öndər əkinçiliyin yüksək iqtisadi səmərəsinin məhz suvarmadan asılı olduğunu dönə-dönə qeyd edir və bu sahədə təxirəsalınmaz tədbirlərin görülməsini məqsədəmüvafiq sayırdı. Elə buna görə də respublikada irriqasiya qurğularının, su dəryaçalarının tikilməsinə başlandı. 1976-cı ildə Lənkəranda Xanbulançay dəryaçası istifadəyə verildi və bundan sonra istər faraş tərəvəz, istərsə də yaşıl çay istehsalında yüksək nəticələr əldə olundu. Dövlət qayğısı ilə əhatə olunmuş kənd təsərrüfatı, o cümlədən çayçılıq ötən əsrin 70-ci illərində öz qızıl dövrünü yaşayırdı. Rayonda çay sahələri ilbəil genişləndirilir, mövcud plantasiyalarda seyrəklik ləğv edilirdi. Bir çox sovxoz çayçılıq üzrə ixtisaslaşmışdı. Bacarıqlı çay mütəxəssisləri yetişmişdi. Qafqaz Çay Konfederasiyası Koordinatorlar Şurasının sədri professor Fərman Quliyev, alim-aqronomlar Səadət Tağıyev, Sabir Ramazanov, İlyas Əliyev, Şahrza Dövlətov və başqaları belə mütəxəssislərdən idilər. 
1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosunda Azərbaycanda çayçılığın sürətlə inkişaf etdirilməsi ilə əlaqədar çox mühüm bir qərarın qəbul edilməsinə nail oldu. Bu qərar respublikamızda çayçılığın inkişafına güclü təkan verdi. Lənkəranda çay sahələrinin genişləndirilməsi, seyrəkliyin aradan qaldırılması, aqrotexniki qaydalara düzgün əməl edilməsi, suvarılması, çaybecərənlərin maddi cəhətdən həvəsləndirilməsi hesabına məhsuldarlıq xeyli artdı. Qeyd etmək lazımdır ki, həmin dövrdə Lənkəranda hər il 17 min tondan çox yaşıl çay yarpağı istehsal edilirdi. Bu da respublikada çaya olan tələbatın yarıdan çoxunun təmin olunması demək idi. Maşın-sınaq stansiyasının briqadiri Səmayə Əliyeva Sosialist Əməyi Qəhrəmanı, “Havzava” sovxozunun direktoru Musarza Şabanov “Çay ustası” fəxri adına, Lenin və “Oktyabr inqilabı” ordenlərinə, “Partiyanın XXIV qurultayı” sovxozunun direktoru Şahrza Dövlətov Əməkdar aqronom fəxri adına layiq görüldülər.
Lakin ötən əsrin 90-cı illərində məlum səbəblər üzündən çayçılığa diqqət azalmağa başladı. Yeni dövrün, yeni ictimai quruluşun tələblərinə uyğun olaraq sovxozların fəaliyyətinə xitam verildi. Çay sahələri tənəzzülə uğradı. Çünki payçıların əksəriyyəti çayın aqrotexniki qaydada becərilməsini bilmədikləri üçün yaşıl çay kollarını məhv edərək plantasiyalarda tərəvəz və bostan əkinlərinə üstünlük verdilər. Nəticədə məhsuldar çay sahələri sıradan çıxdı.

Yalnız 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında, o cümlədən çayçılıq sahəsində də dirçəliş başladı. Lakin çayçılığın keçmiş şöhrətini qaytarmaq heç də asan olmadı. Qocaman çay mütəxəssisi İlyas Əliyev yaşadığı Vilvan kəndində “İlyas çay” fermer təsərrüfatını yaratmaqla Lənkəran çayçılığın bərpası və inkişafı yolunda ilk xeyirxah addımı atdı.

Lənkəranda ilk dəfə çayçılığın təməli indiki İstisu (keçmiş Kirov) qəsəbəsində qoyulub. 1932-ci ildə burada Azərbaycanda ilk çayçılıq təsərrüfatı yaradılıb. Sonralar təsərrüfatın şöhrəti yayılaraq rayonda təcrübə məktəbinə çevrilmişdi. Tanınmış çay mütəxəssislərinin hazırlanmasında, çayçılığın inkişafında mühüm rol oynayan keçmiş sovxoz indi olmasa da, indi burada “Yaşıl çay” fermer təsərrüfatı onun ənənələrini həm yaşadır, həm də inkişaf etdirir. Təsərrüfatın təsisçisi və rəhbəri gənc fermer Araz Yaqubovdur. 2006-cı ildən fəaliyyətə başlayan təsərrüfatın 150 hektar torpaq sahəsi var. Bunun 61 hektarında çay plantasiyası salınıb. Heyvandarlıq inkişaf etdirilir. Həmçinin 2016-cı ildə 1,2 hektarda 10 150 tut tingi olan bağ salınıb. Təsərrüfatın nəzdində mini çay emalı sexində növbənöv çaylar hazırlanıb qablaşdırılır. 

Çayçılığın inkişafında kənd təsərrüfatı elmləri doktoru, tanınmış çay ustası Fərman Quliyevin də böyük əməyi var. Onun rəhbərliyi ilə Azərbaycan çayının ənənələrinin bərpası istiqamətində əməli işlər görülür.Təsadüfi deyil ki, “Fərman çay” markası həm Azərbaycanda, həm də xarici ölkələrdə yüksək keyfiyyəti ilə məşhurdur.

Hazırda rayonda çayçılığa investisiya qoyuluşu artır. “Astara bağları” MMC-nin xətti ilə rayonda keçmiş çay plantasiyaları bərpa olunur, yeni plantasiyalar salınır. Çayçılığın iqtisadi səmərəsi təkcə keyfiyyətli və təhlükəsiz ərzaq istehsalı ilə tamamlanmır, həm də əməktutumlu sahə kimi çox mühüm əhəmiyyət kəsb edir. Çayçılıq bu sahədə çalışan kənd adamları üçün daimi iş yeridir. Bütün bunlar isə Azərbaycanda çayçılığın nəinki keçmiş şöhrətini özünə qaytarmağın, onu daha da inkişaf etdirməyin zəruriliyini ortaya qoyur. Təsadüfi deyil ki, indi çayçılığa ikinci həyat verilir. 

Lənkəranlılar tarixləri ilə fəxr edirlərLənkəran Tarix-diyarşünaslıq muzeyi tarixi abidə olan  “Xan evi” kimi tanınan Mirəhməd xanın evində yerləşir. Bu möhtəşəm abidə 1913-cü ildə, xan nəslindən olan Mirəhməd xanın dəvəti ilə Avropadan gətirilmiş memarlar tərəfindən inşa edilib.Tikinti materiallar gəmi ilə Bakıdan gətirilib. Bu üçmərtəbəli saray Lənkəranın ilk çoxmərtəbəli binası sayılır. Burada ilk dəfə, hələ inqilabdan əvvəl elektrik işıqlandırma sistemi qurulmuş, mərkəzi istilik sistemi olmuşdur. Lənkəran Tarix-diyarşünaslıq muzeyi bölgənin ən zəngin muzeyi hesab olunur. Hazırda muzeyin fondunda 6 mindən çox eksponat qorunur. Abidə də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən  2015-ci ildə əsaslı təmir-bərpa işləri aparılıb. 

İki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları general-mayoru Həzə aslanovun ev muzeyi 09 may 1969-cu ildə qəhrəmanın yaşadığı evdə təşkil olunmuşdur. Muzeyin ilk direktoru H.Aslanovun həyat yoldaşı Aslanova Xavər İsrafil qızı olmuşdur. 1983-cü ildə H.Aslanovun büstünün açılışı ilə əlaqədar ev muzeyinin ekspozissiyası 35 mv. m. dən 114,2 mv.m. qədər genişləndirilmişdir. Hazırda muzeydə 5 ekspozisiya zalı fəaliyyət göstərir. 
Muzeyin binası bir mərtəbəli açıq eyvanlı həyət evidir. Geniş yaşıllıqlı həyətyanı sahəsi vardır. eksponatların ümumi sayı 2101 ədəddir. Maraqlı eksponatlardan xatirə əşyalarından qeneralın hərbi geyimi, sırıqlı şalvarı, əl dəsmalı, yorğança, süfrə, məişət əşyaları, 2 boşqab, fincan, üzqırxan tualet dəsti, bıçaq, qaşıq, stolüstü saat, hərbi çanta, çaynik, qəndqabı, yağqabı, 1 ədəd məktub, 2 ədəd teleqram və s. göstərmək olar.

Lənkəran rayonu Bəlləbur kəndində yerləşən Sığın daş qutu nekropolu, son tunc ilk dəmir dövrunə aiddir. Burada iri meqalit daşlardan yığılmış sərdabə məzarlardır. Bura el arasında "Divlər qəbristanləğı "da deyilir. Jak de Morqan tərəfindən arxeoloji qazıntılar aparılarkən sərdabələr açılmış və deyilənlərə görə uzunluğu 2-metrdən artıq olan insan qalıqları ,onun yanında muxtəlif zinət əşyaları, silahlar, qədim alətlər aşkar olunmuşdur.İndi də marq doğuran cəhət odur ki, bu nəhəng, hərəsi təqribən 1-2 tona yaxın olan daşlar bura necə gətirilib və sərdabə şəklində məzarların ustunə duzulmuşdur.Etimal etmək olar ki, burada hələ ən qədim dövrlərdə insan məskəni olmuşdur.

“Dairəvi qala” indiki Lənkəran şəhərinin ən qədim tikililərindən biridir. “Dairəvi qala”nın Lənkəran qalası ilə eyni vaxtda 1747-1768-ci illərdə  tikildiyi ehtimal edilir. Qalanın peyki, oxşarı olan ikinci tikili mayakdır. Bu iki abidə Lənkəran qalasının dayaq bürcləri kimi Nadir şah tərəfindən inşa edilmişdir. Qala 1869-cu ilə kimi burada gedən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynamışdır. Sonralar hərbi qala ləğv edilərək həbsxana kimi istifadə edilməyə başlanmışdır. Qala ilə mayak arasında olan gizli yeraltı yol ilə dustaqlar bura gətirilirmişlər. “Dairəvi qala” da məşhur adamlardan İosif Stalin poçt qatarının qarətində tutulduqdan sonra bir müddət dustaq olmuşdur. “Dairəvi qala” 1970-ci ilə qədər həbsxana kimi istifadə edilmişdir. Hal-hazırda mühafizə olunan memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. 

Mayak Lənkəran qalasının dayaq məntəqələrindən biri olmuşdur. 1869-cu ildə yuxarı hissəsi əlavə olunaraq mayak kimi istifadə olunmağa başlanmışdır.  Mayak Lənkəranın şimali-şərq hissəsində yerləşir. Görünüş dairəsi 16 mildən artıqdır. Mayakın hündürlüyü fanarın güzgüsünə kimi 30,5 m., fanarla birlikdə 33,4 m-dır.

‘’Seyid Xəlifə’’ Türbəsi    Ərəb xilafəti dövründə Xəlifələrin təqibinə məruz qalmış bir sıra müqəddəslər və seyidlər müxtəlif yerlərdə sığınacaq tapıblar. Onlardan bir qismi də Azərbaycana pənah gətirmiş, o cumlədən Lənkəran ərazisində olan Cil kəndinə də gəlmişlər. El arasında Se Xəlifə yəni üç xəlifə və ya Seyid Xəlifə ziyarətgahı da bura pənah gətirən müqəddəslərin məzarlığıdır. Bu seyidlər 4-cü imam Zeynalabdin ə.s. torəmələrindəndir. Lakin burada olan qədim qəbristanlıqda daha qədim dövrə təsadüf olunan məzarlar mövcuddur. Türbə bu gün də dünyanın müxtəlif yerlərindən gələn insanlar tərəfindən müqəddəs yer kimi ziyarət olunur.

 Kiçik Bazar məscidi Yerli əhəmiyyətli memarlıq abidəsi olan Kiçik Bazar məscidi 1906-cı ildə inşa edilmişdir. Məscidin inşasına Tağı bəy, Ağa bəy, molla Nəsir və digər şəhər camaatı vəsait verib. Məscidin nəccarı usta Rəhim və onun atası olublar.

Lənkəran teatrının tarixi XIX əsrdən başlanır. Lənkəranda teatr şanlı və uzun tarixə malikdir. 1850-ci ildə rus dramaturqu A.S. Qriboyedovun “Ağıldan bəla” komediyasının burada tamaşaya qoyulması böyük hadisə olmuşdur. Bu, Azərbaycanda ilk klassik teatr tamaşası olmuşdur. 1934-cü ilin sonlarında Lənkəranda ilk peşəkar teatr fəaliyyətə başlamışdır. 1973-cü ildən yenidən fəaliyyət göstərən Lənkəran Dövlət Dram Teatrında Azərbaycan, dünya klassiklərinin və müasir müəlliflərin əsərləri tamaşaya qoyulur.

Lənkəran mətbəxinin tarixi də bölgənin tarixi qədər qədimdir. Şimaldan cənuba, şərqdən qərbə gedən ticarət yollarının kəsiştiyi nöqtədə yerləşən yurdumuzun bəhrələri elə bu yollarla da dünya bazarına ayaq açmışdır. Lənkəran mətbəxi öz zənginliyi və unikallığı ilə seçilir. Lənkərana məxsus olan Ləvəngi, Külçə, mərci plov, borani plov və turşu kabab bütün dünyada məşhurdur. Burada 30-dan çox plov növləri hazırlanır. Lənkəran mətbəxini söz ilə ifadə etmək üçün bir kitab belə yetməz, onu ancaq gəlib dadmaq lazımdır.

Lənkəran torpağı özünəməxsus folkloru və el sənətləri ilə də məhşurdur. Rayonda tarixən dulusçuluq, həsir toxuma, papaqçılıq və xalçaçılıq inkişaf etmişdir. Lənkəranın folklor ənənələri zəngindir. ”Nənələr” folklor mahnı və rəqs kollektivi respublika və rayon miqyaslı tədəbirlərdə mütəmadi iştirak edir. Dəfələrlə müxtəlif diplom və fəxri fərmanlarla təltif olunmuşdur.  

Yuxarıda qeyd etdiyim kimi zəngin təbiətə malikdir yurdumuzHirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılıb. Hirkan Milli Parkının ərazisinin çox hissəsi meşələrlə örtülüdür. Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilib. Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmişdir. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s. novlərə rast gəlmək olar.

Azərbaycanda köçəri quşların daha çox məskunlaşdığı ərazi, respublikanın cənub-şərq hissəsində yerləşən Qızılağac Dövlət Təbiət Qoruğudur. Qızılağac Dövlət Təbiət Qoruğu respublikamızda sahəsinin böyüklüyünə  görə birinci qoruqdur. Qoruqda 30 növdən artıq balıq qeydə alınıb. Siyənək, kütüm, çəki, sıf, çapaq, kefal və s. balıqlar mühüm sənaye əhəmiyyətlidir. Ərazidə məskunlaşmış quş növlərindən 20-yə qədərinin adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, sultan toyuğu, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, ağquyruq çökükburun və s.) Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmişdir. Qoruqda məməlilərin də bir çox növləri yaşayır. Burada canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq, Qafqaz gəlinciyi, uzunquyruq ağdiş, Zaqafqaziya kirpisi, Zaqafqaziya dovşanı və s. növlər yayılıb.

Mətbuat və kütləvi-informasiya vasitələri. Lənkəran Şəhər İcra hakimiyyətinin orqanı “Lənkəran” qəzeti 1991-ci ildən nəşr edilir. “Aşkarlıq” (1995), müstəqil qəzeti, “Şəfəq” (1992), “Söz” (1994), “Məşəl” (1999) ədəbi-bədii jurnalları, 2012- ci ildən “Yaşıl çay” elmi-praktik, publisistik jurnalı, 1994-cü ildən isə Lənkəran televiziyası fəaliyyət göstərir.

1992-ci ildən Lənkəran Dövlət universiteti, 2016-cı ildən Azərbaycan Milli EA Regional Elm Mərkəzi yaradılmışdır. Lənkəranda həmçinin Aqrar Elm Mərkəzi Lənkəran şöbəsi, Azərbaycan Elmi-Tədqiqat, Bağçılıq və Subtropik Bitkilər İnstitutu Lənkəran filialı, Zona Təcrübə Stansiyası, Lənkəran Humanitar Kolleji, Tibb məktəbi, Uşaq rəssamlıq məktəbi fəaliyyət göstərir.

Görkəmli şəxslərindən general Səməd bəy Mehmandarov, İki dəfə Sovet İttifaqı qəhrəmanı general Həzi Aslanov, akademik Mirməmməd Cavadzadə, Məmmədrza Rəsulov, generallar Vaqif Nağıyev, Zaur Rzayev, şeyx Allahşükür Paşazadə, adını çəkmədiyimiz tanınmış elm, mədəniyyət, ədəbiyyat və digər sahələrdə adını unudulmazlar cərgəsinə yazdıran neçə-neçə adamın göstərmək olar.

Bu yurdun ölməz şairi Şəkər Aslan Lənkəran haqda gözəl deyib:

Burdadır ən gözəli

Bağçanın da, bağın da.

Lənkəran bir gözəldir-

Bəzənir Xəzər adlı

Güzgünün qabağında.

 

Qızların yanağında

Qızılgülün rəngidir.

Lənkəran elə bil ki,

Xəzərin yaxasında

Qızılgül çələngidir.

Sonda əlavə edərdim ki, döğma Azərbaycanımızın dilbər güşəsi olan Lənkəran Xəzərin yaxasında rəngbərəng solmaz çiçəklərdən hörülmüş çələng kimi bu gün daha da gözəlləşir və inanıram ki, sabah daha da yaraşıqlı olacaqdır!

  Sərraf Talıbov,

 "Yaşıl çay" jurnalının redaktoru