BƏRZƏND YAŞAYIŞ YERİ

                                           

   Bərzənd indiki Cəlilabad rayonunun ərazisində qədim yaşayış məskənlərindən biri olmuşdur. “Azərbaycan X əsrin sonu – XI əsrin I yarısında” xəritəsində Bərzənd şəhərinin Bəcirəvan şəhərindən cənub-qərbdə, ora yaxın məsafədə yerləşdiyi göstərilir (Azərbaycan tarixi, 7-ci sinif üçün dərslik. B.,2014, səh.35).

   Bərzənd şəhəri haqqında Azərbaycan Sovet Ensiklopediyasından oxuyuruq: “Azərbaycanda qədim şəhə, Ərdəbildən təqribən 85 km şimalda idi. Ərəb mənbələrinə görə, Muğan vilayətində olmuşdur. Bərzənddə toxuculuq, sənətkarlıq və ticarət inkişaf etmişdi. Xilafət dövründə mahal mərkəzi olmuşdur. Bərzəndin mühüm hərbi-strateji əhəmiyyəti var idi. Babək hərəkatı dövründə ərəb qoşunlarının komandanı Afşinin qərargahı Bərzənddə yerləşirdi (835-ci ildə). Babək əsir alındıqdan sonra Bərzəndə gətirilmişdi. Bərzənd, ehtimal ki, monqol hücumları nəticəsində dağılmış, 14-cü əsrdə isə tamamilə tənəzzül etmişdir. Bərzənd hazırda İran Azərbaycanının Ərdəbil əyalətində kənddir” (II cild, B.,1978, səh.147).

   Bərzənd şəhəri haqqında Abbasqulu Ağa Bakıxanov məlumat verərkən yazmışdır: “Muğanda xaraba qalmış Bərzənd şəhərini Afşin abad etdi, indi yenə viranə bir haldadır” (“Gülüstani-İrəm”. B., 1991, səh. 59, rus dilində).

   Tarixi mənbələrdən qədim Bərzənd şəhərinin Muğanda, indiki Cəlilabad rayonu ərazisində yerləşdiyi məlum olur. Ərdəbil əyalətindəki Bərzənd kəndinə gəldikdə isə burada yaşayanların vaxtilə Bərzənd şəhərindən köçdüklərini və yeni məskunlaşdıqları kəndi doğma şəhərlərinin adı ilə Bərzənd  adlandırdıqlarını  qeyd etmək olar.  Azərbaycanın XV əsr siyasi xəritəsində Bərzəndin də adı qeyd edilmişdir.

                                                                                             İldırım ŞÜKÜRZADƏ,

                                                                                               tədqiqatçı-tarixçi