Elimiz, obamız. SEYİD ƏHMƏD PİRİ

   Pir Bakı-Astara şose yolunun üstündə, Astara rayonunun Maşxan kəndində, qəbristanlıqda yerləşir. Pir Sultan Əhməd adlı şəxsin adı ilə bağlıdır. Sultan Əhməd yeddinci imam Musa Kazımın nəsil şəcərəsindən hesab olunur. Burada Sultan Əhmədin epitafiyası mühafizə olunur. Ərəb-fars dillərində yazılmış kitabələr tarix elmləri doktoru, epiqrafçı Məşədixanım Nemət tərəfindən 1956-cı ildə oxunmuş və tərcümə edilmişdir.

   Ərəb dilində olan kitabədə qeyd edilmişdir: “Bu qəbir Sultan Əhməd ibn Kərimindir. Səkkiz yüz yetmiş altıncı il tarixdə (vəfat etmişdir)”.Fars dilində olan kitabə isə mənzumdur və tərcüməsi belədir:

                                           Bağda yeni hasilə gəlmiş o gül,

                                           Zülmlə qoparmış onu külək bil.

                                           Biçarənin ürəyində ümid çox,

                                           Ömür gödək, ümidi ürəkdən sil.

                                          Qılmadı rüzgar kimsəyə vəfa,

                                          Aqilə etməz xəta tiri-cəfa.

                                         Əyninə kimsənin dünya dərzisi

                                         Köynək tikmədi ki, etməsin qəba.

(Məşədixanım Nemət. Azərbaycanda pirlər. B.,1992, səh.40).

   Bu kitabələrdən Seyid Əhmədin tam adının Sultan Əhməd Kərim olduğu və onun cavan yaşında 876-cı ildə vəfat etməsi aydın hiss olunur. Hicri 876-cı il miladi təqvimi ilə 1471/1472-ci ilə müvafiq olduğundan Seyid Əhməd pirinin XV əsrə aid dini-tarixi abidə olduğunu qeyd etmək olar. Səidəli Kazımbəyoğlu isə ziyarətgahın tarixinin daha qədim olduğunu  qeyd edərək yazır: “Tarix kitablarında o Cənabın (Sultan Əhməd ibn Seyyid Kərim – S.K.) bu məkana haradan və nə zaman gəlməsi haqda mən çarəsiz bəndə bir tarix tapa bilməmişəm. Lakin vəfatı barəsində müxtəlif yazılardan, oranın xidmətçilərindən və məzar daşından bəlli olur ki, təqribən bu hadisə hicrətin 690-cı ilində baş vermişdir” (“Səidiyyə”. B.,2005, səh.83).

   Səidəli Kazımbəyoğlunun yazdığı kimi Sultan Əhmədin vəfat tarixini hicri 690-cı illə götürdükdə bu miladi təqvimi ilə 1290/1291-ci ilə müvafiq olur. Bu isə Sultan Əhməd pirinin XV əsr deyil, daha qədim XIII əsrin dini-tarixi abidəsi olduğunu söyləməyə əsas verir. Sultan Əhməd müqəddəs şəxs,kəramətli seyid olduğundan məzarı ziyarətgaha çevrilmişdir. Seyid Əhmədin məzarı üstündə türbə tikilmişdir. Türbə formaca düzbucaqlı olub, bir giriş qapısına malikdir. Qapıdan içəridə dəhliz (10 kv.m) yerləşir. Dəhlizdən içəri qəbrin yerləşdiyi (sahəsi 35 kv.m) daha bir otaq vardır.Türbənin döşəməsi torpaq, tavanı isə taxtadandır.

   Türbə ətrafında böyük qəbristanlıqda XV-XVI əsr Şirvan-Abşeron məktəbi ustalarının işlərinə aid olan sənduqə formalı qəbirüstü daşların qalıqları vardır (M.Nemət. Azərbaycanın epiqrafik abidələrinin korpusu (rus d.).B.,1991, səh.20).

   Seyid Əhməd piri respublikamızda tanınan ziyarətgahlardan biridi. O, daha çox yerləşdiyi kəndin adı ilə “Maşxan ocağı” kimi tanınır. Müxtəlif yerlərdən buraya ziyarətə gələnlər olur. Bu sətirlərin müəllifi özü ilk dəfə 1983-cü ildə bu müqəddəs məkanı ziyarət edərək şəfa tapmışdır.

  Seyid Əhməd türbəsi 4131 invertar sayı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınaraq dövlət tərəfindən qorunur. Türbə 2000-ci ildə təmir olunmuşdur.  Qeyd edək ki, kəndin ilk adı Karəzaran olmuş, sonralar məhz Seyid Əhmədin burada yaşamasına görə Maşxan adlandırılmışdır. Maşxan fars dilində “Maşeyxan” sözündən yaranaraq “Biz şeyxlərik” mənasını verir.

                                                                                             İldırım ŞÜKÜRZADƏ,  tədqiqatçı-tarixçi

ƏDƏBİYYAT:

1. S.Kazımbəyoğlu. “Səidiyyə”. B., 2005

2. M.Nemət. Azərbaycanın epiqrafik abidələrinin korpusu (rus dilində). B.,1991

3.  M.Nemət. Azərbaycanda pirlər. B.,1992

4.  Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası. B.,2001 

5.  G.Əsədli. Nura qərq olunmuş Astaram. B.,2004

6.  Ə.Şəfiyev. Azərbaycanın cənub bölgəsinin tarix və mədəniyyət abidələri.B.,2007

7.  İ.İlhami. Təngərud, Maşxan və Pensər kəndlərinin tarixi abidələri, müqəddəs ocaqlar, pirlər. “Yaşıl çay” jurnalı, aprel 2015