Səməd bəy Mehmandarov–160. ADR-nin ilk Hərbi naziri

Azərbaycan xalqı layiqli sərkərdələr yetişdirmişdir. Onlar öz istedadları ilə hərb elmi tarixinə elə silinməz səhifələr yazmışlar ki, bu günədək əhəmiyyətini itirməmişdir. Bu sərkərdələrdən biri 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ilk hərbi naziri olmuş Səməd bəy Mehmandarovdur. S.Mehmandarov 1857-ci il oktyabrın 16-da Lənkəran şəhərində anadan olub. İlk təhsilini Bakı gimnaziyasında alıb. Təhsilini başa vurduqda artıq o, Azərbaycan, rus, ingilis, fars dillərində sərbəst danışırdı. 16 yaşında o, artıq Sankt-Peterburq hərbi məktəbinin yunkeri idi. 1876-cı ildə hərbi məktəbi bitirib, artilleriya zabiti oldu. Bateraya komandiri, divizion komandiri, briqada komandiri kimi yüksək vəzifələrdə çalışmışdır. Rus-yapon müharibəsində Port-Artur qalasının müdafiəsində Şərq cəbhəsinin baş artilleriya komandanı kimi hərbi qəhrəmanlıqlar göstərmişdir. Hərb elminin öyrənilməsində, artilleriyanın, atəşin, texnikanın inkişafında general Mehmandarovun böyük xidməti olmuşdur. General Əliağa Şıxlınski hərb emində öz “üçbucağı” ilə şöhrət qazanmışdır. Mehmandarovun isə “Nareznoy artilleriya”nın, sürətli atəşdə artilleriya atəşinin avtomatlaşdırılmasında, səhra toplarının yüngülləşdirilməsində xüsusi xidmətləri olmuşdur. Səməd bəy hərbi xidmətinin Uzaq Şərqdəki dövrünü hərb elminin mənimsənilməsində, artilleriyanın inkişafına, fortofiksiyanın tədqiqinə, ordu növlərinin hücumda, müdafiədə birgə hərəkətinin elmi şəkildə öyrənilməsinə həsr etmişdir. Bu dövrdə o kapitan rütbəsindən general-leytenant rütbəsinədək yüksəlmişdir. Onu, Əliağa Şıxlınskini, Kondratenkonu, Belovu və bir sıra başqa generalları xalq içərisində “Port-Artur qəhrəmanları” kimi tanıyırdılar. General Mehmandarov Uzaq Şərqdə böyük komandirlik ustalığına, ordu növlərinin hərbi əməliyyatlarda idarəetmə bacarığına, şəxsi qəhrəmanlıq və igidliyinə görə müxtəlif orden və medallarla təltif edilmişdir. Rus-yapon müharibəsinin ilk günlərdəki döyüşlərdə fərqlənməsinə görə Mehmandarov “Qızıl qılınc”la təltif edilmişdir. Qılıncın dəstəyinə “İgidliyə görə” sözləri həkk edilmişdi. Rus-yapon müharibəsindən sonra 1917-ci ilədək general Mehmandarov ümumi qoşun birləşmələrində komandir olmuşdur. 1910-cu ildə o, Vladiqafqaz şəhərində yerləşən 21-ci piyada diviziyasına komandir təyin olunur. Diviziyanın milli tərkibi müxtəlif idi və tam silahlanmışdı. Şəxsi heyət və zabitlərin əksəriyyəti yerli xalqların nümayəndələri idilər. Alalylar da yerli torpaqların adlarını daşıyırdılar. Bunlardan Abşeron alayını, Dağıstan alayını, Şirvan alayını, Samur alayını və başqalarını göstərmək olardı. Səməd bəyin komandanlığı altında diviziyanın döyüş qabiliyyəti yüksək dərəcəyə qalxmışdı. Onun gözəl bir kəlamı var idi: “Əsgər komandirinə, zabit generalına oxşamalıdır”. Onun fikrincə, komandir döyüşkəndirsə, əskərləri də ona oxşayır, zabit zəifdirsə, əskəri də əfəldir. Diviziyada Mehmandarov öz şəxsiyyəti ilə böyük nüfuz sahibi olmuşdu. Onun tabeliyində olanlar özlərini həmişə iftixarla Mehmandarovçu adlandırırdılar. Birinci Dünya müharibəsi ərəfəsində general Mehmandarovun həyatında yeni bir hadisə baş verir. 1912-ci ildə çarın fərmanı ilə o, general-polkovnik rütbəsinə layiq görülür. Cahan müharibəsi başlayır. Bu vaxt general Ə.Şıxlınski Rusiya artilleriyasının baş müfəttişi idi. Hüseyn xan Naxçıvanski Şimal-Qərb cəbhəsi süvari qoşunlarının Baş komandanı təyin edildi. General Mehmandarov isə öz diviziyası ilə mərkəzi döyüş  meydanı sayılan Qərb cəbhəsinə göndərildi. Üç il ardı-arası kəsilməz döyüşlərdən çıxmayan Mehmandarov bu cəbhədə Varşava-İvankovski, Lodz və Visla hərbi əməliyyatlarında iştirak etmişdi. Əvvəlcə öz diviziyasının, sonra 2-ci Ordu korpusunun və habelə 3-cü Ordu korpusunun, nəhayət, birləşdirilmiş korpusların komandanı vəzifələrini böyük məharətlə yerinə yetirirdi. Cənub-Qərb və Qərb cəbhələrinin keçirdiyi hərbi əməliyyatının təşkilatçılarından biri idi. Göstərdiyi hünər, şücaət və ordunu yüksək idarəetmə bacarığına görə Stanislav, Vladimir, Georgi ordenləri və habelə İngiltərə, Fransa, Rumınya, İran ordenləri ilə təltif olunmuşdu. 1917-ci ilin may ayı çarın taxtdan düşməsi ilə ordu sıralarında başlayan çaxnaşma 60 yaşlı Mehmandarovu dilemma qarşısında qoyur. Rus ordusunun qanununa əsasən, ordu generalları 60 yaşından sonra orduda xidmət edə bilməzdilər. O, istefaya buraxılır. Daimi yaşamaq üçün ona Vladiqafqaz şəhəri müəyyən edilir. Lakin Şimali Qafqaz həyatı çox uzun sürmür. Tezliklə Oktyabr inqilabı baş verir, Dünya müharibəsi vətəndaş müharibəsi ilə əvəz olunur. Zaqafqaziyada müstəqil respublikalar yaradılır. 1918-ci ilin sentyabr ayında Mehmandarov evini dəyişmək məqsədi ilə Tiflisə gəlir. Burada o, cəbhə dostları ilə görüşür və onların məsləhəti və vasitəsilə Bakıya gəlir. Burada Gəncə şəhərindən yenicə Bakıya köçmüş hökumət başçıları tərəfindən səmimiyyətlə qarşılanır və Azərbaycan Respublikasının hərbi naziri təyin olunur. Yüksək təcrübəli hərbi komandan dövlət qarşısında birinci növbədə Milli Ordunun yaradılması məsələsini irəli sürür. Çünki, ordusuz milli dövlət qurmaq mükün deyildi. Ordunu yaratmaq üçün o zaman zabit heyəti, demək olar ki, yox dərəcəsində idi. Silah, hərbi ləvazimat, hərbi texnika, geyim formaları, hərbi məktəb çatışmırdı. Generalın yorulmaq bilmədən gecə-gündüz səyi nəticəsində hökumət orqanlarının köməyi ilə nəhayət, Milli Ordu yaradıldı. O zaman Milli Ordunun tərkibində iki piyada, bir süvari diviziyası, artilleriya alayı və müxtəlif növlü batalyon və rotalar, xüsusən pulemyot rotaları yaradılmışdı. Milli ordu hissələri ilk zamanlar Gəncə, Bakı, Naxçıvan, Lənkəran, Xankəndi-Ağdam qarnizonlarında yerləşdirilmişdi. Azərbaycan Demokratik Respublikası dövründən Milli Ordu erməni qəsbkarlarına qarşı həmişə mübarizə aparmışdır. Ermənilər yenə “Böyük Ermənistan” fikrinə düşüb, azərbaycanlıları nəinki İrəvandan, habelə Qarabağ, Cavanşir, Zəngəzur və Gəncə qəzalarından qovubçıxardır, ev-eşiklərini viran qoyurdular. Buna görə Milli Ordu onlara qarşı açıq müharibəyə çıxmağa məcbur olmuşdu. Bu zaman hərbi hissələri idarə etmək məqsədilə Baş qərərgahın xüsusi əməliyyatlar idarəsi yaradılır və general Həbib bəy ona rəis təyin olunur. Qarabağı parçalamaq məqsədi ilə Əsgəran qalasını işğal etmiş ermənilərə qarşı Azərbaycan əsgərləri qəhrəmancasına vuruşaraq düşməni pərən-pərən salıb geri oturtdular. Bu döyüşlərdə şəxsən rəhbərlik etmiş Mehmandarov qələbədən sonra döyüşçülər qarşısında çıxış edərək demişdi: “Qəhrəman əsgərlər, mən şəxsən Almaniya cəbhəsində bir çox müharibələrdə olmuşam, fəqət sizin qədər qəhrəman əsgərlərə nadir təsadüf etdim. Siz mənim ümidlərimi qüvvətləndirdiniz”. Görkəmli sərkərdə Azərbaycan döyüşçülərinin belə qəhrəmanlıq və igidliyinə arxayın olaraq yazırdı: “Erməni qəsbkarlarına qarşı Azərbaycan ordusu həmişə döyüşə hazırdır və mütləq qalib gələcəkdir”. 1920-ci ilin aprelində Azərbaycan Demokratik Respublikası süquta uğradı. Bu zaman çoxları Mehmandarova məsləhət bilirdilər ki, Azərbaycanı tərk etsin. Lakin hər dəfə o, təklifi rədd edir və deyirdi: “Mən azərbaycanlıyam. Xalqıma xidmət etmişəm və nə qədər sağam, edəcəyəm”. O, may ayının ilk günlərində Azərbaycan hərbi nazirliyinə gəlir və paqonlarını çıxarıb Ə.Qarayevə təhvil verir. 1920-ci ilin iyun aylarında Nəriman Nərimanov milli generalımızın təhlükəsizliyini təmin etmək və gələcəkdə onlardan mütəxəssis hərbçi kimi istifadə etmək məqsədilə Moskvaya ezamiyyətə göndərir. Generallar S.Mehmandarov və Ə.Şıxlınski bir müddət Moskvada Qızıl Ordunun nizamnamələrinin yaradılmasında iştirak edir və hərbi akademiyalarda müəllim işləyirlər. 1922-ci ildə Bakıya qayıtmış Mehmandarov 1932-ci ilədək, yəni vəfat edənədək Zaqafqaziya hərbi hazırlıq məktəbində və habelə Bakı hərbi məktəbində baş müəllim işləmişdir.Onun müəllimlik fəaliyyəti Zaqafqaziya hərbi komandanlığı tərəfindən yüksək qiymətləndirilmişdir. Müəllimlik illərində qocaman general respublikada hərbi elmin inkişafı üçün əlindən gələni əsirgəmirdi. O, Azərbaycan diviziyasında, hərbi qarnizonda, zabitlər evində tez-tez çıxış edirdi. Milli diviziya, alay və tabor komandirlərinə həm şifahi, həm də yazılı tövsiyələr verirdi. Mehmandarov hərbi məktəbini keçmiş milli zabit heyətinin çoxu İkinci dünya müharibəsində də iştirak etmişdir. Onlardan 11 nəfəri Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. Müdavimlərin 14 nəfəri diviziya komandiri, 34 nəfəri alay, briqada komandiri vəzifəsində çalışmış, 42 nəfər zabit batalyon komandiri kimi ordu hissələrini idarə etmişdir. İki dəfə Sovet İttifaqı qəhrəmanı general Həzi Aslanov hərbi məktəbdə Mehmandarovun ən sevimli kursantı olmuşdur. General Mehmandarovun anadan olmasının 160 illiyi qeyd olunur. Onun hərb elmi, vətənpərvərliyi bir daha diqqətlə öyrənilib təbliğ edilməlidir. Çünki bu sərkərdənin hərb tariximizdə xidmətləri unudulmazdır.

Cəmil Quliyev,

 Lənkəran Dövlət Humanitar Kollecnin

müəllimi, tarix üzrə fəlsəfə doktoru