Gəgiran yaşayış yeri

Lənkəran rayonunun qədim yaşayış məskənlərindən biri  Gəgiran kəndidir. Kənd rayonun şimal-qərbində, Lənkəran şəhərindən 36 km aralıda yerləşir.

 Gəgiran kəndinin ərazisində antik dövrə aid Coda (Codə), Şahalakan, III-VIII əsrlərə aid Buyək, XIII-XIV əsrlərə aid Gəgiran və XIV-XVII əsrlərə aid Olak yaşayış yerləri vardır (Əfqan Şəfiyev. Azərbaycanın cənub bölgəsinin tarix və mədəniyyət abidələri. B.,2007, səh.47).

Gəgiran yaşayış yeri geniş sahələ təpə formasındadır. Tarix elmləri namizədi Abuzər Ələkbərov tərəfindən abidənin ərazisində yoxlama qazıntısı aparılmışdır. Aparılmış yoxlama qazıntısı burada şirli və şirsiz saxsı qab qırıqları ilə zəngin olan mədəni təbəqə yatımının qalınlığının 2 metrdən artıq olduğunu göstərmişdir.

    Müəyyən edilmişdir ki, yaşayış məskəni XIII-XIV əsrlərdə salınmış və fasiləsiz olaraq, bu günədək həmin ərazidə yaşayış davam etməkdədir (Azərbaycan arxeologiyası. Orta əsrlər. VI cild, B.,2008, səh.248). Qeyd edim ki, Lənkəran rayonunun tarix və mədəniyyət abidələri siyahısında Gəgiran yaşayış yeri XIII-XVI əsrlərə aid yaşayış yeri kimi qeyd olunmuşdur. Yaşayış yerindən təqribən 300-350 metr cənubda qəbiristanlıq vardır.  Gəgiran kəndindən 2 km cənub-qərbdə Olak yaşayış yeri yerləşir. O, üç tərəfdən meşə ilə əhatə olunmuş, şərq tərəfdən isə dağ silsiləsinə qovuşur. İlkin tədqiqatlar əsasında abidə XIV-XVII əsrlərə aid edilir.

     Qədim Coda, Şahalakan, Buyək, Gəgiran və Olak yaşayış yerlərinin davamçısı olan indiki Gəgiran kəndinin ərazisi 750 hektar, əhalisi isə 2 min nəfərdir.

 

                                                                                              İldırım ŞÜKÜRZADƏ,

                                                                                               tədqiqatçı-tarixçi